Şəhid Aqil Məlikovun xatirəsi ADPU-nun Quba filialında anıldı

07.04.2023
Şəhid Aqil Məlikovun xatirəsi ADPU-nun Quba filialında anıldı

6 aprel 2023-cü il tarixində ADPU-nun Quba filialının təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Vətən müharibəsi şəhidi, Tabor komandirinin müavini, kapitan Məlikov Aqil Niyaz oğlunun xatirəsinə həsr edilmiş “Hər nə olsa şərəfimdir!” adlı tədbir keçirilib.

Tədbirdə Quba RİH Başçısının müavini Səidə Abasova, Quba rayon Prokuroru Namiq Muradov, DTX-nın Quba rayon Bölməsinin rəisi Elcan Süleymanov, YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov, ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyev, ehtiyatda olan polkovnik-leytenenat, istehkamçı Ayaz Qasımov, Şəhidin ailə üzvləri Niyaz Məlikov, Günel Məlikova, Sara Məlikova, Aybəniz Aydəmir, Vətənə əmanət övladları Xədicə və Süleyman, Quba rayon Mərkəzi Xəstəxanasının Terapeya şöbəsinin müdiri, əməkdar həkim Cabir Məmmədov, Şəhid ailələri, filialın professor və müəllim heyəti, əməkdaşlar iştirak edib.

ADPU-nun Quba filialının İbtidai sinif müəllimliyi ixtisasının tələbəsi Səma Asəfovanın moderatorluğu ilə başlayan tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilib, daha sonra Şəhid Aqil Məlikovun həyat və qəhrəmanlıq yoluna həsr edilmiş videoçarx nümayiş etdirilib.

44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində canlarından keçmiş 56 Şəhid tələbələrin təqdimatında vurğulanıb, onların şəkilləri nümayiş edilib.

Tədbirdə açılış nitqii ilə ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyev geniş məzmunlu çıxış edərək qeyd edib ki, şəhid ailələri Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Həmçinin Quba RİH başçısı cənab Ziyəddin Əliyevin də rəhbərliyi ilə rayonda da şəhid ailələrinə, qazilərə olan diqqət və qayğı da olduqca yüksəkdir.

Bu gün 44 günlük Vətən müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan kapitan Məlikov Aqil Niyaz oğlunun doğum günüdür. Qəhrəman Şəhidimiz 06.04.2002-ci ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur.

Qeyd edib ki, kapitan Aqil Məlikov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 29.09.2020-ci il tarixdə Alpan kəndinin “Su Baba” qəbiristanlığında dəfn olunmuşdur.

Daha sonra söz Quba RİH başçısının müavini Səidə xanım Abasovaya təqdim edilib.

Səidə xanım ilk olaraq tədbir iştirakçılarını Quba RİH başçısı cənab Ziyəddin Əliyevin adından salamladı. Rayonumuzda şəhid ailələrinə olan xüsusi diqqət və qayğıdan bəhs etdi.

Daha sonra ADPU Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Sədullayevə söz verildi.

Quba rayonunda ən çox şəhid verən Alpan kəndinin nümayəndəsi olan Rahib müəllim gözləri önündə böyüb boya-başa çatan Şəhid Aqil Məlikovun uşaqlığından gəncliyinə qədər olan dövrü tədbir iştirakçılarının gözləri önündə canlandırdı. Niyaz kişinin ailəsinin necə vətənpərvərlik ruhunda yetişməsindən bəhs etdi.

Tədbirin gedişatında söz “Vətən naminə” İB sədri, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovaya verildi.

Tünzalə xanım da öz duyğusal çıxışında Aqil Məlikovun həyat yoldaşına və övladlarına öz mənəvi dəstəyini aşılayaraq, şəhid qəhrəmanımız döyüş yolu haqqında yoldaşlarının xatirələrini dilə gətirdi. Daha sonra filialın direktoru f.e.d Yusif Alıyevə şəhidlərin xatirəsinin əbədiləşdirilməsində gördüyü işlərə görə “Vətən naminə” İctimai Birliyinin təsis etdiyi ilk simvolik hədiyyəni təqdim etdi.

Ehtiyatda olan polkovnik-leytenant, istehkamçı Ayaz Qasımov öz çıxışı ilə bütün tədbir iştirakçılarını 44 günlük müharibədə yaşanan çətin anlara qaytardı. O, Aqil Məlikovun keçdiyi şərəfli, qorxmaz, döyüş yolu haqqında danışaraq qeyd etdi ki, Vətən müharibəsinin ilk olaraq istehkamını qıran məhz şəhid kapitan Aqil Məlikovun taboru olmuşdur və əfsuslar olsun ki, zəfər yolunun ilk şəhadət dərəcəsinə ucalan qəhrəmanları da onlar oldular.

Döyüş yolu ilə yanaşı Ayaz Qasımov ailə yaxını, dostu olan Aqil Məlikov haqqında danışmağın nə qədər çətin olduğunu öz çıxışı ilə qeyd etdi.

Fəxarət hissi ilə söz şəhidimizin atası Niyaz Məlikova verildi. O da öz çıxışında ailəsində yetişən qəhrəmanın uşaqlıqdan şəhadət zirvəsinə ucalan günədək olan qısa və şərəfli ömür yolundan bəhs etdi.

Bütün tədbir təşkilatçılarına öz dərin təşəkkürünü bildirdi.

Tədbirdə çıxış edən Quba rayon Mərkəzi Xəstəxanasının Terapeya şöbəsinin müdiri, əməkdar həkim Cabir Məmmədov da ailə üzvü kimi Aqil Məlikovun sahib olduğu yüksək insani keyfiyyətlərdən, Vətən sevgisindən bəhs etdi, filial rəhbərliyinə və kollektivə həm tədbirin təşkilatçılığına görə, həm də gəncləri Aqil kimi vətənpərvərlik ruhunda tərbiyə etdiyi üçün təşəkkür etdi.

Sonra söz pedaqogika üzrə fəlsəfə doktoru, Filialın Sosial və Humanitar məsələlər üzrə direktor müavini Aysel Seydayevaya verildi.

A.Şeydayeva da öz çıxışında vətənpərvər Azərbaycan oğlu Aqil Məlikovun şücaətləri haqqında danışaraq, yetişən gəncliyimizi də məhz bu ruhda böyüməyə çağırdı. Çıxışının sonunda şəhidimizin yadigarları olan Şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova və qızı hər birimizin sevimlisi Xədicə Məliklini kürsüyə dəvət etdi.

Günel xanım fəxarət hissi ilə Şəhidimizin Anım gününə toplaşan bütün qonaqları salamladı, ailəsinin qısa, şərəfli və çətin keçən hərbiçi həyatından bəhs etdi.

Filialımızın direktoru hörmətli Yusif müəllimin xüsusi diqqətində olan Xədicə Məlikli də çıxış edərək atası ilə bağlı xatirələrini danışdı və Ulu Öndər Heydər Əliyevin fikirləri ilə çıxışını sonlandırdı.

Sonda xatirə şəkli çəkdirildi.

Ruhun şad olsun, kapitan Aqil Məlikov.

Əziz xatirən hər zaman qəlblərimizdə yaşayacaq.

Allah rəhmət eləsin!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?