Haqqımızda

Ana səhifə » Haqqımızda
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı

XX yüzilin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin uzaqgörən və düzgün siyasəti nəticəsində Azərbaycanda təhsil, elm və mədəniyyət sahəsində çox böyük islahatlar həyata keçirilmişdir. Azərbaycan xalqı müstəqilliyə doğru addım atdıqca təhsil quruculuğu sahəsində də böyük işlər görülürdü. Məhz bu səbəbdən ali təhsilin ərazi əlçatanlığının həllinə kömək etmək məqsədilə, həmçinin Respublikamızın şimal regionunda yaşayan etnik xalqların (ləzgi, xınalıq, yəhudi, qırız, əlik, haput, buduq, cek və s.) çoxluğunu, qonşu Dağıstan Respublikasında yaşayan azərbaycanlıların tarixi kültürünü inkişaf etdirmək sahəsində ali təhsilli təşkilatçı, mədəniyyət və incəsənət işçilərinə ehtiyac nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 1991-ci il tarixli 70 №-li qərarı ilə Quba şəhərində Azərbaycan Dövlət İncəsənət Universitetinin (ADİU) Quba filialı yaradılmışdır.

Azərbaycan Xalq Təhsil Nazirliyinin 27 iyun 1991-ci il tarixli 46-18-2928/16 nömrəli əmrinə əsasən yeni yaradılmış Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialına 1991/1992-ci tədris ili üçün 4 ixtisas: Pedaqoq-təşkilatçı, Dram və kino aktyorluğu, Xalçaçılıq və Bədii çini şüşə ixtisasları üzrə 99 yer qəbul planı verilmişdir. Lakin 99 yerə qarşı 288 nəfər müsabiqə şərtlərini ödəməsi nəzərə alınaraq Azərbaycan Xalq Təhsil Nazirliyinin əmrinə əsasən qəbul planına 25 yer əlavə edilərək 124 nəfər qəbul təsdiq edilmişdir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələrində ciddi kadr qıtlığı yaşanırdı. Bölgələrdə təhsilin əlçatanlığını təmin etmək üçün dövlət və hökumət rəhbərliyi səviyyəsində bir çox zəruri addımlar atılırdı. Ulu öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 №-li Fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) yaradılması və ADİU-nun Quba filialının bazasında AMİ-nin Quba filialının təsis edilməsindən sonra Şimal bölgəsində məktəbəqədər təhsil müəssisələri və orta məktəblərin ibtidai sinifləri üçün ehtiyac duyulan müəllim kadrların hazırlanması işi həyata keçirməyə başladı. Həmçinin pedaqoji kadrların təkmilləşdirilməsi və yenidənhazırlanmasını təmin etmək məqsədilə Pedaqoji fakültə ilə yanaşı mərkəz də fəaliyyət göstərmişdir. 2000/2001-ci tədris ilində ibtidai təhsilin pedaqogikası və metodikası, məktəbəqədər təhsilin pedaqogikası ixtisasları ilə 31 nəfərlə tədrisə başlayan filalda sonrakı illərdə yeni ixtisaslar açılmışdır. 2007-ci ildə “Azərbaycan dili və ədəbiyyatı”, “Tarix və coğrafiya” ixtisasları, 2011-ci ildə “Təhsildə sosial-psixoloji ixidmət”, 2013-cü ildə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasları hesabına ixtisas sayı 6-ya çatdırılmış, qəbul planı isə 130 yerədək yüksəlmişdir.

Quba filialına

1991-2012-ci illərdə filologiya elmləri doktoru, professor Məmməd İrac oğlu Əliyev;

2012-2019-cu illərdə iqtisad elmləri doktoru, professor Əli Qulu oğlu Allahverdiyev rəhbərlik etmişdir.

2019-cu ildən bu günədək isə fizika elmləri doktoru, dosent Yusif İmrayıl oğlu Alıyev rəhbərlik edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata keçirilən ciddi islahatlar digər filiallar kimi ADPU-nun Quba filialında da eyni prinsiplərlə həyata keçirilir. Ali təhsil müəssisəsi olaraq bölgənin perspektiv iqtisadi inkişaf istiqamətlərinə uyğun olaraq əmək bazarının tələbləri nəzərə alınaraq yeni ixtisasların yaradılması daim gündəmdə olan mövzudur. Həmçinin bölgədə yüksək təhsilin əlçatanlığını təmin etmək istiqamətində uğurlu nailiyyətlər əldə edilib. Beləliklə, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələblərinə uyğun olaraq hər 100 000 nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Quba rayonu üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmışdır. Əhali təbəqələri və regionlar arasında ali təhsilə çıxış imkanları genişləndirilmişdir. Bu istiqamətdə filialın direktoru f.e.d., dosent Yusif Alıyevin təşəbbüsü ilə irəli atılan addımlar içində region üçün əhəmiyyətli olan yeni ixtisasların açılmasını xüsusi qeyd etmək olar. Belə ki, 2020/2021-ci tədris ilində “Tarix müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Riyaziyyat müəllimliyi” ixtisaslarını, 2021/2022-ci tədris ilində isə Sosial iş ixtisasını, 2022/2023-cü tədris ilində isə “Xarici dil müəllimliyi” (İngilis dili üzrə) ixtisaslarının açılması ilə filialda ixtisas sayı 11-ə, qəbul planı isə 320 yerədək yüksəlmişdir.

Son 3 ildə ADPU-nun Quba filialında elmi kadrların yetişdirilməsi istiqamətində də ciddi irəliləyişlər olmuşdur. Belə ki, 2021-ci ildən sonra 2 nəfər elmlər doktorluğu, 4 nəfər fəlsəfə doktorluğu dissertasiya işi müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 1 nəfərə elmlər doktoru, 4 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi, 2 nəfərə isə dosent elmi adı verilmişdir.

Filialda sıralarında 20 nəfər doktorant və dissertantı birləşdirən Gənc Alimlər və Tədqiqatçılar Şurası fəaliyyət göstərir.

ADPU-nun Quba filialında 83 nəfər professor-müəllim heyətindən 5 nəfər elmlər doktoru, 2 professor, 27 nəfər fəlsəfə doktoru, 18 dosent fəaliyyət göstərir. Bundan başqa hazırda ADPU-nun Quba filialında 11 ixtisas üzrə 1051 tələbə təhsil alır ki, onlara da 18 nəfər baş müəllim, 33 nəfər müəllim, 42 nəfər tədris köməkçi, 20 nəfər xidmətedici heyət xidmət göstərir.

Tədrisin keyfiyyətinin artırılması məqsədilə 2021-ci ildə ADPU-nun Quba filialında Keyfiyyətin təminatı şöbəsi yaradılmışdır. Şöbə, həmçinin filialda professor-müəllim heyəti arasında sağlam rəqabətlilik mühitinin təmin edilməsi üçün reytinq qiymətləndirilməsi müsabiqəsini də həyata keçirilir.

2022-ci ildə ADPU-nun Quba filialında fəaliyyət göstərən Pedaqoji fakültə ləğv edilərək onun bazasında 2 fakültə və hər fakültənin tərkibində 2 kafedra yaradıldı.

* Humanitar və sosial elmlər fakültəsi

Dil və ədəbiyyat kafedrası;

Tarix, pedaqogika və sosial elmlər kafedrası.

* Riyaziyyat və təbiət elmləri fakültəsi

Riyaziyyat və informatika kafedrası;

Təbiət elmləri kafedrası.

ADPU-nun Quba filialına tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarla həyata keçirilir. Son illər Filialın ixtisaslarına müsabiqə xeyli yüksəlmiş, keçid ballarında dinamik artım özünü göstərmişdir. Belə ki, son 3 ilin statistikasında Quba filialına qəbul olan tələbələrin ixtisaslar üzrə keçid balları 550-600, minimum keçid balları isə 350-400 arasında olmuşdur.

Əliyeva Aliyə Hümmət qızı 2019/2020-ci tədris ilində 602 bal toplayaraq Azərbaycan dili və ədəbiyyatı ixtisasına daxil olmuşdur.

2021/2022-ci tədris ilinin qəbul nəticələrinə görə ADPU-nun Quba filialının Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə 30 plan yeri üzrə qəbul 100% icra olunmuş və 21 nəfər (70%) dövlət sifarişi ilə təhsil hüququ qazanmışdır.

ADPU-nun Quba filialının məzunları sırasından Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin magistratura pillələrinə qəbul olanların sayı 2020/2021-ci tədris ilində 11, 2021/2022-ci tədris ilində 16, 2022/2023-cü tərdis ilində isə 20 nəfər olmuşdur. Həmçinin filial məzunları içərisindən nüfuzlü beynəlxalq universitetlərin magistratura pilləsinə qəbul olan tələbələr də vardır.

ADPU-nun Quba filialının məzunlarının böyük əksəriyyəti müəllimlərin işə qəbul (MİQ) imtahanlarında iştirak edir və müxtəlif ixtisaslar üzrə müəllim adı qazanaraq pedaqoji fəaliyyətlə məşğul olurlar.

ERASMUS+ layihəsi daxilində mübadilə proqramı ilə ADPU-nun Quba filialının İbtidai təhsil ixtisasının birinci tədris ili tələbəsi Ramazanova Asiman Rövşən qızı Danimarkanın Kopenhagen Universitetində təhsil hüququ qazanıb.

2019/2020-ci tədris ilindən başlayaraq filialdakı bütün ixtisaslar üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ən yüksək olan tələbələrə Adlı təqaüdlər təyin edilmişdir.

Adlı təqaüdlər:

Heydər Əliyev adına Adlı təqaüd – məbləği 100 AZN

Fətəli xan adına Adlı təqaüd – məbləği 50 AZN

Abbasqulu ağa Bakıxanov adına Adlı təqaüd – məbləği 50 AZN

Səməd Vurğun adına Adlı təqaüd – məbləği 50 AZN

Badisəba xanım Köçərli adına Adlı təqaüd – məbləği 50 AZN

Kübra Fərəcova adına Adlı təqaüd – məbləği 50 AZN

Nadir İbrahimov adına Adlı təqaüd – məbləği 50 AZN.

Həmçinin filialda 4 nəfər “Gələcəyin müəllimi” təqaüdünü də qazanmışdır.

ADPU-nun Quba filialı ADPU-nun dəstəyi ilə beynəlxalq əlaqələrini də gündən günə genişləndirir. Türkiyənin Qars Qafqaz Universiteti, Özbəkistanın Termiz Dövlət Universiteti, Moldavanın Tiraspol Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində çoxsaylı konfranslar, seminarlar, birgə elmi-tədqiqat işləri üzərində çalışmalar qurulmuşdur. Filialın alim və mütəxəssisləri yerli və beynəlxalq qrant müsabiqələrində iştirak edirlər.

Son 4 ildə ADPU-nun Quba filialında Kitabxana və elektron resurslar şöbəsinin maddi-texniki imkanları daim təkmilləşdirilir. Kitabxanaya fiber-optik internet xətti çəkilib. Kitabxana müasir kompyuterlərlə təchiz edilərək oxucuların istifadəsinə verilmişdir. Mütamadi olaraq kitabxanaya yeni kitablar alınır. Artıq son 3-4 ildə kitabxana fondu 17 min nüsxədən 24 min nüsxəyə çatdırılmışdır.

ADPU-nun Quba filialı yüksək sürətli fiber-optik internet xətti ilə təmin edilmişdir. Bütün struktur və bölmələr müasir kompyuter və İKT vasitələri ilə təchiz edilmişdir. Filialda fəaliyyət göstərən müasir qurğularla təmin edilmiş kompyuter laboratoriyası da tələbələrin ixtiyarına verilmişdir. 

ADPU-nun Quba filialında mütamadi olaraq konfrans,seminar, ustad dərsləri, silsilə görüşlər və digər tədbirlər keçirilir.

Tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə filialda 10-a yaxın klub və dərnəklər fəaliyyət göstərir. Burada intellektual yarışmalar, rəsm, şeir, esse müsabiqələri təşkil olunur. Tanınmış şəxslərlə görüşlər təşkil edilir. Bu gün ADPU-nun Quba filialının tələbələri bölgənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərində yaxından iştirak edir, cəmiyyətə yararlı şəxsiyyət kimi inkişaf edirlər. Filialda Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.

ADPU-nun Quba filialının 30-dan çox məzun və tələbələri 44 günlük Vətən müharibəsi iştirak edərək döyüşlərdə düşmənin başına ağır zərbələr vurmuşlar.

Filialın əməkdaşları mütəmadi olaraq Quba, Qusar, Xaçmaz, Şabran və digər rayonlardan olan vətən müharibəsi şəhidlərinin ailələrini, qaziləri mütamadi olaraq ziyarət edir, onlarla tələbələrin görüşlərini təşkil edirlər.

ADPU-nun Quba filialında 2022-ci ildə Vətən müharibəsinin qəhrəman döyüşçülərindən olan şəhid Nuran Akif oğlu Mirzəyev adına ingilis dili auditoriyasının, Miqdad Faiq oğlu Abduləlimov adına pedaqogika auditoriyası açılıb. Bundan başqa ADPU-nun Quba filialında auditoriyaların hər biri bir şəhid adını daşıyır.

ADPU-nun Quba filialının məzunlarının – gənc mütəxəssislərin xoş soraqları bu gün müxtəlif məktəblərdən, təhsil ocaqlarından, dövlət orqanlarından gəlir.

ADPU-nun Quba filialının perspektiv planları sistemli şəkildə “Strateji İnkişaf Planı”nda və ondan doğan “Qısa, orta, uzunmüddətli inkişaf hədəfləri” adlı sənəddə incəliklə qeyd edilmişdir.

ADPU-nun Quba filialı Quba Rayon İcra Hakimiyyəti, YAP Quba rayon təşkilatı, Quba Gənclər və İdman İdarəsi, Quba GİKM, Quba rayon Heydər Əliyev Mərkəzi, Quba Uşaq Musiqi Məktəbi, Quba Mərkəzləşdirilmiş Kitabxanası, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Quba Memorial Soyqırımı Kompleksi, Quba və Şabran Tarix Diyarşünaslıq Muzeyləri, “Qafqaz” TV, rayonun müxtəlif idarə, müəssisə və təşkilatları ilə əməkdaşlıq edir.

ADPU-nun Quba filialında ali idarəetmə orqanı Elmi Şuraya məxsusdur.

ADPU-nun Quba filialının strukturu

1. Direktorluq:

Direktor,

Tədris və elmi işləri üzrə direktor müavini,

Sosial, humanitar məsələlər üzrə direktor müavini,

Direktor köməkçisi.

2. Tədris şöbəsi.

Qeydiyyat və sənədlərlə iş bölməsi.

3. İnsan resursları və kargüzarlıq şöbəsi.

4. Maliyyə şöbəsi.

5. Keyfiyyətin təminatı şöbəsi.

6. Kitabxana və elektron resurslar şöbəsi.

7. İnformasiya və kommunikasiya texnalogiyaları şöbəsi.

8. İnzibati-təsərrüfat şöbəsi.

9. Heydər Əliyev lektoriyası.

Fakültə və kafedralar:

1. Humanitar və sosial elmlər fakültəsi

Dil və ədəbiyyat kafedrası;

Tarix, pedaqogika və sosial elmlər kafedrası.

2. Riyaziyyat və təbiət elmləri fakültəsi

Riyaziyyat və informatika kafedrası;

Təbiət elmləri kafedrası.

Missiyamız

Milli şüura malik, tədqiqatçı, məhsuldar, dərin düşüncəli, elmə, insan hüquqlarına hörmət edən, yaradıcı və innovativ, fərdlər-pedaqoqlar yetişdirmək; Təhsil, tərbiyə, araşdırma və s. digər elmi tədbirlər vasitəsilə cəmiyyətin texnoloji, sosial-iqtisadi və mədəni səviyyəsinin yüksəldilməsinə töhfə vermək.

Məqsədimiz

Yüksək təhsilin əlçatan ünvanı!


Beynəlxalq standartlara cavab verən tədqiqatçı-müəllim hazırlığını peşə təhsilinin əsasları, ixtisas və innovasiyalar istiqamətində həyata keçirmək.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?