Mona Gardner (Reed) – Böyük Britaniya (İngiliscədən tərcümə)
Bu əhvalatın yaşandığı yer Hindistandır. Ölkənin mərkəzi yerlərindən birində yerləşən vağzalda bir müstəmləkə rəsmisi və onun arvadı tərəfindən geniş bir ziyafət verilməkdədir. Qonaqlar ordu zabitləri, hökümət ataşeləri, onların həyat yoldaşları və bir amerikalı naturalistdir.
Stolun bir başında gənc qız ilə polkovnik arasında qızğın müzakirə gedir. Gənc qız israr edir ki, qadınlar siçan görən kimi stulun üstünə tullanmaq dövrünü çoxdan geridə buraxmışdır, onlar öz nənələri kimi əndişəli deyillər. Polkovnik razılaşsa da, izah edir ki, qadınlar öz əsəblərinə kişilər qədər hakim kəsilə bilmirlər. Stoldakı digər kişilər onunla razılaşırlar.
Polkovnik deyir:
– Hər hansı bir fövqəladə vəziyyətdə qadınlara xas reaksiya qışqırmaqdır. Kişi isə bu cür hərəkət eləmək istəsə də, qadına nisbətən özünə hakim olmağı bir qədər çox bacarır. Əsas üstünlük də elə bu bir qədərdədir.
Amerikalı naturalist bu mübahisəyə qoşulmur, oturub digər qonaqların üzlərini seyr etməkdədir. Bu zaman o, ev sahibəsinin üzünə qəribə bir ifadənin qonduğunu görür.
Üzünün əzələləri xəfifcə tarımlanan qadın birbaşa önə baxmaqdadır. Kiçicik bir işarə ilə o, stulunun arxasında dayanmış yerli oğlanı çağırır. Qadın ona nə isə pıçıldayır. Oğlanın ğözləri böyüyür: o, cəld dönür və otağı tərk edir. Bunu heç kəs görmür, şüşə qapılardan çöldəki eyvana süd kasasını qoyan oğlan belə nə baş verdiyindən xəbərizdir.
Amerikalı diksinir. Hindistanda kasada süd yalnız bir şey ifadə edir. O, ilan yemidir. Amerikalı başa düşür ki, otaqda kobra vardır.
O, kobralar üçün ənənəvi yer olan tavanın haşiyələrinə göz gəzdirir – orada bir şey görmür. Yavaşca aradığı otağın üç küncü boşdur. Dördüncü küncdə yeməyin növbəti hissəsini verməyi gözləyən bir qrup xidmətçi dayanmışdır. Amerikalı qət edir ki, yalnız bircə yer qalıb – stolun altı.
Ağlına gələn ilk fikir geriyə tullanmaq və hamını xəbərdar etməkdir. Lakin o, bilir ki, çaxnaşma kobranı qorxudacaq və o, çalacaq. O, sürətlə danışır, səsi o qədər cazibədardır ki, hər kəsi ayıldır:
– Mən bu stoldakı hər kəsin əsəblərinə nə dərəcədə hakim olduqlarını bilmək istəyirəm. Üç yüzə qədər – yəni beş dəqiqə – sayacağam, heç biriniz tükünüzü belə tərpətməməlisiniz. Hərəkət edən adam 50 rupi ödəməli olcaq. Hə! Hazırsınızmı?
O, saydıqca 20 nəfər daş surətlər kimi oturur. O, deyir: – …iki yüz səksən…. Bu zaman o, gözünün qıyı ilə kobranın peyda olduğunu və süd kasasına tərəf süründüyünü görür. Amerikalı tullanıb eyvanın qapılarını çırparaq örtürkən dörd-beş qışqırıq otağı bürüyür.
Ev sahibi deyir: – Siz tamamilə haqlı idiniz, polkovnik! Bu kişi indicə özünə hakim olmanın əsl nümunəsini göstərdi bizə.
Amerikalı ev sahibəsinə dönərək deyir: – Bir dəqiqə, – öyrənmək istədiyim bir şey var. Xanım Vaynis, siz otaqda kobra olduğunu necə bildiniz?
Qadın cavab verdikcə zəif təbəssüm üzünü işıqlandırır. – Çünki o, mənim ayaqlarımın ustündə uzanmışdı.
Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi