ADPU-nun Quba filialında yaz imtahan sessiyasına start verilib

03.06.2021
ADPU-nun Quba filialında yaz imtahan sessiyasına start verilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi” barədə 08.05.2020-ci il tarixli F-215 saylı əmrinə və qüvvədə olan digər hüquqi-normativ aktlara uyğun olaraq iyulun 2-dən ADPU-nun Quba filialında 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib.

ADPU-nun Quba filialının 2020/2021-ci ilinin yaz semestrinin filialın Akademik Təqviminə uyğun olaraq 2 iyunda başlanaraq 1 iyul tarixində yekunlaşması nəzərdə tutulub. Ümumilikdə yaz imtahan sessiyası 5 iyul tarixinədək davam edəcək.

“Microsoft Teams” platforması üzərindən keçirilən onlayn imtahan görüşlərinin müddəti bir qayda olaraq 4 saat (240 dəqiqə) müəyyənləşdirilib. Müstəsna hallarda imtahan obyektiv səbəblərdən 4 saatdan çox davam edə bilər. Eyni müəllimin bir gündə yalnız bir qrupda imtahan qəbul etməsi təmin edilib.

2020-2021-ci tədris ilinin yaz semestrində “Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan sessiyasının və yekun dövlət attestasiyasının təşkilinə dair müvəqqəti qaydalar”a görə, tələbə biliyinin qiymətləndirilməsi 100 bal: 50 bal cari, 50 bal aralıq qiymətləndirmə olmaqla həyata keçirilir. Təhsilalan fənn üzrə ayrılmış saatların 50%-dən çoxunda onlayn formada iştirak etmədikdə həmin fəndən imtahana buraxılmır. Təqdim edilən hər biletdə 5 sual olur və hər sual 10 balla qiymətləndirilir. İmtahan nəticəsi tələbə cavab verdikdən dərhal sonra elan olunur. Zərurət yarandığı təqdirdə tələbəyə əlavə suallar da verilə bilər.

Tələbənin imtahan zamanı bilet çəkib, cavab verib, qiyməti elan olunanadək görüntünü bağlaması, görüntüdən çıxması, prosesə kənar şəxslərin müdaxiləsi imtahan prosesinin kobud pozutu halı hesab edilir. Bu zaman tələbə imtahandan xaric edilir və nəticəsi “0” balla qiymətləndirilir. Belə olduğu təqdirdə tələbə ərizə ilə müraciət edərək, imtahan sessiyasının sonunda həmin fəndən onlayn formada, sinxron qaydada və həmin fənnin kredit dəyərinin 25%-ni ödəməklə iştirak edə bilər.

Qeyd edək ki, yaz semestri ərzində təşkil olunan bütün imtahanlar birbaşa filial direktoru dosent Yusif Alıyevin və fakültə dekanının nəzarəti ilə həyata keçirilir. Tələbə biliyinin qiymətləndirilməsində şaffaflıq və obyektivliyi təmin etmək məqsədilə filialda İmtahan Qərərgahı fəaliyyət göstərir. Bununla yanaşı Qaynar xətt xidməti tələbələrin ixtiyarına verilib, filialın https://adpuquba.edu.az/ portalında “Tələbədən direktora” adlı xüsusi bölmə yaradılıb və elektron poçt xidməti istifadəyə verilib. İmtahan sessiyasına ictimai nəzarət məqsədilə İctimai Şura fəaliyyətə başlayıb.

Həmçinin imtahan nəticələrindən narazı qalan və məsələyə apellyasiya qaydasında baxılmasını arzu edən tələbələr fənnin imtahanından 48 saat ərzində elektron formada ADPU-nun Quba filialının Apelyasiya komisiyasına müraciət edirlər. Distant (məsafədən) şəkildə təşkil olunmuş Apelyasiya komissiyasında fənn müəllimi ilə yanaşı, kafedra müdiri, digər ixtisas müəllimi və komissiyanın üzvlərinin iştirakı ilə tələbənin işinə yenidən baxılır və nəticə müzakirə bitdikdən həmən sonra elan edilir.

İmtahan və apelyasiya proseslərində şəffaflıq və düzgünlük sistemli, innovativ fəaliyyət nəticəsində tam təmin olunub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?