25 fevral professor Həsən Mirzəyevin anım günü

27.02.2023
25 fevral professor Həsən Mirzəyevin anım günü
Elə nadir şəxsiyyətlər var ki, onların ömür kitabını vərəqlədikcə, sanki fərqli bir aləmə düşürsən, keçdiyi böyük və mənalı yol, aldığı qərarlar, yaratdığı əsərlər, qarşılaşdığı sınaqlar, həyat imtahanları, qazandığı nailiyyətlər hər kəsi riqqətə gətirir, insan öyrəndikcə düşünür və anlayır ki, onların missiyası var. Əmin olursan ki, Tanrı belə şəxsiyyətləri xüsusi missiya üçün yaradıb, onlara da elm yolunda yaratma gücü bəxş edib, onların üzərinə işıqlı ömrü, istedadı, elmi yaradıcılığı, əvəzolunmaz şəxsi keyfiyyətləri ilə başqaları üçün də örnək olmağı öhdəlik qoyub.Görkəmli şəxsiyyət professor Həsən Mirzəyev kimi…!
H.Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Həsən Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H.Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub. H.Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb. Azərbaycan filologiya elminin inkişafında H.Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. H.Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. O, eyni zamanda, mütəmadi surətdə bədii yaradıcılıqla məşğul olurdu. Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmişdir. Həsən Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür. 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. Həsən Mirzəyev İkinci Fəxri xiyabanda dəfn edilmişdir.
ADPU-nun Quba Filialının direktoru fizika elmləri doktoru Yusif Alıyevin və bütün filial kollektivinin adından professor Həsən Mirzəyevin ruhuna rəhmət oxuyur, Həsən Mirzə irsinin davamçısı hörmətli professor Mahirə xanım Hüseynovaya və filologiya üzrə fəlsəfə doktoru Könül xanım Həsənovaya uzun ömür və cansağlığı arzu edirik.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?