Prezident İlham Əliyevin fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edib

04.02.2022
Prezident İlham Əliyevin fevralın 2-də Azərbaycan Gəncləri Gününün  25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edib

İyirmi beş il əvvəl Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi. O gündən bu günə qədər fevralın 2-də Gənclər Günü qeyd edilir. Bütün bu müddət ərzində gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və Azərbaycan dəyişdi.

“Məhz düzgün təhlil apararkən, tarixdən ibrət götürərkən biz inamla irəliyə gedə bilərik.” Müstəqilliyin ilk illərində vəziyyət çox ağır idi. Ölkə qarşısında çox böyük, ciddi, fundamental problemlər dayanmışdı. Böyük ümidlər var idi ki, beynəlxalq aləm, vasitəçilər tezliklə Qarabağ məsələsini həll edəcək, ədaləti bərpa edəcək.

Müstəqilliyin ilk illərində Azərbaycan reallıqları dünya ictimaiyyəti üçün bəlli deyildi. Ölkəmizə qarşı artıq o vaxt və bu günə qədər fəaliyyət göstərən erməni lobbi təşkilatları Azərbaycan haqqında yalan, təhrif edilmiş məlumatlar ötürürdülər.

Sovet İttifaqı dağılandan sonra Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam bərqərar olmamışdı. Sahibkarlıq çox aşağı səviyyədə idi. Dövlət qurumları yeni idarəetmə üsuluna yiyələnə bilməmişdilər. İqtisadi tənəzzül hər yerdə özünü büruzə verirdi. Neft-qaz kontraktları təzəcə imzalanmışdı. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdı. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə kontraktın imzalanması da əlavə ümidlər verdi.Müstəqilliyin ilk illərinin acı mənzərəsi. Yüz minlərlə məcburi köçkün ağır vəziyyətdə yaşayırdı, öz doğma torpaqlarından qovulmuş insanlar çadırlarda, vaqonların altında, uyğunsuz binalarda yaşayırdı. Nizami ordu yaradılmamışdı və nizami ordunun olmaması Birinci Qarabağ müharibəsindəki məğlubiyyətə gətirib çıxardı.

Gənclər böyük potensiala malikdir. Ulu Öndər hər zaman olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktiki addımlar atıldı;

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır.

İndiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad ölkədə yaşayır, sabitlik olan ölkədə yaşayır, özünə güvənən ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək üçün və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.

Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Uzun illər, əsrlər boyu Azərbaycan müstəqil deyildi, başqa ölkələrin tərkibində yaşayırdı. Ancaq buna baxmayaraq, öz milli xüsusiyyətlərini itirmədi, onları qorudu.

Azərbaycanlılar həmişə dünyaya açıq olublar, amma öz mənəvi kodeksini həmişə hər şeydən üstün tutublar. Azərbaycan xalqı nəsildən-nəslə əsrlər boyu milli ideologiyanı, milli xüsusiyyətləri ötürürdü və özünü assimilyasiyadan qoruyurdu. Azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi, əlbəttə, bu dəyərləri qoruyub saxlamalıyıq.

Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə ölkənin daxili işinə qarışa bilməz. Belə cəhdlər olub və ola bilər ki, olacaq. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək. Gənclər bundan sonra da mütləq vətənpərvərlik əsasında tərbiyə almalıdır.

Qloballaşma termin olaraq indi dünya leksikonundan çıxarılır. Qloballaşma cərəyanına qarşı dünyada çox geniş müqavimət göstərilir, ancaq ideya olaraq qalır. Qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir. Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı şəkildə milli maraqların keşiyində dayanır. Zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr hegemonluq uğrunda mübarizə aparan ölkələrin xüsusi diqqətini cəlb edir. Azərbaycan da bütün bu amilləri özündə ehtiva etdiyi üçün müstəqillik illərində dəfələrlə müxtəlif təzyiqlərlə rastlaşıb.

Sorosçuların məqsədi məhz gənclərdir. Gəncləri əyri yola gətirmək, yaxud da yoldan çıxarmaq daha asan olur. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər. Bu, aktual məsələdir və öz aktuallığını heç vaxt itirməyəcək.

Ana dili milli dəyərlərin tərkib hissəsidir. Azərbaycan xalqı bütün dövrlərdə öz dilini qoruyub. Hər bir dil inkişaf etməlidir, amma milli köklər üzərində. Azərbaycan dili o qədər zəngindir ki, kənar sözlərə ehtiyac yoxdur. Bütün bu amillər, o cümlədən bayramlarımız, adət-ənənələrimiz hər birimiz üçün əsas dəyər olmalıdır.

Milli Qəhrəmanımız Polad Həşimov öz canını Vətən uğrunda fəda etmişdir, qəhrəmancasına həlak olmuşdur. Polad Həşimov kimi qəhrəmanlar daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Qururverici haldır ki, Azərbaycan Ordusunda belə peşəkar, vətənpərvər, yeni nəslin nümayəndələri yetişir. Onun həlak olması hamımızı sarsıtdı və eyni zamanda, onun həlak olması hamımızı bir daha mətin olmağa çağırdı. Hamımıza göstərdi ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı azad etməliyik. Polad Həşimov öz şəhadəti ilə xalqın müharibəyə hazırlanmasında da çox böyük rol oynadı.

Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Müharibə zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi.

Bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Müharibənin bir çox dərsləri var – həm bizim üçün, həm bütün dünya üçün, region üçün. Onlardan biri də odur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər.

Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqilliyimizin 30 illiyini keçən il qeyd etmiş ölkə kimi bu gün biz deyə bilərik, elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq.

     Şuşanın düşmənə təhvil verilməsində o vaxt hakimiyyətdə olan adamların birbaşa əli olub. Bu, bir xəyanət idi, satqınlıq idi. Bu gün Şuşada olan hər bir insan görür ki, o şəhəri götürmək mümkün deyildi. Şuşanın düşmənə təhvil verilməsi xəyanət aktı idi.

Məqsədimiz mədəniyyət incimizi qaytarmaq idi və Şuşa əməliyyatı elə keçirildi ki, şəhərə ziyan vurulmadı. Şuşa bir müqəddəs rəmz idi. Şuşanın təbii  gözəlliyi var: landşaftı, relyefi, qaya üstündə yerləşməsi, havası və s. Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası var.

Aparılan bütün əməliyyatların fövqündə Şuşanın azad edilməsi dayanmışdı. Şuşa elə azad edildi ki, artıq düşmən öz müqavimətini dayandırmışdı. Şuşa ilə bağlı edilən ədalətsizlik Azərbaycan xalqında Şuşaya xüsusi bir məhəbbət oyatdı. Müharibə zamanı Şuşanın azad edilməsi təkcə strateji əhəmiyyət daşımırdı. Halbuki Şuşa azad olunandan sonra artıq Ermənistan ordusunun beli tam qırıldı.

Şuşanın tam azad edilməsi noyabrın 8-də baş verdi. Şuşanın azad edilməsi əməliyyat planı əsasında baş vermişdi. Şuşadan əvvəl Daşaltı götürülməli idi. Daşaltı götürüləndə əminlik daha da artdı. Hadrutdan sonra Azərbaycan Ordusu Şuşaya doğru meşələr, cığırlar aşaraq getmişdi. Şuşanın götürülməsi çox çətin məsələ olub. Orada ermənilər tərəfindən böyük istehkamlar qurulmuşdu, bu səbəbdən artilleriya və zirehli texnikanı Şuşaya aparmaq mümkün deyildi.

Bütün şəhərlərimiz dirçəldikcə bu iş yerlərində, ilk növbədə, müasir biliklərə malik olan gənclər, azad edilmiş rayonlardan olan gənclər işləməlidirlər Azad edilmiş torpaqlarda cari ildə 5 su elektrik stansiyası inşa ediləcək. İnşa olunacaq elektrik stansiyaları ümumi enerji potensialımızı gücləndirəcək və yeni iş yerləri açılacaqdır. Misal üçün, Şuşa şəhərində oteldə və digər yerlərdə işləyənlərin bir çoxu şuşalıların uşaqlarıdır, şuşalılardır.

Ağalı kəndinin inşası pilot layihədir və bu layihənin böyük rəmzi mənası var. İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük rəmzi mənası var. Artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi istəklərimizin təcəssümüdür. Biz bu torpaqlarda hansı səviyyəni görmək istəyirik, insanlar üçün yaradılacaq hansı rahatlığı görmək istəyirik, bu layihədə öz əksini tapıb.

Yeni infrastruktur layihələri ölkəmizin qüdrətini artıracaqdır. Zəngilan Hava Limanı bu il açılacaq. Orada da kifayət qədər iş yerləri açılacaq, o cümlədən gənclər üçün. 2023-cü ildə dəmir yolunu mütləq Ermənistan sərhədinə gətirəcəyik, avtomobil yolunun da tikintisi gedir. Bütün bu işlərdə gənclər fəal iştirak edirlər.

Əlilliyi olan şəxslər, o cümlədən Vətən müharibəsində iştirak etmiş gənclər dövlət tərəfindən qayğı ilə əhatə olunur. Son vaxtlar bu sahədə çox ciddi irəliləyiş var. Əlilliyi olan insanlar indi fəal işə cəlb olunur. Həm onların əl işləri nümayiş etdirilir, istedadı olan, incəsənətə meyilli olan gənclər artıq tamaşalar qoyur və bunun üçün gözəl şərait var. Köməyə ehtiyacı olana həmişə kömək göstərmək xalqımızın çox gözəl keyfiyyətidir. Dövlət, əlbəttə ki, öz üzərinə düşən vəzifəni icra etməlidir və əlilliyi olan bütün şəxslərə diqqət göstərməlidir və göstərəcək.

Şəhid ailələri və müharibə əlilləri üçün genişmiqyaslı proqram icra edilir. Bu günə qədər 10 mindən çox şəhid ailəsi və müharibə əlili evlərlə, mənzillərlə təmin edilib. Yeddi mindən çox minik avtomaşını dövlət tərəfindən paylanılıb. Təkcə keçən il 1600 Birinci və İkinci Qarabağ müharibələri əlili və şəhid ailələrinə mənzillər verilib – 850 Birinci, 750 İkinci Qarabağ müharibələri iştirakçılarına. Birinci Qarabağ müharibəsi iştirakçıları və şəhid ailələri arasında elələri var, hələ mənzil almayıblar. Ona görə burada növbəlilik olmalıdır. Ancaq İkinci Qarabağ müharibəsində iştirak edənlər də yenə daim diqqət mərkəzindədir. Bu il bu kateqoriyadan olan minimum 1600 insana dövlət tərəfindən mənzillər veriləcək. Doxsana yaxın Vətən müharibəsi qəhrəmanımız var, haradasa, onların 95-97 faizinə mənzillər verilib.

Əlini, qolunu, ayağını itirmiş hərbçilərə protezlər quraşdırılır. Protezə ehtiyacı olan 200-ə qədər Vətən müharibəsi iştirakçısı var ki, onların 95 faizi artıq protezlərlə təmin edilib. Bu protezlər son texnologiyalı protezlərdir və normal həyata qayıtmaq üçün bütün imkanlar var. Dövlət imkan daxilində bu işləri görəcəkdir. Dövlətin imkanları genişlənir və bu məqsədlər üçün ayrılan dövlət büdcəsi də ildən-ilə artır.

       Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular – könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Sosial şəbəkələrdə üstünlüyü əldə etmək üçün orada paylaşılan məlumat da təsirli olmalıdır, həqiqəti əks etdirməlidir, bütün normal qaydalara uyğun olmalıdır.

Azərbaycan haqqında, Qarabağ məsələsi ilə bağlı bu gün də qəsdən təhrif edilmiş məlumat ötürülür. 30 il keçib, ancaq bu günə qədər dünyanın bəzi aparıcı ölkələrində informasiya məkanında ermənilərin nağılları üstünlük təşkil edir. Azərbaycan dünyada bəlkə nadir ölkələrdəndir ki, müntəzəm olaraq hücuma, informasiya hücumuna, şər-böhtan hücumuna məruz qalır. Təkcə şəbəkələrdə yox, Avropanın, Amerikanın bir çox mətbu orqanlarında Azərbaycan haqqında yayılan yalanların arxasında erməni lobbisi dayanır. Yazıların 90 faizi ermənilər tərəfindən təşkil edilib.

Dördüncü Sənaye İnqilabı artıq reallıqdır. Artıq iki il oldu ki, Davos Ümumdünya İqtisadi Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye İnqilabının üstünlüklərini daha da açmaq, Azərbaycanda tətbiq etmək üçün və regionda bu işlərə koordinasiyanı öz üzərinə götürmək üçün müvafiq sənəd imzalandı.

Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur. Azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Cari il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar. Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha bələddir.

Hökumətin islahatlara meyilliliyi indeksinə görə Azərbaycan birinci onluqdadır. Dünya miqyasında bu parametrə görə birinci onluqda olmaq doğrudan da bir çox məsələlərə aydınlıq gətirir. Dünyada gedən bütün müsbət meyillərə açıq olmalıyıq, texnologiyaları Azərbaycana gətirməliyik, bütün sahələrdə ən müasir metodları, üsulları ölkəmizdə tətbiq etməliyik.

Dördüncü Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması, eyni zamanda, geniş informasiya məkanına çıxış əldə etmək deməkdir. Dünya dəyişir və 25 il bundan əvvəlki dünya indiki dünya ilə böyük fərq təşkil edir. Ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni, bu peşələrə ehtiyac qalmayacaq. Azərbaycan bir çox ölkələrdən fərqli olaraq, əhalisi artan ölkədir. Müstəqillik dövründə 7 milyondan 10 milyonadək artıbdır. Bütün bunlar yeni iş yerləri deməkdir.

Könüllülər hərəkatı Azərbaycanda artıq genişlənir. ASAN könüllüləri ilk könüllülərimiz olmuşdur. Könüllülük Azərbaycan xalqının qanındadır. Sadəcə olaraq, bunu hərəkat çərçivələrinə gətirmək üçün təşkilati addımlar olmalı idi, bunlar da atıldı. İndi “ASAN xidmət”dən sonra bir neçə digər dövlət qurumunda könüllülər qrupları var. Bu, həm gənclər üçün, həm ölkə üçün çox önəmlidir. Çünki gənclər geniş təcrübə toplayırlar. Könüllülük ənənəvi davranış qaydalarının yeni bir təzahürüdür. Ona görə bu hərəkat gənclərin təşkilatlanması və onların əmək potensialının artırılması nöqteyi-nəzərindən çox önəmlidir.

Azərbaycanda elə şərait yaratmalıyıq ki, xaricdə təhsil alanlar özləri Vətənə qayıtmaq arzulasın. Xaricdə təhsil alan gənclərlə bağlı proqram 2007-ci ildən etibarən icra olunur. 2006-cı ildə qərar verildi, sərəncam imzalandı və artıq 2007-2015-ci illəri əhatə edən genişmiqyaslı proqram icra edilməyə başlandı. Gənclər 30-dan çox ölkənin 300-dən çox ali məktəbinə ezam olundu. Bu məqsədlər üçün 200 milyon manat vəsait xərcləndi. Dövlət xətti ilə oxuyanların böyük hissəsi Azərbaycana qayıdıb. 3500 təqaüd verilmişdi və onlar qayıdıb.

Ermənistan monoetnik dövlətdir. Ermənistan adlandırılan indiki ərazi heç vaxt monoərazi olmayıb. Orada yaşamış, əzəli torpağında olan azərbaycanlılar tədricən oradan qovuldu və digər millətlər də qovuldu. Ermənistanda ksenofobiya, antisemitizm və irqçilik geniş vüsət alıb. Ermənistan adlandırılan ərazidə azərbaycanlılarla yanaşı, digər xalqlar da yaşayıb və onlar tədricən oradan qovulub. Sovet İttifaqının dağılması ermənilərin separatizmindən başlamışdır

Azərbaycanlılar öz doğma torpaqlarından bir neçə mərhələ ilə qovulmuşdur. 1918-ci ili heç vaxt yaddan çıxarmamalıyıq. O vaxt Azərbaycan Xalq Cümhuriyyəti İrəvanı – qədim Azərbaycan şəhərini Ermənistana faktiki olaraq heç bir səbəb olmadan bağışladı. Halbuki, o vaxt İrəvandan olan nümayəndələr buna qəti etiraz edirdi. Amma onların sözünə baxmadılar. 1920-ci ildə isə artıq sovetləşmədən sonra noyabr ayında sovet hakimiyyəti Zəngəzuru bizim əlimizdən alıb Ermənistana birləşdirdi. Ondan sonra illər keçdikdə müxtəlif bəhanələr altında yavaş-yavaş bizim kəndlərimizi götürüb Ermənistana birləşdirdilər. Bu proses ancaq 1969-cu ildə dayandı. Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərlik etməyə başlayanda artıq bir qarış torpaq da Ermənistana verilmədi. Ondan sonra, 1940-1950-ci illərdə azərbaycanlılar deportasiyaya məruz qaldılar və yüz minlərlə azərbaycanlı öz doğma torpağından Kür-Araz ovalığına köçürüldü. Nəhayət, axırıncı etnik təmizləmə artıq 1980-ci illərin sonlarında baş verdi və Ermənistan ərazisindən azərbaycanlılar tamamilə çıxarıldı, ondan sonra da Qarabağ münaqişəsi baş verdi.

Azərbaycan nefti sovet ordusunun İkinci Dünya müharibəsindəki qələbəsini böyük dərəcədə şərtləndirdi. Azərbaycanın nefti İkinci Dünya müharibəsində həlledici rol oynayıb. Əgər neftimiz olmasaydı, faşist Almaniyası Sovet İttifaqını məğlub edəcəkdi. Bunu hər kəs bilməlidir.

Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi bu, həmişə olub və həmişə olmalıdır. Bizim gücümüz birliyimizdə və müxtəlifliyimizdədir. Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir məkandır.

“Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda burada yaşayan bütün millətlər vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. Azərbaycan hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar.

Bir çox yerlərdə, o cümlədən postsovet məkanında dağıdıcı hərəkətlərin aparıcı qüvvəsi gənclər olur. Hər bir cəmiyyətdə qüsurlar var, hər bir cəmiyyətdə çatışmazlıqlar var, bu, qaçılmazdır. Ancaq manipulyator qüvvələr səhnədə deyillər. Gənclər qabağa verilir, qurban verilir və bunun nəticəsində ölkələr idarəolunmaz vəziyyətə gətirilir və ondan sonra ölkələr de-fakto bölünür.

İnformasiya təxribatları davam edir və informasiya agentliklərindən istifadə olunur. Amerika Prezidenti Donald Tramp “Washington Post” və “New York Times” qəzetlərini feyk-nyus adlandırıb. Bu feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna çevrilib. Yalan məlumat ötürülür, ondan sonra əldə olan əlaltılar vasitəsilə bu yalan məlumat ətrafında müzakirə aparılır, sanki bu, bir həqiqətdir. Ondan sonra təhlil aparılır və insanların şüuruna artıq bu yalan həqiqət kimi ötürülür.

Dünyanın əsas qeyri-hökumət təşkilatları Azərbaycana qarşı uzun illərdir mübarizə aparır. Bu təşkilatlar, o cümlədən Qarabağ məsələsində ermənilərə dəstək göstərirlər. Onların adları da məlumdur: “Freedom House”, “Amnesty International”, “Human Rights Watch”, Soros və onun nəzarəti altında olan qurumlar, sərhədsiz reportyorlar. Hamısı anti-Azərbaycan mövqeyində dayanan, Azərbaycanı məhv etmək istəyən QHT-lərdir. Azərbaycan gəncləri bu fitnələrə heç vaxt uymayacaq.

Qarabağın və Zəngəzurun mədəni həyatının dirçəldilməsi istiqamətində önəmli addımlar atılmalıdır. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri bunun gözəl nümunəsidir. Azad edilmiş torpaqlarda rəssamlıq müsabiqələrini keçirmək təklifi Operativ Qərargaha təklif olunub. Dünyanın müxtəlif yerlərindən gənc rəssamları dəvət edək, onları hava yolu ilə Füzuliyə gətirək. Füzulinin dağıntıları, bunlar bizim təsviri sənətdə əks olunmalıdır. Çünki bu dağıntılar bir azdan sonra olmayacaq.

Bakının ekoloji vəziyyəti daim diqqət mərkəzindədir. 20 il öncə havanın çirklənməsi çox yüksək idi. Bibiheybət buxtası ekoloji fəlakət zonası idi. Bu zəhərli hava ekoloji vəziyyətimizə böyük ziyan vururdu. Ən təhlükəli ərazilərdən biri Balaxanı idi. Bakıdakı yod-brom zavodu çox zərərli bir müəssisə idi. Bakı şəhəri faktiki olaraq təbii fəlakət üstündə idi və bu, insanların sağlamlığına təsir göstərirdi. Ümumiyyətlə, havanın tərkibində çoxlu zərərli maddələr var idi. Bunların əvəzində indi Bakıda Bulvar salınıb, Su İdman Sarayı, muzeylər, ictimai obyektlər şəhər sakinləri üçün çox gözəl rekreasiya zonası yaradılıb.

Rəsmi İrəvan tərəfindən Azərbaycana qarşı uzun illər ərzində ekoloji terror törədilib. Azad edilmiş torpaqlarda fəsadlar çox böyükdür və ermənilər şüurlu şəkildə bizim təbiətimizə qəsd ediblər. Tərtər çayının suyunun kəsilməsi öz yerində, bununla paralel olaraq digər transsərhəd çayları çirkləndiriblər. Zəngəzurda yerləşən mis-molibden kombinatları öz axıntılarını düz Oxçuçaya, Bəsitçaya, Araz çayına tökərək ekoloji fəlakət törədiblər. Meşə fondumuz məhv edilib. 1988-ci ilin statistikasına görə, azad etdiyimiz ərazilərdə meşə fondu 230 min hektar idi. 55 min hektar meşə fondu ermənilər tərəfindən qırılıb. Avropada öz əhəmiyyətinə görə ikinci hesab olunan Bəsitçay Təbii Qoruğu məhv olunub. İdman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır. İdman iş qabiliyyətini artırır və insanı daha cəsarətli edir. Məşq etmək lazımdır və hədəfə çatmaq üçün tər tökmək lazımdır. Bunsuz həyatda heç nə alınmır.

     İdmanın kütləviliyi sağlam nəslin yetişməsi deməkdir. Ölkəmizdə idman qurğularının yaradılması geniş vüsət alıb. 50-dən çox şəhərdə müasir qurğular inşa edilib və indi demək olar ki, hər bir rayonda idmanla məşğul olmaq üçün şərait var. İndi bir neçə Olimpiya İdman Kompleksi inşa edilir, yaxın bir-iki ilə onlar da tamamlanacaq. Eyni zamanda, bölgələrdə yaşayan gəncləri idmana cəlb etmək üçün daha fəal olmalıyıq. Bunun üçün açıq idman meydançalarının yaradılması da çox böyük əhəmiyyətə malikdir. Hər bir gənc idman bölmələrinə gedə bilməz. Ancaq fiziki sağlamlığını gücləndirmək üçün, bədən tərbiyəsi ilə məşğul olmaq üçün bu, çox vacibdir. Bu, istər-istəməz pis vərdişlərdən də çəkindirəcək.

İdman insanı zərərli vərdişlərdən uzaqlaşdırır. Əgər insan idmanla ciddi məşğul olursa, o, siqaret çəkməyəcək. Alkoqollu içkilər də, həmçinin. Gənclər bundan uzaq olmalıdır. Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir. Yaxşı əhval-ruhiyyədə olmaq üçün idman çox yaxşı vasitədir. Ona görə də idmanın kütləviliyini təmin etmək üçün yeni proqram tərtib edilməlidir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?