Şam olsaq

12.04.2023
<strong>Şam olsaq</strong>

By learning you will teach; by teaching you will understand.

(Öyrənərək öyrədərsən, öyrədərək başa düşərsən.) Latın atalar sözü

Oxumaq, öyrənmək bütün zamanlarda insanın həyat yolunu aydınladan şam olmuşdur; o, müəllim üçün daha çox əhəmiyyət kəsb etmiş və bu gün də öz əhəmiyyətini qorumaqdadır. İnkişaf sürətinə özünün belə heyran olduğu elmi-texniki tərəqqi və onunla əl tutub irəliləyən qloballaşma prosesi oxumaq, öyrənmək işini də çətinləşdirmişdir. Görkəmli Amerika yazıçısı, sosioloqu, məşhur “Fortune” jurnalının redaktoru olmuş Alvin Tofler yazırdı: –  XXI əsr savadsızları yazıb oxumağı bacarmayanlar deyil, öyrənməyi, öyrənməməyi və yenidən öyrənməyi bacarmayanlar olacaq.

     Bir sıra mühüm qabiliyyətlər kimi, öyrənməyin, mövcud zəngin resusrslardan səmərəli istifadə etməyin əsası da məktəbdə qoyulur. Bu işin başında yenə müəllim nümunəsi durur. Günümüzün müəllimi oxumadan, planlı və məqsədyönlü mütaliə etmədən necə öz peşəsinin ustası ola bilər? Müəllimin nümunəsi böyük təsir qüvvəsinə malikdir. – Nümunə öyrətməyin digər bir yolu deyil, o, öyrətməyin yeganə yoludur, – deyən Albert Eynşteyn ona nə qədər dəyər vermişdir! Müəllim pillə-pillə öz peşəsinin zirvəsinə yüksəldiyini hiss etməzsə, baxmayarq ki, o zirvəyə yetişmək mümkün deyil, onun dərs dediyi öyrənənlər dərsdən-dərsə irəlilədiklərini necə hiss edə bilər? Klassik pedaqoqlar öz yaradıcılıqlarında bu məsələyə xüsusi əhəmiyət vermişdir. Hind yazıçı, şair, bəstəkar, rəssam və ictimai xadimi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor yazırdı: – Müəllim öyrənməyə davam etməyincə heç vaxt sözün əsl mənasında həqiqi dərs deyə bilməz. Yanmaqda olmayan şam heç vaxt başqa bir şamı yandıra bilməz.

    Müəllim elmi, mədəni səviyyəsini yüksəltməklə yanaşı, tədris etdiyi fənn və ona daha yaxın elm sahələrinə də müntəzəm diqqət yetirmməlidir. XX əsrin görkəmli pedaqoqlarından olan ukraynalı müəllim, yazıçı, Sosialist Əməyi Qəhrəmanı V. A. Suxomlinski “Gənc məktəb direktoru ilə söhbət” əsərində yazırdı ki, əsaslarını öyrətdiyi elmi dərindən bilmədən müəllimin pedaqoji mədəniyyəti mümkün deyildir. Bəs buna olmaq üçün nə etmək lazımdır? Oxumaq, oxumaq və yenə də oxumaq. (Moskva. “Prosveşşeniye” Xrestomatiya po pedaqoqike s. 26. 1976)

     Üstəlik, öyrətmək prosesinin də öyrətmək imkanları genişdir. Hər dərsin özü  müəyyən mənada müəllim üçün bir dərs olmalıdır. Hər bir işdə olduğu kimi, müəllim işinin də səhvdən xali olmadığını sağlam düşüncəli hər kəs yaxşı bilir və insan səhvləri sayəsində inkişaf edir, lakin bu inkişaf yalnız səhvdən nəticə çıxarmağa çaılşdıqda mümkün olur. Müasirləri tərəfindən Amerika nəsrinin atası hesab olunan Mark Tvenin təbirincə desək, təcrübə buraxdığımız səhvlərin cəmidir.

     Məsələnin digər, məyusedici tərəfi də vardır. Gözəlliyi və zərifliyinə hər birimizin heyran olduğumuz qar dənəcikləri üst-üstə qalaqlanıb faciəvi nəticələrə səbəb olan uçqunlar da yarada bilr. Ona görə də buraxdığımız hər bir səhvdən vaxtında nəticə çıxarmalıyıq ki, onların altında qalıb əzilməyək. Səhvimizi başqalarından gizlətmək və ya başqaları tərəfindən düzəldilməsini gözləmək özü də səhv etməyimizə davam etmək, yeni uçqunlar yaratmağa bərabərdir. Şam, özü də yanar şam olmaq üçün növbə tutmaq lazım deyil, vəzifəmizdən, boy-buxunumuzndan asılı olmayaraq öz işığımızı bütün parlaqlığı ilə saçmağa davam etməliyik.

     Axşam bir adam qutudan balaca bir şamı götürüb uzun, burma pilləkənləri çıxmağa başladı.

    – Hara gedirik? Şam soruşdu.

    – Biz gəmilərə limanın yolunu göstərmək üçün evdən də yuxarı qalxırıq.

    – Axı, mənim işığımı heç bir gəmi görə bilməz, mənim işığım son dərəcə zəifdir.

    – İşığın zəif olsa da sən parlaq yanmağına davam et, qalanı mənlikdir.  Adam dedi.

    Onlar pilləkənlərin sonuna çatanda böyük bir lampa gördülər. Adam həmin kiçik şamla lampanı yandırdı. Lampanın arxasındakı parlaq güzgülərin əks etdirdiyi işıq şüaları dəniz boyunca yayıldı.

    Biz də Allahın şamlarıyıq. Bizim işimiz parlaqlığımızı qorumaqdır. İşimizin uğuru isə Allahın əlindədir. Sənin kiçik işığın xəbərin olmadan bağqalarının həyatını dəyişə biləcəyinə gözəl nümunədir. Biz başqalarına qarşı gəmilərə liman yolu göstərən mayak kimi olmalıyıq.

     Tələbəlik illərimizin dostlarından biri, Qəbələ rayonun Daşlıca kənd sakini, təqaüdçü müəllim Teyfur Əsədov bu yaxınlarda mənə zəng edib sevincək bir şad xəbəri bölüşmək istədiyini bildirdi. Dostum dedi ki, Azərbaycan Elm və Təhsil Nazirliyindən ona məlumat veriblər ki, bu il onların kəndində 200 yerlik təzə məktəb binası tikiləcək. Bu, Teyfur müəllimin reallaşmasını intizarla gözlədiyi və uğrunda çalışdığı ən böyük arzularından biridir. Mən dostuma gözaydınılğı verib sevincinə şərik oldum. Teyfur müəllim həm də yaşadıqları kəndə yol çəkilişində zəhməti olan, 44-günlük Vətən müharibəsində canlarından keçmiş bütün rayonların şəhidlərinin adına ağac əkib yetişdirən çox xeyirxah bir ziyalıdır. Öz təqaüdündən digər xeyixah işlər üçün comərdcəsinə xərcləyən Teyfur müəllim də öz təqdirəlayiq nümunəsi ilə parlaq işıqlı şam kimidir. Onun bu gözəl işləri xeyirxah insanların sayını ilbəil artıracaq. Napoleon Hill yazırdı: “Həyatda əsl uğur yalnız insanlığa xidmətimizin miqyası ilə ölçüldüyünü öyrənməyimizə nə qədər vaxt lazım gələcək?” (Napoleon Hill: Qızıl Qaydalar (Golden rules) s. 79)

     Müasir həyat nəinki zamanla ayaqlaşmağı, zamandan əvvəli aydın görüb, yarana biləcək problemlərin həllinə hazır olmağı bacaracaq nəsillər yetişdirməyi tələb edir.  Bu şanlı yolu yeriməyin ən gözəl nümunəsi, zülmətlərə nur saçan, oxumağı, öyrənməyi öz həyatının mənası hesab edən müəllim olmalıdır.  Hindistan Azadlıq Hərəkatının lideri Mahatma Qandi deyirdi: – Sabah öləcəkmiş kimi yaşa, əbədi yaşayacaqmış kimi öyrən.

     Hərəmiz bir şam olmağa çalışsaq zülmətlər əriyər, qəlblər nura bürünər, dünya gözəlliklərlə aşıb daşar…

PS Sitatların tərcüməsi müəllifə məxsusdur.

Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?