Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Fani dünyada ədalət axtaran Nizami” mövzusunda elmi-praktik konfrans keçirilib

27.04.2021
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Fani dünyada ədalət axtaran Nizami” mövzusunda elmi-praktik konfrans keçirilib

Bu gün ADPU Quba filialında dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibəti ilə “Fani dünyada ədalət axtaran Nizami” mövzusunda elmi-praktik konfrans keçirilib.

Filialın akt zalında təşkil olunan tədbir qatıla bilməyənlər üçün həm də Zoom platforması üzərindən yayımlanıb.

Konfrans filial tələbələrinin ifasında “Qarabağ şikəstəsi”nin səsləndirilməsi ilə başlanıb, ardınca Ədəbiyyat və dillər kafedrasının müdiri Gülşən Ağabəy konfransın keçirilmə zərurəti və mahiyyətini izah edib, Nizami Gəncəvi yaradıcılığı barədə lakonik məlumat verib. Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami ili” adlandırılması ilə bağlı Sərəncamını xatırladıb. G. Ağabəy konfransın təşkilini Nizami yaradıcılığına sevgi kimi qiymətləndirib.

Daha sonra filialın direktoru Yusif Alıyev konfransı açıq elan edib. Bildirib ki, Nizami bəşəri, dünyəvi şəxsiyyət olub. Onun yaradıcılığı yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün önəmlidir. Y. Alıyev məsələyə fizik kimi yanaşaraq Nizami Gəncəvi əsərlərində təbiət qanunauyğunluqlarının necə nizamla verildiyini bildirib. “Xosrov və Şirin” poemasından bir parça səsləndirib. Burada elektromaqnit dalğaları, cazibə qanunu haqqında bilgilərin real faktlarla və olduqca dəqiq şəkildə nizama düzülməsini şərh edib.  Mütəfəkkirin əsərlərindəki fəlsəfi, tarixi, ədəbi baxışlara toxunulub. H. Əliyevin Rusiyada N. Gəncəvinin 840 illiyini qeyd edilməsi ilə bağlı məsələ qaldırması, bu zaman Nizami Gəncəvi haqqında söylədiyi fikirlər xatırlanıb. Direktor həmçinin bildirib ki, əsərləri fars dilində yazıldığına görə, bəzi bədxahlar Nizaminin Azərbaycan şairi olmadığını iddia etsələr də, yanılırlar.  Y. Alıyev tələbləri fars dilini mükəmməl öyrənməyə, Nizami Gəncəvini orijinaldan oxumağa çağırıb.

Daha sonra tədbirin aparıcılığı filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Kəmalə Bayramovaya təqdim edilib.Kəmalə müəllimə şairin şeirlərini səsləndirib, fəlsəfi fikirlərinə gənc tədqiqatçı kimi yanaşıb və dövrümüzlə əlaqələndirib. Konfransın keçirilməsinin labüdlüyünü diqqətə çatdırıb, konfransın işinə uğurlar arzulayıb və konfransın davamlılığını təşkil edib.

Sonra Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub.

Ardınca professor Ramazan Qafarlının ““Leyli və Məcnun” məsnəvisində Nizami Gəncəvinin məhəbbət idealı; mif, əfsanə, yoxsa gerçəklik” adlı məruzəsi dinlənilib. Çıxışda professor Nizamiyə həsr etdiyi kitabını təqdim edib. Monoqrafiyadan müxtəlif fraqmentləri misal göstərib. Nizaminin əsərlərindəki məhəbbət motivləri xarici mənbələrə istinadla açılıb, şərh edilib. Məcnunluq fəlsəfəsi təhlil olunub. Professor qeyd edib ki, xalq məhəbbəti təsvir etmək üçün zaman-zaman epik-lirik janrlar yaradıb. R. Qafarlı “Əsli və Kərəm”in “Leyli və Məcnun” ilə bağlılığına toxunaraq fikirlərini yekunlaşdırıb.

Tədbirin davamı olaraq filialın tələbələri Nicat Piriyev və İsrafil Qayıbovun ifasında Nizaminin qəzəllərinin kombinə olunmuş versiyası səsləndirilib.

“Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva çıxışını “Kiçik yaşlı məktəblilərin əxlaqi tərbiyəsində Nizami yaradıcılığından istiadənin imkan və rolu” mövzusuna həsr edib. Çıxışda bildirib ki, Nizami Gəncəvi təhsili qadınlar üçün vacib hesab edib. Əsərlərində ağıllı, savadlı qadın obrazlarına sıx rast gəlinir. Əxlaq tərbiyəsi, xeyir və şər, insanı münasibətlər, paklıq, vətənpərvərlik əsərlərin əsas qayələrini təşkil edir. P. Rzayeva deyib ki, dahi mütəfəkkir əsərlərində əmək tərbiyəsinə yer verib. Yaradıcılığından fiziki tərbiyə məsələləri, müəllim barədə fikirlər səsləndirilib.

Çıxış üçün söz filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayevə verilib. O, “Ədəbiyyat tədrisində Nizami yaradıcılığına yeni baxış” adlı çıxışında qeyd edib ki, Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış mütəfəkkir şairdir. Məhəbbət motivləri onu məhəbbət şairi kimi tanıtsa da, əslində mütəfəkkir, filosof şairdir. Daha sonra E. Şeydayev əcnəbi şairlərin Nizami haqqında söylədiklərindən danışıb. Məlum olub ki, əcnəbi sferada N. Gəncəvi süjet ustası, məhəbbət şairi kimi tanıdıb. Şairin yaradıcılığının fəlsəfi mahiyyətinin bütün dünyaya çatdırılması üçün Nizami irsinin tədqiqi konsepsiyasının hazırlanmasının vacibliyi qeyd edilib. E. Şeydayev həm də şairin Azərbaycan ədəbiyyatının pasportuna çevrilməsi üçün görülməli işlərdən söz açıb. Nizami mərkəzinin yaradılması, Nizami ensiklopediyasının hazırlanması, bu istiqamətdə təbliğatı gücləndirməyin zəruriliyi, Nizami mükafatı və ya medalınin təsisi kimi təkliflər irəli sürüb. Mövzuya tənqidi yanaşaraq bildirib ki, orta ümumtəhsil müəssisələri üçün nəzərdə tutulmuş dərsliklərdə şairin yaradıcılığından cəmi 5 hekayəyə yer verilib. Bəzi sinif dərsliklərində isə ümumiyyətlə, heç nə yoxdur. E. Şeydayev ədəbiyyat proqramlarının yenidən nəzərdən keçirilməsi, dərsdənkənar tədbirlərdə Nizami əsərlərdən istifadə üçün proqram hazırlanması, tarixi, coğrafiya, biologiya və digər fənlərdə də Nizami Gəncəvi dühasına yer verilməsi təkliflərini irəli sürüb.  Sonda Nizaminin allaha sevgisi vurğulanıb və əsərlərindəki məhəbbət motivlərini təhlil edərkən mövzuya bu konteksdən yanaşmağı məsləhət görüb

Tələblərin ifasında “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” misrası ilə başlanan qəzəl səsləndirilib.

Doktorant və Gənc Tədqiqatçılar Şurasının sədri Elbrus Əhmədov “Nizami Gəncəvi yaradıcılığında təbiət lövhələri”ndən bəhs edib. Bildirib ki, dahi şair bütün əsərlərində təbiət lövhələrinə yer verib. Nizami poemalarında diyarşünaslıq, ölkəşünaslıq, torpaqşünaslıq, ekologiya, ətraf mühitin mühafizəsinə dair fikirlər var. Onun coğrafi görüşləri xüsusi tədqiqat obyekti olmalıdır. “Xəmsə”dəki coğrafi məqamlar nümunələr əsasında şərh olunub. Məlum olub ki, N. Gəncəvi hələ XII əsrdə vulkan püskürməsinin səbəblərini izah edib. BilOnun sözlərinə görə, dahi mütəfəkkirin coğrafi bilikləri o qədər yüksək olub ki, əsərlərində yüzlərlə coğrafi obyektlərin adı çəkilib. E. Əhmədov bildirib ki, N. Gəncəvi heyvanları “həyat üçün yaranmışlar” adlandırıb. İnsanları canlılara qarşı mərhəmətli olmağa çağırıb.

Məruzələrdən sonra tədbirin bədii hissəsinə keçid edilib. Filialın tələbələri “İsgəndərnamə” poemasından Nüşabə ilə İsgəndərin görüşünü xatırladan bədii kompozisiya nümayiş etdiriblər.

Filialın İKT şöbəsinin müdiri Yusif Abayev sonra Nizami Gəncəvinin hələ XII əsrdəykən müasir dövr insanlarının arzuladığı cəmiyyətdən, ədalətli bölgü münasibətlərindən söz açdığını dilə gətirib. Qeyd edib ki, şair hələ XII əsrdə iqtisadi bərabərliyin təbliğinə başlayıb, iqtisadi hadisə və prosesləri nəzmə çəkib. Həmçinin əsərlərdə ictimai əmək, əmtəə-pul, işgüzarlıq məsələlərinə də toxunulub.

Daha sonra tələbələrin ifasında “Ay üzlü nigarım” misrası ilə başlanan qəzəl səsləndirilib.

Konfrans filialın Ədəbiyyat və dillər kafedrasının müdiri Gülşən Ağabəyin çıxışı ilə yekunlaşıb. Kafedra müdiri konfransda gəlinən nəticələr və son müddəalara toxunub. İştirakçılara təşəkkürünü bildirib.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?