Novruz bayramınız mübarək olsun !

27.03.2024
Novruz bayramınız mübarək olsun !

Novruz bayramı münasibətilə ADPU-nun Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmlər doktoru, dosent Yusif Alıyevin təbriki

Hörmətli professor-müəllim heyəti, dəyərli əməkdaşlar, əziz tələbələrimiz,

🍀Sizlərin hər birini qədim və milli bayramımız olan təbiətin canlanma günü olan Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, xoş bayram əhvalı, sevinc dolu günlər arzu edirəm.

Bildiyiniz kimi Novruz bayramı xalqımızın ən qədim bayramlarından biri kimi bizim tarixi mənəviyyatımızın simgəsi və milli mənəvi dəyərimizdir.

Sevindirici haldır ki, Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Novruz tonqalını Xankəndində qaladı, bütün Azərbaycan xalqını əzəli və əbədi torpağımızdan təbrik etdi. Çox qürurluyuq, çünki bir zamanlar bu arzu idisə, artıq o tonqal xalqımızın Vətən üçün döyünən ürəyinin atəşi ilə Xankəndində və bütün Qarabağda yandı. Dünən arzu olanı müdrik rəhbər və güclü ordu bu gün hər birimiz üçün reallığa çevirdi.

Artıq Qarabağa qayıdışla torpaqlarımızın yenidən canlanması, ocaqlarımızın yenidən alovlanması da başlandı və bir çox inkişafın təməli də atıldı. Çox qürurverici hissdir ki, artıq işğaldan azad edilmiş ərazilərdə soydaşlarımız Novruz süfrələri açır, öz doğma yurd yuvalarında bayram qeyd edir.

Bu ildən həm də gənclərimiz Xankəndində yaradılmış Qarabağ Universitetində təhsil almağa başlayacaqlar. Bu böyük və əzəmətli xəbər bizlərin bayram coşğusunu dəfələrlə artırmış oldu.

Novruz həm də yeni gün, yeni başlanğıcdır. 2024-cü ilin həm də ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” olduğunu nəzərə alsaq ölkəmizdə bu sahədə də aparılan bütün möhtəşəm işlərdə də sizlərlə əl-ələ həmrəy olacağımıza və əlimizdən gələn töhfəni verəcəyimizə əminəm.

Ötən Novruzdan bu günə qədər ADPU-nun Quba filialı olaraq da çox işlərə, çox ilklərə imza atdıq. Yeni ixtisasların açılması, yeni auditoriyaların yaradılması, tədbir və görüşlər, beynəlxalq konfrans və təlimlər, istərsə də əməkdaşlıq etdiyimiz qurumların kəmiyyət və keyfiyyət baxımından dəyişməsi bizlərin doğru yolda olduğumuzu sübut etdi. Elmi uğurlarımızın sayı artdı. Çox sevinirik ki, biz həm də 2023-cü ili, “Heydər Əliyev İli”ni uğurla yekunlaşdırdıq. Gənclər və idman naziri cənab Fərid Qayıbovun Filialımıza gəlişi bizləri daha da ruhlandırdı. Müxtəlif vaxtlarda müxtəlif ümumrayon tədbirlərində, sosial layihələrdə filial olaraq iştirak etdik. Hətta rəhbərlik daxil peşəkar komandamızla birlikdə rayon üzrə Şəhid və qazi ailələrinin yanında olduq, mənəvi köməklik göstərildi. Əmin olun ki, böyük ADPU ailəsinin üzvü olan Quba filialı Strateji hədəflərə doğru daha mətin addımlarla irəliləyir.

Diqqət etsək əgər keçən Novruzdan bu Novruza sadalamaqla bitməyəcək uğurlu yol keçmiş olduq…

Bu gün biz bu bayramı artıq qalib gəlmiş qəhrəman xalq kimi qeyd edirik. Ali Baş Komandanımızın əmri və müzəffər, şanlı ordumuzun qətiyyəti sayəsində işğaldan azad olnmuş torpaqlarımızdan artıq bahar ətri duyulur, inkişaf tonqalları gur yanır.

Torpaqlarımızın azadlığı uğurunda canlarından keçərək, şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımıza Allahdan rəhmət diləyir, hər bir şəhid anasının qarşısında baş əyirəm.

Bir daha hər birinizi ürəkdən təbrik edir, bu bayramın öz gəlişi ilə evinizə, ocağınıza firavanlıq gətirməsini arzu edirəm.

Novruz bayramınız mübarək olsun! Allah xalqımızı, dövlətimizi, ordumuzu, Prezidentimizi qorusun!

Quba şəhəri, 20 mart 2024-cü il.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?