Soyqırımı Günü

27.02.2023
Soyqırımı Günü
Erməni faşizminin bütün insanlıq üçün son dərəcə təhlükəli olan vəhşi xislətini nümayiş etdirən qanlı hadisələrə tarixin səhifələrində kifayət qədər rast gəlmək olar. Xocalı qətliamı isə bu hadisələrin sırasında xüsusi qəddarlığı, vəhşiliyi və amansızlığı ilə seçilir. Bu faciənin bir səciyyəvi cəhəti də ondan ibarətdir ki, xalqımıza qarşı törədilmiş bu soyqırımı təkcə erməni şovinizminin deyil, eyni zamanda indiyədək bütün bu vəhşilikləri törədənlərə havadarlıq edən bəzi dövlətlərin, qlobal güc mərkəzlərinin də maskalarının yırtılmasına səbəb oldu. Məhz bu qüvvələrin gərgin səyləri nəticəsində uzun müddət Xocalı qətliamının əsl mahiyyəti, baş vermiş faciənin həqiqi miqyası və erməni vəhşiliklərinin nəticələri dünya ictimaiyyətinə pərdələnmiş şəkildə təqdim olundu.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş bu qanlı cinayət Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən birinə çevrildi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Lakin Xocalını tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu bir daha təsdiqləyir. Azərbaycanın qədim tarixi məkanlarından olan Xocalı şəhəri işğalın nəticəsində xarabalığa çevrildi.
Azərbaycan öz həqiqətlərini dünyaya çatdırmaq üçün uzun illər həm göz önündə olan düşmənlə, həm də möhtəşəm yalanlarla mübarizə aparmalı oldu. İlk dəfə 1994-cü il fevralın 24-də Milli Məclis Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi və BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bu gün də Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində dövlətimiz tərəfindən davamlı olaraq məqsədyönlü addımlar atılmışdır və bu proses bu gün də davam edir. Əslində Xocalı faciəsi kimi qətliamlar bütün dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və əqdlər tərəfindən birmənalı olaraq pislənir, belə əməllərin yolverilməz olduğu açıq-aydın bildirilir. Lakin az öncə də qeyd etdiymiz kimi, müəyyən qüvvələrin səyləri nəticəsində ermənilərin Azərbaycana qarşı törətdiyi bu vəhşiliyə qarşı dünya ictimaiyyəti uzun müddət susqunluq göstərmişdir və əgər bu gün vəziyyət bizim xeyrimizə dəyişirsə, bu, birmənalı olaraq Xocalı qətliamı ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və cinayətkarların layiqli cəzalandırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyasının və xarici siyasətin bariz nəticəsidir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Pakistan, Sudan, Meksika, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Dünyada isə hər il Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı getdikcə artır. Bu gün bəşəriyyət yeni dünya düzəminin formalaşması mərhələsini yaşayır. Bu düzəmin insanpərvər və mütərəqqi olub-olmayacağı isə həm də insanlığın Xocalı soyqırımı kimi qanlı faciələrə, bu cinayətləri törədənlərə və onların havadarlarına qarşı nə dərəcədə qətiyyətli və həmrəy çıxış edə biləcəkləri ilə müəyyən olunacaq.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?