“Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”

02.08.2023
“Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan dili Gününə həsr

edilmiş “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” adlı elmi-praktiki konfrans keçirildi.

Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin gənclərlə iş sektorunun müdiri Mənsur Ağayev, filialın müəllim və tələbə kollektivi iştirak edirdi.

Öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbir filialın “Coğrafiya müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Nəzrin Məmmədovanın moderatorluğu ilə davam edib.

Daha sonra, ADPU – nun Quba filialının direktoru fiz.ü.f.d dosent Y. İ. Alıyev çıxışına Ulu öndər Heydər Əliyevin “Azərbaycan dili çox gözəl dildir, həm də çox ləzzətli dildir” kəlamı ilə başladı. Çıxışında ilk olaraq, Azərbaycan dilinin ülviliyi və şirinliyini qeyd etdi. Vurğuladı ki, Azərbaycan dili zəngindir və minillər öncə dilimizdə istifadə olunan sözlər öz leksik mənalarını məhz bugündə qoruyub saxlamışdır. Ana dilimizdə mövcud olan sözlər digər türk dilləri ilə ortaqlıq təşkil edir. Dilimiz yaradıcı, qurucu və təkamül dilidir. Dili qoruyan xalq, şair və yazıçılardır. Y. İ. Alıyev çıxışının sonunda bildirdi ki, dil millət yaşamının ifadəsidir. Dil millətin bugünü, keçmişi və gələcəyidir. Dil millətin atributudur.

Sonrakı çıxış isə Əməkdar mədəniyyət işçisi, Filialın müəllimi Elza Orucova tərəfindən edildi. O, qeyd etdi ki, Heydər Əliyevin Azərbaycan xalqının tarixində misilsiz xidmətləri olmuşdur. Bunlardan biri də, “Azərbaycan və dil siyasəti” mövzusudur. H. Əliyev deyərdi ki, Hər bir millətin dili onun üçün əzizdir. Çıxışına bu ifadələrlə başlayan E. Orucova daha sonra bir sıra tarixi faktları söylədi.

1978- ci ildə Konstitusiyaya Azərbaycan dili xüsusi dil kimi daxil edildi. 21 -ci maddədə isə Azərbaycan dilinin dövlət dili statusu alması qeyd edildi.

Növbəti çıxış üçün söz isə “Ədəbiyyat və dillər” kafedrasının müəllimi Kəmalə Bayramovaya verildi. O, isə öz çıxışında Azərbaycan dilinin təkamül tarixindən danışaraq qeyd etdi ki, dilimizin yaşı 1300 ildən artıq götürülür.

“Humanitar və sosial elmlər” fakültəsinin dekan vəzifəsini müvəqqəti icra edən Ped.ü.f.d A.B. Şeydayeva öz çıxışında əlifba islahatları haqqında tezislərdən danışdı. Çıxış eyni zamanda əlifba və Azərbaycan dilinə dövlətçilik baxımından yanaşılmasını əhatə edir. Çıxışını isə görkəmli dilçi alim A. Axundovun sözləri ilə yekunlaşdırdı.

Daha sonra tədbirdə Ədəbiyyat və dillər kafedrasının baş müəllimləri Rahib Sədullayev, Eyvaz Şeydayev, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin gənclərlə iş sektorunun müdiri Mənsur Ağayev çıxış edərək qeyd etdilər ki, Azərbaycan dili öz mahiyyətinə görə indi dünyanın ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməxsus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili, hər şeydən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik quruluşa malikdir.Azərbaycan dilində ən dərin duyğuları, ən incə mənaları istədiyin şəkildə çox müxtəlif bədii boyalarla ifadə etmək olur. Bu dil elmi, siyasi, fəlsəfi fikirləri çox aydın ifadə etməyə qadir olduğu kimi, bədii təfəkkürün gözəl nümunələrini yaratmaq üçün də çox yararlıdır.

Sonda isə Filialın Fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri “Azərbaycan dili və ədəbiyyatı” müəllimliyi ixtisasının 2-ci tədris ili tələbəsi Zəhra Məmmədova Azərbaycan dilinin zənginliyi barəsində danışaraq, fikrini M.Şəhriyarın şeiri ilə tamamladı.

Sonda xatirə şəkli çəkdirildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?