Heç kəsin inanmadığı uşaq

20.10.2023
Heç kəsin inanmadığı uşaq

Tom heç kimin inanmadığı bir uşaq idi – ancaq mən onun gələcəyinə inanırdım

Məxfi müəllim

Bu, məqalə səkkiz il bundan əvvəl yazılıb

    İlk dəfə Tomu günəşli bir gün, güllə atmada uğursuzluğundan sonra, göz yaşlarına boğulduğu zaman gördüm.

    Bu cür davranışı onu müəllimlər otağında pis uşaq kimi məşhurlaşdırmışdı. Müəllimləri durmadan onun belə zırramalıqlarından şikayətlənirdilər – o, bir dəfə kriket oyununu uduzmaqda olduğunu gördüyü zaman da qəzəblə çıxıb getmişdi. O, həm də özündən razılığı ilə tanınırdı, dərsləri ilə ciddi məşğul olmaqdansa, dərs vaxtını stulun arxasında yellənərək keçirirdi.

    Lakin Tom ingilis dilindən ən aşağı səviyyəli qrupumda olanda fərqli bir şey gördüm. Hazırlıq sinfinin sonuncu ili idi – bütün digər dostları kimi – o da nüfuzlu orta məktəblərə qəbul olmaq uğrunda mübarizə aparırdı. Bu ilin çox böyük əhəmiyyəti vardı.

    Əvvəlcə o, özünü haqqında formalaşmış adına uyğun aparırdı. Mən ona tapşırıq yazdıranda qələmini yerə çırparaq, – “Mən qabiliyyətsizəm.” –  deyir, tövsiyyə etdiyim bütün kitabların çox çətin, çox darıxdırıcı və ya kifayət qədər maraqlı olmadığını iddia edirdi. Ucadan oxumaqdan da boyun qaçırırdı, çünki sözləri kəkələyərək və təkrarlayaraq oxumağına nifrət edirdi. Anasının rişxənd dolu sözləri də kömək etmirdi. – “Mənim bütün uşaqlarım aşağılarda olmalıdır?” – bir dəfə o, sinif otağımın qapısında mənə zarafat etdi.

    Ancaq Tom hər kəsin dəyərləndirdiyindən daha zəkalı idi. Bir gün ona kostyumlu bir kişinin şəklini verdim və gördüklərinə əsasən onun xarakter təsvirini yazmasını istədim. Adamın xarici görünüşünü təsvir etmək əvəzinə, Tom onun həyatının əsas detalları, o cümlədən dəbdəbəli evi, dözülməz tənhalığı haqqında ətraflı məlumat verdi. Başqa bir dərsdə isə o, klipdəki obrazın kor olduğunu müəyyən edən yeganə uşaq olmuşdu. Klipdə buna sadəcə işarə edilmişdi və bütün digər uşaqlar, o cümlədən, orta səviyyəli olanlar da onu sezməmişdilər. Bu qədər anlayışlı olduğuna görə tərifləyəndə gözlərində gördüyüm qüruru xatırlayıram.

    Mən Tomun anasına onun yaradıcı təxəyyülü və ağıllı müşahidələri haqqında danışdım; hər dəfə də dediklərimi vecinə almadan paltarıma kompliment deyər, uzun qəhqəhələri onu və digər anaları yol boyunca müşayət edərdi.

    İl irəlilədikcə Tomun uğurları da günbəgün artırdı. Bu, özünü sinifdə suallara cavab vermək üçün əlini qaldırmaq kimi kiçik şeylərdən başlamağı ilə göstərdi. İdeyalarının qəbul olunduğunu anladıqca daha çox çalışırdı.

Bir gün yazdığı hekayəni göstərmək üçün dərsdən sonra məni gözlədiyini gördüm. Durğu işarələri yerli-yerində olsa da, heç bir abzas görünmürdü, lakin özünü oxu əleyhdarı adlandırmaq iddiasında olan birisi üçün o, doğrudan yaradıcı təhkiyyəçi idi.

    Mən insanların Tom haqqında səhv düşüncələrini sübut etmək və bu

oğlanda özünə inam yaratmaq üçün çox çalışırdım. O, ümumi qəbul imtahanlarına həqiqətən ciddi hazırlaşırdı, hər həftə onu çalışdıran öyrənməyə kömək komandası da, əlavə bir fürsət idi. Biz onun yaddaşına həkk olunması üçün çox ehtiyac duyduğu sahələr haqqında söhbət edirdik. Sınaq imtahanlarında düzgün yazı və qrammatikasında mühüm dəyişikliklər vardı, lakin diqqətimi daha çox çəkən onun fənnə yeni sevgisi idi. O, sinifdə haqqında danışdıqlarımızdan öyrənir və yazısı möhtəşəm alınırdı.

    İlin sonuna doğru gördüm ki, Tom özünü əvvəllər heç təsəvvür etmədiyi bir işdə – məktəb teatrında sınamaq istəyir. Həmkarlarımın inamsızlığına baxmayaraq, ona baş rolu verdim.

     “Dəli olmusan?”- Bütün müəllimlər ucadan güldülər, başa düşmədiyim fakt haqqında zarafatlar etdilər. – “Bəlkə bütün rolları verəsən  ona?” – deyərək məni ələ saldılar. Tomun bu hərəkəti onun anasına da gülməli göründü. – “Nə etdiyinizdən əminsinizmi?”– o soruşdu.

    Ssenarini oxuyanda Tom əvvəllər çox çətinlik çəkirdi. O, dayanır, sözləri tam başa düşənəcən təkrar-təkrar oxuyurdu. Ona kömək etmək üçün sətirləri qısaldır və pyesi modernləşdirirdik. Lap çətin parçaları o, özü yenidən yazırdı, bu, ona onları ifa etmək üçün daha çox cəsarət verirdi.

    Yay tətilinin sonunacan tamaşanı iki dəfə oynadıq; birinci gecə xeyli çətin oldu, lakin ikinci və sonrakılar sözsüz möhtəşəm idi. Əlbəttə ki, bir sıra emosional kəkələmələr və bəzi unudulan şeylər oldu, lakin Tom səhnədə özünü lazım olduğu kimi apardı və bütün qabiliyətini nümayiş etdirə bildi.

    O, səhnədən düşərkən,- İmtahan nəticələrindən asılı olmayaraq, ən azından bu tamaşan var, – dedim.

    Bir neçə gündən sonra ümumi qəbul nəticələri çap olundu. Bir D, bir-iki C, çoxu B, sinifdə bir nəfər – mənim qəhrəmanım A qazanmışdı.

Sonuncu ilində Tomun nail olduğu hər şeylə, bu qədər çox çalışdığım üçün özümlə də qürur duyurdum. Bəlkə də bu, mənim inadkarlığımdır, ancaq adamların Tom haqqında yanlış düşündüklərini sübut etmək və bu oğlanda özünə inam yaratymaq üçün bütün varlığımla çalışmışdım. Mən müəllimliyimi formalaşdıran yeni bir anlayışla ayrıldım. İndi hər uşağa fərdi yanaşmağın niyə lazım olduğunu daha çox aydın hiss edirəm. Bir də öyrəndim ki, dayanmadan çalışmalısan – kim nə düşünür, düşünsün. Problemləri olan, adamların inanmadığı birilərinə dərs dediyim hər zaman, onlardan heç vaxt əlimi üzmürəm.

“The Guardian” 20 sentyabr 2015

The Secret Teacher (Məxfi Müəllim) “Gardian” qəzetinin anonim bloqudur, burada müəllimlər istədiklərini olduğu kimi deyə bilərlər.

İngiliscədən çevirdi: Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?