Filialda ADA Universiteti təlim keçirib

10.03.2022
Filialda ADA Universiteti təlim keçirib

9 mart tarixində ADPU-nun Quba filialında ADA Universitetinin “Səyyar ADA” layihəsi əsasında təlim keçirilib.Filialın direktor köməkçisi Mürvət Əliyev qonaqları, həmçinin Quba RİH – nin İctimai – siyasi və  humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovu salamlayıb, belə layihə təqdimatlarının davamlı olmasını arzu edib.

ADA universitetinin Tələbə qəbulu şöbəsinin baş mütəxəssisləri Leyla Əliyeva və Ləman Hüseynli magistraturaya qəbul imkanları ilə bağlı təlim  keçirmişdir.

Bildirilib ki, ikiillik magistr proqramlarında tədris yerli və xarici müəllimlər tərəfindən ingilis dilində aparılır. Dərslər axşam saatları və həftəsonu keçirildiyindən işləyən namizədlər üçün də ali təhsillərini davam etdirmək imkanı yaradır.

Magistratura proqramlarının siyahısı aşağıdakıdır:

  • Diplomatiya və beynəlxalq münasibətlər
  • Dövlət idarəetməsi
  • Təhsil üzrə menecment
  • Təlim və tədrisin təşkili və metodikası
  • Biznesin idarə edilməsi (MBA)
  • Maliyyə üzrə MBA (Rusiyanın MQİMO Universiteti ilə birgə)
  • Kompüter elmləri və Data analitikası (ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə)

ADA Universiteti və Corc Vaşinqton Universiteti tərəfindən təklif olunan Kompüter elmləri və Data analitikası üzrə yeni magistr proqramı isə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və BP və tərəfdaşları tərəfindən maliyyələşdirilir.

ADA Universitetində magistr təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin magistraturaya qəbul imtahanında iştirak etməli və ingilis dili bilikləri üzrə müvafiq sertifikat (“IELTS” və ya “TOEFL” və ya “Duolingo”) təqdim etməlidirlər. İlkin mərhələdən uğurla keçən namizədlər individual müsahibəyə dəvət olunurlar.

Proqramlar barədə ətraflı məlumat almaq istəyən namizədlər ADA Universitetinin veb-səhifəsinə daxil ola (ada.edu.az), əlavə suallarla isə admissions@ada.edu.az ünvanına  müraciət edə bilərlər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?