Faciəmiz və şanlı tariximiz! 20 Yanvar faciəsindən 33 il keçir..

enilməzlik, qeyrət, qəhrəmanlıq ünvanlı bir səhərin başlanğıcı olan 19 yanvar gecəsi…Təklənmiş bir xalqın azadlıq eşqi, milli qüruru o gecə mərmi ilə, ünvanı səhv salmış güllə ilə üz-üzə gəldi, ölümün gözünə dik baxa-baxa şəhid olanlar xalqımızın əzmini ifadə eləyirdi o gecə .
Ürəyində təpər olanlar, vətən, torpaq kəlmələrini varlığına hopduranlar, ömür payını mənsub olduğu xalqın azadlığına girov qoyanlar şəhid oldular o gecə..
Vətənin müstəqilliyi uğrunda canlarından keçənlərin sırasında dörd nəfər qubalı da vardı.
– Qeybullayev Elçin sazda “Misri”yə, tarda “Heyratı” ya uçunanların vətən məhəbbəti, həyat eşqinin daşıyıcısına çevrilib həmişə. Elçin öz qorxmazlığıyla, öz sevgisiylə-öz ölümüylə ömrünün 22-ci yanvarında bu qənaəti bir daha təsdiqlədi: iki il Əfqanıstanda odun-alovun içində olmuşdu. Aldığı iki yaradan biri hələ tam sağalmamışdı. Bakı Baş Tikinti trestinin 20 saylı tikinti idarəsində fəhlə işləyib. Subay idi Elçin. 19 yanvar gecəsində o da öz etirazının canlı heykəlinə çevrildi: Onun da qəlbində doğma torpağımıza məhəbbət, dilində ulularımızın vəsiyyətləri, baxışlarında Qarabağ faciəsini törədənlərə böyük nifrət vardı.
Aşıq deyər çal nəyi;
Rahat etsin ürəyi.
Elçin şəhid olandan,
Dözmür dərdə Küçeyi.
Qəniyev Mirzə əslən Yerfilidir. Bakının Yasamal rayonundakı 13 saylı orta məktəbini bitirib. Bakıda su kəməri idarəsində çilingər işləyirdi: 19 yanvar gecəsi güllə torpağımıza uzanan əllərini biləyindən kəsməyə hazır olan qolunu parçaladı. Bəlkə də son anda qırğın səhnəsini gözlərinə köçürübmüş Mirzə. Lakin sonrakı güllələr etiraz piketinə toplaşanların, haraya gələnlərin başına açılan sonrakı müsibətləri görə bilmədi; torpağımızın bütövlük eşqi ilə çırpınan bir ürəyin döyüntüləri dayandı- Semaşko adına xəstəxanada vəfat etdi; Şahid gözlər şəhid oldu.
Əzizim gözə getdi;
Dağ endi düzə getdi.
İnanmır Yerfi kəndi
Dünyadan Mirzə getdi.
Həsənov Müzəffər də 1939-cu ildə Yerfi kəndində anadan olmuşdu. 1963-cü ildə ailəliklə Bakıya köçüb. Tikinti quraşdırma idarəsinin avtobazasında sürücü işləyib.
…Vuran qolumun qüvvəti oğul
…bu təkcə Qəzənfər Həsənovun dilini yandıran bir ağının dilsiz fəryadı deyildi; bir şəhid oğlunun adıyla bağlı xalqımızın kədərini ümumiləşdirən ata niskili, kişi dözümüydü. Üstümüzə yeriyən ölüm yenilməzliyi, qeyrəti, qəhrəmanlığı vahiməyə sala bilmədi. Ölüm aciz olduğunu qan tökməklə imzaladı, güllə ilə möhürlədi. Yüzlərlə oğul şəhid bacı-qardaşları da xalqımıza məxsus yenilməzlik, qeyrət, qəhrəmanlıq butasını günahsız tökülən qanlarıyla bəyan etdilər.
Əzizim çıx səfərə,
Yetiş hər an zəfərə.
Yas saxlar Yerfi kəndi,
Şəhidi Müzəffərə.
Deyirlər ki dünyanın ən xöşbəxt adamı azadlığı, qeyrəti, namusu uğrunda qurban getmiş şəhidlərdir. Deməli, Raqib Hüseynov da dünyanın ən binəsib xöşbəxtidir. 1939-cu ildə Qubada dünyaya göz açan, 8 uşaq atası olan Raqibin tabutu da bütün Azərbaycanın çiynində götürüldü. Raqib müqəddəs saydığı Qubada torpağa tapşırıldı. O torpağa ki, həmişə qeyrətini çəkmiş, öləndə də qollarını açıb torpağı elə həsrətlə qucaqlamışdı ki … Ana döşünə sığınan körpə kimi.
Aşiq qəlpə dəyənmiş,
Qəlpə qəlbə dəyənmiş.
Əğyarın güllələri
Ər Raqibə dəyənmiş.
Azərbaycan torpağında tökülən nahaq qanı hava işıqlanınca yumaq, yolu-izi itirmək, o müdhiş gecənin eybini ört-basdır etmək üçün tüstü də buraxdılar, su da tökdülər. Lakin başa düşmədilər ki, günahsız qan su ilə yuyulmaz. Şəhid qanından məlhəm qoyulmuş vətən torpağı sulandıqca oradan vəhşiliyə nifrət göyərəcək.
Bakının, Qubanın müqəddəs şəhidlər xiyabanları. Səslər gəlir hər tərəfdən. Bir qədər həzin, bir qədər incik, lakin mübariz səslər.
Ey vətən oğulları, igid ərlər. Biz vətən yolunda qurban getdik, azadlığı, müstəqilliyi qoruyub saxlamağa borclusunuz, bilirsinizmi borclusunuz!
Bir də, bir də qisasımızı almalısınız. -deyə pıçıldayır ruhlar bizə…
Aman Allah! Bu nədir ruhlar da dil açarmış, danışarmış?!
Əmin olun, igidlərim, şəhidlərim, Elçinlərim, Mirzələrim, Müzəffərlərim, Raqiblərim….., qisasınız alınacaq, hökmən alınacaq!
Belə dedi Odlar yurdu Azərbaycan.
Qisasınız gec-tez alınacaq!
Amin!
x x x
Budur, qisasınız artıq alındı. İgidlərim, Elçinlərim, Mirzələrim, Müzəffərlərim, Raqibələrim…
10 noyabr 2020-ci il tarixdə üç ölkənin dövlət başçıları-Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının prezidenti tərəfindən bəyanat imzalandı.Bəyanatda 10 noyabr- 2020-ci il tarixdə Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və münaqişə bölgəsindəki bütün hərbi əməliyyat dayandırılması elan edilir. Bu bəyanatın müddəalarına əsasən 44 günlük Vətən müharibəsi tam başa çatdı. Azərbaycan ordusu bölgədə tam qalib elan edildi.
Azərbaycan 2020-ci il sentyabr 27-də başlanmış və 44 gün davam etmiş Vətən müharibəsini böyük zəfərlə başa çatdırdı. Son iki yüz ilində Azərbaycan müharibədən ərazi bütövlüyünü bərpa edərək çıxdı və öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu.
Bu tarixi qələbəyə şəhidlərimizin fədakarlığı sayəsində nail olduq. Bu qələbəni həm də qazilərimizin sayəsində qazandıq. Bu möhtəşəm qələbənin ən başlıca səbəbkarı isə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və əsgərlərimizin ruh yüksəkliyi idi.
Şəhidlərimizə Allah rəhmət etsin! Məzarları nurla dolsun!
Şixəmməd Seyidməmmədov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Quba filialının Riyaziyyat və təbiət elmləri fakültəsinin “Təbiət elmləri” kafedrasının baş müəllimi.
Ali kateqoriyalı, III Dərəcəli Əmək Şöhrəti ordenli müəllim.