Azərbaycan – Rusiya əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindədir

29.11.2021
Azərbaycan – Rusiya əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindədir

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə səsləndirdiyi “Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq”– ifadəsini eşidən hər kəsdə əməkdaşlığımızın inkişaf tempi haqqında təəssürat yarandı. Çünki cəmi üç il əvvəl – 2019-cu il oktyabrın 2-də məhz yenə də Soçidə Rusiya Federasiyasının Prezidenti ilə görüşən dövlət başçımız cəmi 5 yol xəritəsindən danışmışdı. Əməkdaşlıq sahələrimizə üç ildə daha iki yol xəritəsi əlavə olunubsa, şübhəsiz, bu, müsbət tendensiyadır.
Xatırladaq ki, Prezident İlham Əliyev 2019-cu ilin oktyabrında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçidə işgüzar səfərdə olarkən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI plenar sessiyasında çıxış etmişdi. Həmin çıxışda vurğulanan bütün məqamlardan Azərbaycan– Rusiya əlaqələrinin möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı aydın görünürdü. Dövlət başçımız orada 2018-ci ildə Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanan Rusiya–Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planında əks olunan 5 yol xəritəsindən söz açmış, həmin xəritələrin iqtisadi əlaqələrimizin genişlənməsinin mühüm istiqamətlərini müəyyənləşdirdiyini vurğulanmışdı.
Adı çəkilən yol xəritələri ticarət, nəqliyyat, ölkəmizin ərazisində birgə istehsal sahələrinin qurulması, büdcəvergi sektorunun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti, habelə humanitar sahədə əməkdaşlığı nəzərdə tutur. Yeri gəlmişkən, iki ölkə arasındakı “Sərbəst ticarət haqqında saziş” də ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Bundan başqa, Prezident İlham Əliyev “Valday”da sualları cavablandırarkən demişdi ki, sərhəd-buraxılış məntəqələrinin inkişafı layihələrinin sinxronlaşdırılması məsələsi müzakirə olunur və bu sahədə xüsusi yol xəritəsi hazırlanacaq.
Bu il noyabrın 26-da keçirilən görüşdə isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin xatırlatdı ki, pandemiya ilə bağlı bütün məsələlərə və bununla əlaqədar iqtisadiyyatda məhdudiyyətlərə baxmayaraq, hər halda bu ilin 9 ayı ərzində bizdə əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir: “Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard dollar birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biridir. Əlbəttə, humanitar əlaqələr bu fonda davam edir”.
Elə Azərbaycan Prezidenti də öz çıxışında ictimai-siyasi və sosial-iqtisadi məsələlərlə yanaşı, humanitar sahədəki uğurlardan da danışdı: “Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində, bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur”.
Siyasi fəaliyyətində və dövlət idarəçiliyndə həmişə konkret və daha yeni olan faktlara istinad edən Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə görüşdə də faktlara daha çox yer verdi: “Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub. Mən bu həftə Rusiya Federasiyası hökuməti sədrinin müavinini qəbul etmişəm, dünən axşam Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bu həftə Rusiyanın ixrac mərkəzi və “Roseksimbank”ın böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edirdi. Yəni, bu, bir həftə bizim qarşılıqlı fəaliyyətimizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır”.
Yada salaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə dövri olaraq görüşür və əməkdaşlığın müxtəlif spektrləri müzakirə olunur. Son dördbeş ilin faktlarına nəzər salsaq, həmin görüşlərin intensivliyi barədə təsəvvür yaranar. Məsələn, dövlət başçımız 2016-ci il iyunun 20-də, 2017-ci il iyulun 21-də, dekabrın 27-də, 2018-ci il iyunun 14-də, dekabrın 6-da, 2019-cu il oktyabrın 2-də, dekabrın 20-də, 2021-ci il yanvarın 11 də və bu il noyabrın 26-da Rusiya Federasiyasında səfərdə olmuşdur. Bu faktların özü elə əməkdaşlığın səviyyəsini göstərir.
Bundan başqa, Prezident kitabxanasının elektron resurslarında göstərilir ki, Azərbaycanla Rusiya arasındakı müqavilə-hüquq bazasını möhkəmləndirmək üçün 236-dan çox sənəd imzalanmışdır. İnanırıq ki, bu göstərici əksər xarici ölkələr üçün nümunə gəstərilə bilər.
Prezident İlham Əliyev bütün bu faktları Soçidə də yada salaraq dedi ki, biz ikitərəfli formatda çox məsələləri həll etmişik və bu gün münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk: “Bu, sadəcə, söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?