İyunun 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsil sahəsində ictimaiyyətlə effektiv əlaqə” mövzusunda keçirilən iki günlük peşəkar təlim proqramı başa çatıb. ADPU-nun fakültələri, filialları, kolleci və digər müvafiq strukturlarının ictimaiyyətlə əlaqələr və marketinq siyasətinə məsul şəxsləri üçün nəzərdə tutulan təlim proqramında Quba filialının əməkdaşları Türkan İskəndərova və Nigar Mikayılova da iştirak edib.
Təlim iştirakçılarda KİV və sosial media üçün xəbərlərin, məlumatların hazırlanması, press-relizlərin tərtibi qaydaları, diqqət edilməli məqamlar, tələb olunan əsas səriştələr, ifadə üsulları, sosial media resurslarından effektiv istifadə, təhsildə marketinq anlayışları və s. haqqında ətraflı təsəvvür yaratmaq, onların iş motivasiyasını artırmaq, komanda ruhunu formalaşdırmaq məqsədi daşıyır.
Proqram ərzində peşəkar təlimçilər Eltac Cəbiyev və Fəxrəddin Abdullayev, Bakı Dövlət Universitetinin dosenti, media eksperti Vəfa İsgəndərova, ADPU-nun mətbuat katibi, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Cavid Hüseynov, eləcə də şöbənin redaktoru Taleh Mirzəyev, qrafik dizeyneri Elvin Vahidov və SMM mütəxəssisi Asim İbrahimovun təqdimatında qeyd olunan istiqamətlər üzrə 34 nəfər iştirakçı üçün təlimlər təşkil olunub.
İnteraktiv şəraitdə keçən təlimlərdə iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı diskussiya aparılıb.
Proqramın bağlanışında iştirak edən ADPU-nun rektoru prof. Cəfər Cəfərov iştirakçıları təbrik edərək, görülən məqsədyönlü tədbirlər sayəsində universitetin nüfuzunun günü-gündən artdığını qeyd edib. Rektor əməkdaşların sahələr üzrə peşəkar kompetensiyalarının inkişaf etdirilməsində bu kimi təlimlərin əhəmiyyətinə toxunaraq, həm korporativ, həm də şəxsi qaydada daimi inkişaf proqramlarına qatılmağın vacib olduğunu vurğulayıb.
Yekunda rektor prof. Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev və ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov tərəfindən iştirakçılara müvafiq təsdiqedici sertifikatlar təqdim olunub.