ADPU Quba filialında “Şuşa, biz qayıtdıq!” adlı elmi praktik konfrans keçirilib

27.05.2021
ADPU Quba filialında “Şuşa, biz qayıtdıq!” adlı elmi praktik konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Quba filialının Doktorantlar və Gənc Tədqiqatçılar Şurasının (DGTŞ) təşkilatçılığı,  Azərbaycan Demokratik Respublikasının yaradılmasının 103 illiyi münasibətilə 28 May Respublika gününə həsr olunan “Şuşa, biz qayıtdıq!” adlı elmi praktik konfrans keçirilib. Konfransda qonaq qismində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov, Bakı Mühəndislik Universitetinin Riyaziyyat-İnformatika kafedrasının baş müəllimi Bəhmən Qüdsi, ADPU- nun Fizika fakültəsinin dosenti, f.ü.f.d Sakin Cabbarov da qonaq qismində iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan konfrans Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş videoçarxla davam edib.

Çıxış üçün söz “Azərbaycanın dövlətçilik tarixi” mövzusunda məruzə üçün filialın direktoru dos. Yusif Alıyevə verilib. Direktor çıxışında bildirib ki, bu gün şərəf hissi ilə tarixə işıq sala bilirik və qalib ölkənin vətəndaşı kimi çıxışdan qürur duyur. Y. Alıyev çıxışında təhsil quruculuğu sahəsində AXC-nin islahatlarından bəhs edib və Bakının işğal tarixinə nəzər salıb. Qafqaz İslam Ordusunun Azərbaycan Ordusu ilə birliyi nəticəsində Bakının işğaldan azad edilməsini vurğulayıb. Direktor çıxışında tariximizdəki şərəfli səhnələrin “Dəmir yumruq” əməliyyatı ilə davam etməsini qeyd edib. Bildirib ki, ADPU da dövlətin bu siyasətinə dəstək olur. Direktor filialda “Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər” mövzusunda konfransının keçirilməsini xatırladıb. Bildirib ki, bu, gələcək kadrların hazırlanması istiqamətində işin davamıdır. O, filialın strateji yol xəritəsindən bəhs edib və bildirib ki, bu strategiya çərçivəsində Gələcəkdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Filialın Təbiət fənləri və onun tədrisi kafedrasının müdiri, dos. Güləddin Həmzəyev “Qarabağ müharibəsinin iqtisadi-ekoloji nəticələri” mövzulu məruzəsində öncə “Qarabağ” və “Dağlıq Qarabağ” məhfumllarına münasibət bildirib. Qeyd edib ki onlar hər ikisi konkret sərhədləri olan məkanı şərtləndirir. Sonra bu ərazilərin landşaftı, ekoloji vəziyyəti barədə danışıb. Bildirib ki, işğal dönəmində bu ərazilərdəki flora və fauna dağıdılıb, nadir heyvan növlərinin nəsli kəsilib. Buradakı qızıl mədənləri, faydalı qazıntı yataqlarının adları sadalanıb. Bildirilib ki, hazırda Qarabağda 120 mineral su bulağı mövcuddur və Ermənistandan gələn çaylar ağır metallarla çirkləndirilib. Ümumiyyətlə Qarabağ müharibəsi gedişində Azərbaycandan 20 min nəfər həyatını itirib, 50 min nəfər şikəst olub. Azərbaycana dəyən ümumi ziyan isə 800 milyard manat həcmində hesablanıb.

İTE-nin direktoru İsa Qasımov konfrans iştirakçılarını 28 May Respublika günü münasibətilə təbrik edib. O, məruzəsinə “Şuşaya necə qayıdırıq?” sualın ilə başlayıb. Vətən müharibəsində yeni nəsil insansız döyüş aparatlarından, xüsusilə də Bayraqtar PUA-larından danışın.  Həmçinin ayrı-ayrı ölkələrin innovativ texnologiyalara xərclədikləri vəsait müqayisəli şəkildə təhlil olunub. Təhsil və tədqiqat sektorunda innovativ texnologiyaların bütöv Azərbaycan uğrunda mübarizəyə dəstəyini əsas gətirib. İ. Qasımov çıxışında həm də azad edilmiş ərazilərdə yenidənqurma üçün vacib olan bir neçə istiqaməti qeyd edib. Regionun Mədəni və intellektual inkişaf perspektivlərini sadalayıb.

ADPU Quba filialının ədəbiyyat və dillər kafedrasının müdiri, f.ü.f.d. Gülşən Ağabəyin “Azərbaycan Cümhuriyyət dövründə (1918-1920-Cı İllər) poeziya” məruzəsi dinlənilib. Bildirilib ki, həmin dövrdə poeziyanın başlıca mövzusu üçrəngli bayrağa həsr olunmuş şeirlər olub. 1906-1917-ci illərdə isə poeziyanın əsas mövzusu istiqlaliyyət olub.

Bakı Mühəndislik Universiteti, Riyaziyyat – informatika kafedrasının baş müəllimi Bəhmən Qüdsi “Gələcək gəlmişmi?” adlı məruzəsində yüksək texnologiyaların əmək bazarında insanlarla rəqabət aparması, tələbələrdə 4 G bacarıqlarının formalaşdırılması, tənqidi düşünmə, yaradıcılıq, mühakimə qabiliyyətlərinin inkişafından söz açıb.

ADPU Quba filialının fizika fakültəsinin dosenti f.ü.f.d Sakin Cabbarov “İşğaldan azad olununmuş  ərazilərdə elmi tədbirlərin təşkili” mövzusunda məruzə edib. Türkiyənin Kapadokya ərazisində təşkil olunan konfransın timsalında nümunələr göstərib. Bu konfransı asanlıqla Azərbaycana gətirməyin mümkünlüyünü qeyd edib.

ADPU-nun Quba filialının Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi, DGTŞ-nın sədri Elbrus Əhmədov “İşğaldan azad olunmuş ərazilərin rekreasiya potensialı və turizmin inkişafi” mövzulu çıxışında uzun müddət işğal altında olmasının ərazilərə xeyli ziyan vurduğunu qeyd edib. Ən ciddi ziyan isə yol nəqliyyat sturukturuna dəyib. Turizm üzrə yerli və xarici mütəxəssislərin, əcnəbi turizm şirkətlərinin cəlbinə, ekoloji təmiz nəqliyyat növlərinə, turizm üzrə marketinq növlərinə üstünlük verilməsi təklif olunub.

ADPU Quba filialının tərbiyə işləri üzrə direktor müavini, Aysel Şeydayeva “Şərqdə ilk Respublika- Azərbaycan” mövzusunda çıxış edib. Bildirib ki. AXC müstəqil Azərbaycan üçün bir zəmin idi. Çıxışda həm də M. Ə Rəsulzadənin nitqlərindən bəzi məqamlar səsləndirilib.

ADPU Quba filialının direktor köməkçisi Mürvət Əliyev “Qarabağa erməni iddiaları və AXC-nin bununla mübarizəsi” mövzulu məruzəsində 27 sentyabr 2020-ci ilə qayıdıb. Bu tarixi 100 il öncəki hadisələrlə müqayisə edib. Azərbaycanın şimalda yerləşən ordularının qərbə doğru çəkilməsini əsas oxşarlıqlardan hesab edib.

ADPU Quba filialının pedaqoji fakültəsinin dekanı müavini Nübar Bayramova. “Multikulturalizm Heydər Əliyevin Azərbaycançılıq ideyasının təməl sütunudur” adlı məruzədə ölkəmizdə etnik müxtəlifliyə hörmət, multikultural dəyərlərdən söz açıb.

Sonra çıxış üçün söz “Azərbaycan populyasiyasinda yeni nəsil sekvens üsulu ilə düşen əzələ distrofiyasi iris xəstəliyində distrofin geninin molekulyar-genetik tədqiqi” mövzusunda məruz üçün filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müəllimi, b.ü.f.d. Səltənət Ağayevaya verilib. O, çıxışda bir sıra genetic tədqiqatlara istinad edib.

Filialın Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi, r.ü.f.d Elnarə Axundovanın “Birinci və ikinci Qarabağ müharibəsində qubalıların iştirakı mövzulu çıxışı rəğbətlə qarşılanıb. Qeyd edilib ki, bu hansısa ayrı-seçkiliyin deyil, milli qürrurun nəticəsidir.

Filialın İKT şöbəsinin müdiri Yusif Abayev “İşğaldan azad olunmuş ərazilər böyük iqtisadi inkişaf potensialına malikdir” mövzulu məruzəsində regionun gələcək iqtisadi inkişafına toxunub. Ərazilərə qoyulacaq investisiya ətrafında müzakirələr aparıb.

Filialın  Ədəbiyyat və dillər kafedrasının müəllimi Günəş Xudayarova “Nəriman Həsənzadənin “Xarıbülbül” poemasında tarixi yaddaş” poemasında tarixi həqiqətlərin hələ illər əvvəl qələmə alndığını vurğulayıb.

Tədbirin davamı olaraq filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi Kəmalə Bayramova “Müstəqillik dövrü poeziyasinda “Qarabağ” mövzusu”, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Günay Ramazanova “Şuşadan Bir Düzüm İnci”, Ədəbiyyat və dillər kafedrasının müəllimi Nuranə Allahverdiyeva “Rəsulzadə, “Əsrimizin Siyavuşu” və Azərbaycan”, Aynur Farmanova “Shusha – the cultural capital of Azerbaijan”, İctimai fənlər kafedrasının baş müəllimi Vüsalə Kərimova “Azərbaycan respublikası müstəqillik illərində (1991-2020)”, Ədəbiyyat və dillər kafedrasının müəllimi Elnurə Əhmədova “Müstəqillik illərində Azərbaycan dilçiliyi və prespektivləri”, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müəllimi, B.ü.f.d. Ayaz Məmmədov “Qarabağ regionunda ipəkqurdu yetişdiriciliyi və onların molekulyar markerlərlə yaxşılaşdırılması” mövzusunda məruzə ediblər.

Konfransın sonunda yekun müzakirə aparılıb və iştirakçıların sertifikat və diplomlarla təltif olunacağı bildirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?