ADPU-nun Quba filialın əməkdaşları ŞƏHİD Əhmədov Rəvan Yafət oğlunun şəhadətinin 2-ci ildönümü mərasimində iştirak edib.

ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev, professor-müəllim heyəti, struktur rəhbərləri, əməkdaşlar, filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasının I tədris ili tələbə kollektivi 12 noyabr 2022-ci il tarixində Quba rayonu Əlibəyqışlaq kəndində ŞƏHİD Əhmədov Rəvan Yafət oğlunun şəhadətinin 2-ci ildönümü mərasimində iştirak edib.
Əvvəlcə Şəhid Rəvan Əhmədovun Quba rayonu Əlibəyqışlaq kənd qəbirstanlığında olan məzarı ziyarət edilib, Şəhidin məzarı üzərinə qərənfillər və gül dəstələri qoyulub.Filialın direktoru dosent Y.Alıyev Şəhidin valideynlərinə kollektiv adından başsağlığı verərkən qeyd edib ki, Rəvan Əhmədov 44 günlük müharibə zamanı XT qrup kəşfiyyatçı, qumbaraatan köməkçisi kimi hərbi xidmətini yerinə yetirib. Şuşa şəhərinədək döyüş yolu keçərək gənc nəslə örnək tarix yazıb gedib. Şəhidlik zirvəsinə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu zirvəyə yüksələ bilirlər. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Rəvan Əhmədov kimi.
Daha sonra filialın Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev də çıxış edərək Allahdan Şəhidlərimizə rəhmət diləyib, belə qəhrəman oğul böyütdükləri üçün valideynlərinin qarşısında baş əyib, Bəxtiyar Vahabzadənin şeirindən bir misra səsləndirib.
Qeyd edək ki, şəhid Rəvan Əhmədov filialın Riyaziyyat və təbiət elmləri fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasının I tədris ili tələbəsi Ramilə Əhmədovanın qardaşıdır.
Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Ölümündən sonra “Vətən Uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin il mərasimində rayon ictimaiyyəti nümayəndələri, Şəhid ailələri, Əlibəyqışlaq kənd camaatı, şagirdlər iştirak edib, Şəhid Rəvan Əhmədovun timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərin ruhuna dualar oxunub.
Daha sonra filial rəhbərliyi və kollektivi həmin məzarlıqda Şəhid Fətəliyev Səmural Ayaz oğlunun, XTQ baş leytenant Bayramov Ruslan Azər oğlunun və I Qarabağ müharibəsi Şəhidi Allahquluyev Əflatun Daşdəmir oğlunun da məzarını ziyarət edib, gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.