Savadlı uşaqlar
Elmi-texniki tərəqqinin gündən-günə artan sürəti “zamanın nəbzini tutmaq”, “zamanla ayaqlaşmaq” kimi ruhlandırıcı ifadələrin də məzmununa kölgə salmaqdadır. Bu gün gördüyümüz yenilik çox keçmədən köhnəlir. Qlobal rəqəmsal inkişaf təhsil sahəsini də diqqətdən kənarda qoya bilməz, çünki təhsilsiz, elmsiz inkişaf mümkün deyil.
Orta və yaşlı nəslin nümayəndələri məktəbə qədəm qoyanda az qala heç nə bilmirdik və hər şeyi müəllimlərdən öyrənməyə məcbur, bəlkə də məhkum idik. Günümüzdə mövcud resurs bolluğu və digər imkanlar sayəsində vəziyyət kökündən dəyişmişdir. İndi demək olar ki, hər kəs uşağını lap kiçik yaşlarından repetitor himayəsinə verib onu məktəbə hazırlaşdırır. Başqa sözlə desək, indi məktəbə ilk dəfə gələn şagird müəyyən qədər elmi bazaya malikdir. Lakin birinci sinfə gəlməli uşağın məktəbə gəlməzdən əvvəl proqramın əsas hissəsini öyrənməsi onun dərsə marağına mənfi təsir göstərə bilər, o, özünü yoldaşlarından yüksək tutmaq hissinə qapıla bilər. Bir var heç vaxt yemədiyin bir meyvənin dadına hamı ilə birlikdə baxasan, bir də var meyvəni görən kimi, mən ondan yemişəm, turşdur və ya şirindir – deyib başqalarının həyəcanlı gözləntisini korlayasan. Məktəbəqədər təhsil də ümumi xarakter daşımalıdır ki, belə vəziyyət yaranmasın.
Vaxtı yeyən ekranlar
Təlimdə texniki vasitələrdən istifadə (ancaq səmərəli formada) etmək lazımdır və zamanın tələbidir, zamanın çarxını geri döndərmək olmaz. Onlardan formal olaraq, görüntü naminə istifadə etmək işin zərərinə səbəb ola bilər. Elektron lövhəni mütəmadi olaraq işlətmək, monotonluq, yorğunluq yaradır, hələ mənimsəməni də ləngidə bilir. Dərs dediyim qruplardan birində tələbələr proyektorla təqdim etdiyim “Powerpoint” formalı materialın bir də lövhədə təbaşirlə izah etməyimi istədilər. Müəllimin əli, dili, səs tonu, jest və mimikası ilə müşayət olunan material “heykəlləşmiş” birisindən faydalıdır. Demək istədiyim odur ki, təlimdə texniki vasitələrdən istifadənin həcmi müəllimin tədris etdiyi fənnə görə, sinfin maraq və motivasiyasına görə dəyişməlidir. Məsələ bununla da bitmir axı. Şagirdlərin geniş vüsət almaqda olan online repetitor dərslərini də ekran vaxtına əlavə etsək, gündə bir neçə saat olur.
Evdə təhsil üçün (homeschooling) valideynləri proqramlar və müvafiq resurslarla təmun edən dövlət akkreditasiyasından keçmiş, standartlara malik, beynəlxalq səviyyədə tanınan “Dünyada Təhsil”in (Education World Wide – EduWW) müəllim kollektivi ekran qarşısında oturub dərs öyrənmənin müəyyən normalarnın təyin olunmasında yekdildirlər. Milli “Peşəkar Tədris Standartı Şurası” (National Board of Professional Teaching Standard) ötən il yaş və siniflərə uyğun olaraq aşağıdakı normaları tövsiyə etmişdir.https://eduww.net/how-much-time-should-students-spend-studying-online/
Sinif | Online öyrənməyə sərf olunan zaman |
İbtidai təhsil 1-4 siniflər | Gündə 1-2 saat |
Ümumi orta təhsil 5-9 | Gündə 2-3 saat |
Tam orta təhsil 10-11 | Gündə 3-4 saat |
Şübhəsiz, şagirdlərin ekran vaxtı əslində bununla bitmir. Hər kəsin öz maraq dairəsinə görə internet axtarışları, rəngarəng oyunlar gün boyunca gənc beyin və gözləri yormağa davam edir. Ona görə də dərslərdə həm ənənəvi formadan, həm də müasir imkanlardan istifadə etmək faydalı olur. Müəllim yalnız texniki vasitələrdən istifadə etməklə özünü də, şagirdlərini də robotlaşdırır. Birləşmiş Krallığın “Milli Səhiyyə Xidməti” (National Health Service) araşdırmasına görə yeni texnologiya uşaqların qələm tutma qabiliyyətini zəiflədir. Onlar sensor ekranlarla o qədər işləyirlər ki, qələmi lazım olduğu kimi tuta bilmirlər, bunun üçün əllərindəki on il bundan əvvəlki əzələ qüvvəsi çatmır. Müasir uşaqların tikinti bloklarından, kəsmə, yapışdırma, ip dartma kimi çalışmaları unudulur. Alimlərdən biri texnologiyanın daha ciddi problemlər törədə biləcəyindən bəhs edərək, uşaqlar üçün ağaca dırmanmağın “You Tube” videolarını seyr etməkdən daha faydalı olduğunu vurğulamışdır.
(https://breakingnewsenglish.com/1804/180404-pencils.html)
Öz təcrübəmiz də bu məsələnin ciddi olduğunu sübut edir. Gələcəkdə cəmiyyətin aparıcı qüvvəsi olacaq əksər tələbələrin yazısı bərbad vəziyyətdədir. Keçmişdə yazı qaydalarını ancaq müəllimin dəftərlərimizə qırmızı rənglə yazdığı nümunələrdən öyrənərdik. İndi bütün hərflərin yazı texnologiyasını əks etdirən hüsnxət kitabları, videolar mövcuddur. Yazı gözəlliyinə tələbat olmadığından uşaqlar cızmaqara yazmağa vərdiş olurlar.
Bu haqda belə bir lətifə də var:
Bir nəfər Molla Nəsrəddindən Şamda yaşayan bir yaxınına məktub yazmasını xahiş edir. Molla deyir ki, mən Şama gedə bilmərəm.
Adam deyir ki, ay Molla, Şama get demirəm ki, ora bir məktub yaz, zəhmət olmasa. Molla dediyindən dönməyərək müştərini başa salır: – Ay kişi, mən sənin nə istədiyini çox yaxşı başa düşürəm. Sən də başa düş ki, mən Şama məktub yazsam, gərək özüm də ora gedəm, çünki mənim yazımı məndən başaqa heç kəs oxuya bilmir. Yazıq qohumun o məktubdan nə anlayacaq?
Müəllim üçün dərsin əvvəli də, ortası da, sonu da kommunikasiya ilə zəngin, motivasiyalı olmalıdır. Orta məktəbdə bir Ənvər müəllimimiz vardı. Müharibədən (1941-1945) sonra çox çətinliklə ali təhsil alan ziyalılarımızdan idi. Hər dərsə dilində bir bənd şeir ilə daxil olardı. Bundan savayı, şagirdlərin müəyyən hərəkətlərinə də şeirlə reaksiya verərdi. Heç yadımdam çıxmaz. Dərsində riyaziyyatdan ev tapşırığı köçürən sinif yoldaşımın dəftərini götürüb vərəqləyə-vərəqləyə sinfin qarşısına addımlayıb, təbəssüm dolu üzünü həmin şagirdə tutaraq dedi: – Köçürməklə riyaziyyat öyrənmək olmaz, bala. Sədi demişkən:
Əziz triqonometriyam, əziz həndəsəm,
Heyif ki, sizlərdən uzaq bir kəsəm.
Sinus, kosinus, tangensdir tamam,
Sədiyəm, sizlərdən bir şey anlamam.
Texnoloji yeniliklər və ənənəvi üsullardan istifadə etməklə şagirdlərin sosial münasibətlərini daha da inkişaf etdirmək mümkündür. Müasir dünya özümüz üçün düşünsək də, başqaları ilə işləmək, lokal və beynəlxalq səviyyədə paylaşmaq, öyrənmək və qarşılıqlı yardımlaşama tələb edir. Nümunə üçün bütün dünyanı sarsıdan isti dalğaları, qlobal fəlakətlər silsiləsi göstərir ki, məruz qaldığımız və getdikcə dərinləşən ekoloji böhranı dayandırmaq və qarşısını almaq bir və ya bir neçə ölkənin imkanları xaricindədir. Bütün ölkələr, yer kürəsinin bütün sakinləri BMT Baş katibi Antonio Qutereşin dediyi kimi, “qlobal isinmənin bitdiyi” (global warming) artıq “qlobal qaynamanı” (global boiling) yaşamaqda olan dünyamızı qorumaq üçün əlindən gələni etməlidir.
Məktəbin virtual müəllimi
Bəşəriyyət bütün dövrlərdə öz inkişafına elmi-texniki tərəqqi sayəsində nail olmuşdur. Bu gün də bu proses eyni vüsətlə davam etməkdədir, lakin hər işdə oluğu kimi, elmi-texniki nailəyyətlərdən həddindən artıq istifadə etməyə çalışmaq əks nəticələr də verə bilər. Ondan sui-istifadə edənlər də az deyil. Məsələn, Amerikada artıq virtual müəllim (virtual teacher) şirkətləri yaranmaqdadır. Onlar ayrı-ayrı məktəblərlə işbirliyi qurub Covid-19 pandemiyasının “təkmilləşdirdiyi” online tədrisdən gen-bol istifadə edirlər. “The Guardian” qəzetində çap olunmuş geniş bir məqalədən bəzi məqamlara diqqət yetirək:
Keçən payız Arkeriya Rayt VII sinifdə oxuyan oğlunun çox çətinlik çəkdiyi riyaziyyat fənnindən irəliləyişini yoxlamaq istədi. O, müəllim zənn etdiyi adamla əlaqə saxladı. Cavab onu sarsıtdı. Heyət üzvü şagirdlərin davranış və tapşırıqlarını tam icra etdiklərini yoxlayan nəzarətçi idi. Əsl müəllim çox uzaqda yaşayan, virtual bir şirkətin əməkdaşı imiş.
Valideyn deyir: – Biz bilmirdik ki, uşaqlarımızın virtual müəllimləri var. Valideynlər bilməlidirlər ki, onların uşaqları hansı növ təhsil alırlar.
Yazıda virtual dərs deyən şirkətlərin sayının getdikcə çoxalmasından bəhs olunur, bu vəziyyətin əsasən vakant yerləri doldurmaq zərurətindən yarandığı deyilir. Keçən dərs ilində ölkə (ABŞ) məktəblərinin 40%-dən çoxunda vakant müəllim yerləri olub. Bunun səbəbini izah edən “Xalq Təhsil Tərəfdaşları”nın icraçı direktoru (executive director of Public Education Partners) Katerin Şumaxer deyir: – Biz sistematik olaraq, illər boyunca müəllimlərə az əmək haqqı vermişik və hələ də məktəb və müəllimləri rəzilləşdirən bu iqlimə dözməyə davam edirik.
Özü də müəllim olan valideyn online tədrisə qarşı çıxmasa da, oğlunun məqalədə “pərdəarxası sürətli sənaye” (behind-the-scenes boom industry) adlandırılan bu cür virtual dərslərindən məmnun deyil. (The Guardian, 17.08.2023. https://www.theguardian.com/international )
Zaman azdır, yoxsa…
Günümüzdə axtardığı hər şeyin bolluğuna şahid insan bircə zaman qıtlığından gileylidir. Allah insanın normal fəaliyyəti üçün bütün nemətlərlə yanaşı, ehtiyacına biçilmiş zaman müddəti də bəxş etmişdir. Fəsillərin, gecə-gündüzlərin hesabı bir-birilərini elə dəqiqliklə əvəz edirlər ki, bu möcüzəyə ancaq şükür etmək olar. Problem gəncliyimiz, səhhət və sərvətimizin qədrini bilmədiyimiz kimi, zamanımızı da layiqincə qoruya bilməməiyimizdədir.
Zamanın dəyərini bilmək, ondan maksimum faydalanmaq və başqalarının da zamanına hörmətlə yanaşmaq müasir dünyanın ən ali etik qaydalarındandır. Vaxtdan düzgün istifadə etmək haqqında maraqlı, həyati bir nümunəyə diqqət yetirək:
ABŞ-nın heç vaxt prezident kreslosunda əyləşməyən, lakin Amerikanın ən şanlı qurucularından biri olduğu üçün “Amerika presidenti” adlanan Benjamin Franklin çox çalışqan insan olub. Bundan xəbərsiz ictimaiyyət onlarla görüşmədiyi üçün ondan gileylənirdilər. B. Franklin bir gündəlik tutub hər gün görülməsi çox mühüm, az əhəmiyyətli, lap az lazımlı və lazım olmayan işlərə sərf etdiyi vaxtın hesabını aparmağa başlayır. Bir həftədən sonra məlum olur ki, o, az əhəmiyyətli və lazım olmayan işlərə görülməsi çox mühüm işlərdən artıq vaxt sərf edirmış.
Nəfəs kimi vacib
Hər hansı bir işdə, o cümlədən təhsildə uğurun yolu fərdi çalışmadan keçir. Jim Scrivener “Öyrətməyi öyrənmək” (Learning teaching s. 17) kitabında yazır: – Öyrətmək öyrənməyə bərabər deyildir. Öyrətmək heç də öyrənmə ilə nəticələnmir. Birincisinin baş verməsi ikincisinin yaranması demək deyildir. Bir şeyin bir yerdə öyrənilməsi öyrənəndən enerji və diqqət tələb edir. Kimsə başqasnın yerinə bir şey öyrənə bilməz. Bu iş öyrənənin öz səyi ilə reallaşır.
Yeri gəlmişkən:
Gənc bir adam bir müdrikdən (onun Sokrat olduğu da deyilir) uğur qazanmağın sirrinin nə olduğunu soruşur. Dünya görmüş qoca sualın cavabını öyrənməsi üçün gəncə səhər onunla çayda görüşməsini tapşırır. Səhər onlar çayın dərin yerindən keçərkən müdrik cəld oğlanın başını suya basır. Oğlan çabaladıqca müdrik onu daha da dərinə batırır. Nəhayət, o, oğlanın başını sudan cıxarır ki, nəfəs ala bilsin. Gənc dərindən nəfəs alır. Qoca soruşur:
– Suyun altında olarkən niyə çabalayırdın?
– Hava üçün, – oğlan cavab verir.
– Bax, uğurun sirri də budur. – Uğur qazanmağa yalnız suyun altında boğulduğun zaman bir udum nəfəs üçün çabaladığın kimı çalışmaqla nail ola bilərsən.
(https://motivationrich.com/motivational-short-stories-with-moral/)
Texniki vasitələrin təhsilə inteqrasiyası labüddür və onların əhəmiyyətini danmaq mümkün deyil, lakin ənənəvi dərs sistemini də unutmaq olmaz. Dərslərdə əsasən müəllimin aktivliyi, şagirdlərin isə passiv öyrənməsindən ibarət olan bu təlim forması nə qədər “chalk and talk” (təbaşir və söhbət) və ya “jug and mug” (qabdan qaba tökmə) adlandırılsa da, fədakar müəllimlər onu öz pedaqoji taktları, rəngarəng üsulları ilə əməkdaşlıq atmosferi şəraitində həyata keçirirdilər. Unutmaq olmaz ki, elmi-texniki tərəqqi məhz bu sistemin süfrəsindən pərvazlanıb.
PS Sitatların tərcüməsi müəllifə məxsusdur.
Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi