“Xatirələrdə yaşayan dahi”

15.12.2022
“Xatirələrdə yaşayan dahi”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Riyaziyyat və təbiət elmləri fakültəsinin Təbiət elmləri kafedrasının baş müəllimi, “Sözün sorağı” qəzetinin redaktoru Şıxəmməd Seyidməmmədovun ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Xatirələrdə yaşayan dahi” adlı yazısını sizlərə təqdim edirik.
XATİRƏLƏRDƏ YAŞAYAN DAHİ
Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində titanik fəaliyyət göstərmiş və fundamental uğurlara nail olmuşdur. Ümummilli lider Azərbaycanın rəhbəri olduğu bütün zamanlarda elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın, səhiyyənin inkişafına daim diqqət vermiş və heç bir zaman qayğısını əsirgəməmişdir. Heydər Əliyevin dövlətçilik fəaliyyətinin ayrı-ayrı istiqamətlərini təhlil etdikdə, öz ömrünü həqiqətən də xalqına həsr etdiyinin şahidi oluruq.
Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq aləmdə cərəyan edən proseslərə təsiri baxımından həmişə seçilən və qlobal dünyanın ən aktual çağırışına cavab verən Azərbaycan rəhbəri zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli yer tutmuşdur. Bunu dünyanın ən nüfuzlu dövlət xadimləri etiraf edirlər.
Böyük təşkilatçı Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft-qaz sənayesinin dirçəldilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər hamımızın gözü qarşısında baş vermişdir. Biz bu gün qürur hissi ilə xatırlayırıq ki, müdrik dövlət xadiminin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında həlledici rol oynamışdır. Məhz ümummilli liderin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi altında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohirdogen yataqlarının işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” yalnız neft-qaz sənayesinin deyil, eyni zamanda, digər sahələrin də inkişafına güclü təkan vermişdir. 1994-cü ildə ilk neft kontraktı imzalandı, irimiqyaslı iqtisadi islahatlara başlandı.
“Əsrin müqaviləsi”nin imzalanması ümummilli liderin çox böyük qələbəsi idi. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açdı, dinamik inkişafın təməlini təşkil edərək, müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və azərbaycanın bu gün dünyada bənzəyi olmayan sürətlə davamlı inkişafı üçün zəmin yaratdı. Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu qlobal enerji müqaviləsinin imzalanması, eyni zamanda Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu bir daha təsdiqlədi. Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyinin bəhrəsi olan neft strategiyasının uğurları nəticəsində indi Azərbaycan regionda həm lider dövlət, həm də regional qlobal iqtisadi layihələrin aparıcı təşkilatçısı kimi tanınır.
Azərbaycanın iqtisadiyyatının mühüm bölməsi olan aqrar sahənin inkişafında da ümummilli liderin xidmətləri əvəzsizdir. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə aparılan aqrar islahatların tarixi əhəmiyyət daşıdığını hamımız yaxşı dərk edirik.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyəti, ən yüksək səviyyədə dövlət başçıları, nümayəndə heyətləri ilə ikitərəfli və çoxsahəli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə görüşlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Heydər Əliyevin siyasətinin mühüm hissəsini təşkil edirdi.
İndi ulu öndərin ruhu şaddır. Şaddır ona görə ki, ədalət bərpa edilmiş və 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımız azad edilmişdir.
Bu gün bu torpaqlar yenidən qüdrətli, əsrarəngiz yerlərə çevrilir. Bunun üçün hazırda lazımi tədbirlər planı həyata keçirilir.
Bəli, bu hələ son deyil, bir başlanğıcdır. Biz bir yandan illər uzunu düşmən tapdağında qalan o gözəl diyarımızın yaralarına məlhəm olaraq quruculuq işləri aparacaq, yurdumuzu gülüstana çevirəcək, bir yandan da aramızda gizlənən, bizə dost kimi görünən ikiüzlüləri, qonşuluq münasibətlərinə xələl gətirənləri ifşa edəcəyik. Hələ qarşıda Zəngəzur dəhlizi planımız var. Tarixi dədə-baba torpağımız olan Zəngəzur bizi gözləyir. Doğma Qarabağımızı qarış-qarış gəzəcək, heç bir maneəyə rast gəlmədən tarixi İpəkyolu ilə Naxçıvana gedəcəyimiz, oradan qardaş Türkiyəyə keçəcəyimiz günlərə lap az qalıb.
Heydər Əliyevin hakimiyyəti illərində digər sahələrlə yanaşı, təhsil sahəsi də sürətlə inkişaf etmişdir. Ulu öndər təhsilimizin ən böyük hamisi idi. Gözəl bilirik ki, onun qayğısı sahəsində təhsilin ayrı-ayrı pillələlərinin geniş şəbəkəsi yaradılmış, dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin məbləği, müəllimlərin əmək haqları artırılmışdır. Xalqımızın böyük oğlu ölkənin uğurlu gələcəyini təhsildə, müasir standartlara uyğun səviyyədə təhsil alan gənclərdə görürdü.
“Hər bir xalq öz mədəniyyətinə görə tanınır”, – deyən ulu öndər bu sahəyə xüsusi diqqət y
etirirdi. Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı və bu mənəvi xəzinəni yaradan sənətkarlar daim Heydər Əliyevin diqqət və qayğısından bəhrələnirdilər. Ümummilli liderimiz yeni-yeni istedadların tapılıb üzə çıxarılmasına, onların qabiliyyətinin inkişaf etdirilməsinə kömək və qayğısını əsirgəmirdi.
O, hər bir sənət adamının yaradıcılığına bələd idi, hər kəsə öz qiymətini verirdi. Azərbaycanın korifey sənətkarlarının dünya miqyasında yubileylərini keçirməklə mədəniyyətimizin zənginliyini, bəşərililiyini sübut edirdi. “Kitabi-Dədə Qorqud” abidəsinin 1300 illik yubileyini beynəlxalq miqyasda keçirməklə ona ömürlük Azərbaycan vətəndaşlığı vəsiqəsi vermişdi. Müdrik siyasət xadimi mədəniyyət və ədəbiyyat korifeylərinin heykəllərini ucaltmaqla, ev-muzeylərini yaratmaqla onları xalqın yaddaşına əbədi həkk etmiş, əbədilik vermişdir.
Artıq 19 ildir ki, ulu öndər Heydər Əliyev aramızda yoxdur. Lakin onun bizə miras qoyub getdiyi müstəqil Azərbaycan bu dahi siyasətçinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlarla sürətlə tərəqqi və inkişaf edir.
Şixəmməd Seyidməmmədov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba
filialının Təbiət elmləri kafedrasının baş müəllimi.
“Sözün sorağı” qəzetinin redaktoru.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?