Şuşa teatrı ADPU-nun Quba filialında

24.05.2024
Şuşa teatrı ADPU-nun Quba filialında

Quba filialında teatr mədəniyyətinin formalaşmasının bünövrəsi qoyulub: Filialın səhnəsində peşəkar aktyorlar səhnə alıb, İlyas Əfəndiyevin “Boy çiçəyi“ lirik-psixoloji dramı tamaşaya qoyulub .

23 may 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Şuşa Dövlət Milli Dram Teatırının aktyorlarından ibarət nümayəndə heyətinin iştirakı ilə İlyas Əfəndiyevin “Boy çiçəyi “lirik-psixoloji dramı tamaşaya qoyulub .

Əvvəlcə peşəkar heyəti salamlayan Filialın direktoru fizika elmləri doktoru Yusif Alıyev Qubaya ilk gəldiyi gündən bəri arzusunda olduğu bir ideyanın – teatr truppası yaratmaq fikrini alovlandıracaq bu layihənin əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanda teatrın inkişaf tarixinə nəzər salaraq: “Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda “aktyor” kimi çıxış edirdilər”, – deyə bu işin mədəniyyətimizin inkişafı üçün önəmini, həmçinin qədim mədəniyyət beşiyi sayılan Qubada da bu istiqamətdə işlər görməyin əhəmiyyətini bildirib. Həmçinin bugünki layihədə Quba RİH Başçısının müavini Səidə Abasovaya, bütün iştirakçılara, həmçinin KİV nümayəndələrinə də yanımızda olduğu üçün təşəkkür edib. Həm də qeyd edib ki, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 110 illiyi ilə əlaqədar Şuşa Dövlət Musiqili Dram Teatrı “Boy çiçəyi” tamaşası ilə Quba filialının səhnəsində çıxış etməsi Filial tarixi üçün olduqca əhəmiyyətli hadisədir.

Sonra peşəkar aktyorların səhnə alması ilə tamaşa başlayıb və 1 saat 30 dəqiqəni əhatə etdi .

Qeyd edək ki, teatrın baş rejissoru və quruluşçu rejissor – əməkdar artist Loğman Kərimov, quruluşçu rəssam – Valeh Məmmədov, musiqi tərtibatçısı – Azad Məmmədov olub.

Rollarda isə tanınmış aktyorlar oynayıb:

Həsənzadə – əməkdar artist Nazir Rüstəmov

Nargilə – Zəhra Salayeva

Nəzakət – Püstəxanım Zeynalova

Fərəc – əməkdar artist Azad Məmmədov

Tamaşada ata qayğısından məhrum olan Nargilənin zavod direktoru Həsənzadəyə olan məhəbbətindən bəhs edən səhnə əsərində cərəyan edən hadisələr bu günümüzlə səsləşirdi.

Tamaşa çox böyük maraqla qarşılanıb, sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, tamaşadan əvvəl Filial rəhbərliyi və qonaqlar arasında çay süfrəsi ətrafında maraqlı mədəni diskussiya keçirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?