Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan olunması ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə “ŞUŞA ƏZƏMƏTLİ İSTEDADIN ÜNVANI-ELÇİN İSKƏNDƏRZADƏ” parlaq istedad sahibi, şair, publisist, Azərbaycan Milli Aerokosmik Agentliyi, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, texnika və filologiya elmləri doktoru, Prezident təqaüdçüsü, Əməkdar müəllim, Fəxri Mədəniyyət İşçisi, professor Elçin İskəndərzadə ilə görüş keçirilib.
Görüş 24 iyun 2022-ci il tarixində ADPU-nun Quba filialının Heydər Əliyev Lektoriyasında baş tutub.
Görüşdə filialın direktoru dosent Yusif Alıyev, ictimai xadim, diplomat, şair Hacan Hacısoy, filialın professor, müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə ADPU-un Quba filialının Sosial humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva açıq elan edib, qeyd edib ki, tanınmış şair, görkəmli alim, professor Elçin Barat oğlu İsgəndərovun keçdiyi ömür yolu ilə yalnız onun özü yox, həm də bu nəcib insanı yaxından tanıyanlar, onun həyat və fəaliyyətinə yaxından bələd olanlar da fəxr edə bilərlər. Çünki o, öz yaşadığı ömrünün heç bir anını da səmərəsiz keçirməmiş, qələmə aldığı yüzlərlə şeiri, yetişdirdiyi tələbələri ilə ürəklərdə özünə əbədi bir yuva qurmuşdur. Həyatda insan üçün bundan böyük xoşbəxtlik və səadət ola bilməz. Bu xoşbəxtliyə professor Elçin İsgəndərzadə mən deyərdim ki, insanlara və həyata bəslədiyi tükənməz sevgi sayəsində nail olmuşdur.
Elçin İskəndərzadə Vətəni müqəddəs bilir və bu müqəddəsliyi də xüsusi bir ustalıqla nəzmı-nizama çəkir.
Nəğmə də bitir,
şeir də,
yol da…
Hələ arzular da –
bircə sən,
bircə sən
bitmirsən,
Vətən!
Daha sonra Elçin İskəndərzadə haqqında Azərbaycanın görkəmli ziyalı və şairlərin fikirləri toplanan videotəqdimat nümayiş olunmuşdur. ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev”Şuşadan başlanan ucalıq” adlı çıxışla Elçin İskəndərzadə, onun Şuşa haqqında olan düşüncələri, şeirləri haqqında ətraflı danışmış, şairin həyat və yaradıcılığına qısa nəzər salmışdır.Qeyd etmişdir ki, 2011-ci ildə “Avropanın Fəxri İxtiraçısı” adına və Qızıl Medalına layiq görülüb.
2012-ci ildə “Avropanın Əməkdar Elm və Mədəniyyət Xadimi” fəxri adı ilə təltif olunub. 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin poeziya üzrə “Qızıl Kəlmə” Dövlət mükafatına layiq görülüb. 2010-cu ildə Türk Dünyasında ilk dəfə Dünya Böyük Şeir Mükafatına layiq görülüb. Elmi və ədəbi uğurlarına görə Avropa Şərəf Ordeni (Cenevrə), V.V.Mayakovski ordeni (Rusiya), “Elm və Təhsilin inkişafındakı xidmətlərinə görə” Böyük Qızıl Ordeni (Ukrayna), A.S.Puşkin medalı (Rusiya Ədəbiyyat Akademiyası), Leonardo Da Vinçi medalı (Roma, İtaliya), İ.V.Göte medalı (Münhen, Almanya), “Roma şəhərinin fəxri alimi” medalı (İtalya) və digər orden və medallar ilə təltif olunub.Çıxışın sonunda qeyd edib ki, professor Elçin İskəndərzadəni Filialın Elmi Şurasının qərarı ilə Fəxri Diploma layiq görülüb.Tələbələr şairə gül dəstələri də təqdim edib.
Daha sonra ADPU-nun Quba filialının Pedaqoji fakültəsinin dekanı f.f.d. Qələmşah İdrisov ”Elçin İskəndərovun həyat və yaradıcılıq yolu” barədə məlumatları çatdırıb, vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” fəxri adı ilə təltif edilib. 1997-ci ildə Azərbaycan Yazıçılar Birliyinə və 1998-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib. Azərbaycan yazıçılarının X, XI, XII qurultaylarının nümayəndəsi olub. 2004-cü ildə AVRASİYA Beynəlxalq Qurumu tərəfindən Asiya ölkələri üzrə Mədəniyyət Səfiri təyin edilib.Əsərləri Türkiyə, Rusiya, Latviya, Litva, Belarusiya, Gürcüstan, Qazaxıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, İran, Rumıniya, Ukrayna, Suriya, Qırğızıstan, Kosova, Makedoniya, Bolqarıstan, İraq və digər ölkələrdə kitabları yerli dillərə çevrilərək çap olunub.
Tədbirdə həmçinin şairin qələm dostu, ictimai xadim Hacan Hacısoy da çıxış edib, Elçin İskəndərzadə haqqında olduqca maraqlı məlumatları tədbir iştirakçılarına çatdırıb, sonda öz şeirlərindən ikisini də səsləndirib.
ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Qabaqcıl təhsil işçisi Rahib Sədullayev “Şairin yaradıcılıq zirvəsində Vətən”, ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi Eyvaz Şeydayev “İstedadın görünən izləri” adlı çıxışları ilə Elçin İskəndərzadə yaradıcılığının ən yüksək məqamlarına toxunub, şairin mənəvi dünyasını tədqiqatları ilə açıb, çoxtərəfli istedadın şeirlərdəki təzahürünü dilə gətiriblər.Şair Elçin İskəndərzadə öz yaradıcılığı ilə bağlı aparılan bu çoxşaxəli tədqiqata görə Eyvaz Şeydayevə xüsusi təşəkkür də edib. Sonra filialın tələbələri Qocayeva Cəvahir “Qorxu” şeirini, Orucova Nərmin şeir ifa edir “Ömür ebrusu” şeirini səsləndiriblər.Daha sonra söz professor Elçin İskəndərzadəyə təqdim edilib.prof. Elçin İskəndərzadə görüşün təşkilatçılığına görə filialın direktoru dosent Yusif Alıyevə xüsusi təşəkkür edib, qeyd edib ki, filiala daxil olandan bəri qarşılaşdığı mənzərə,səliqə səhman, filialda yaradılan gözəl şərait, təhsil təlim mühiti, kollektivin səmimiyyəti, savadlılığı, tədqiqatçılıq qabiliyyətləri onu heyran qoyub, bütün bu gözəlliklər onda bir daha müstəqil universitet ab havasını yaradır.Həm də onu göstərir ki, filial layiqli lider tərəfindən idarə edilir.
Yusif Alıyev də hörmətli professora filiala səfərinə görə, filial kitabxanasına hədiyyə etdiyi 200 adda qiymətli kitaba görə Elçin İskəndərzadəyə təşəkkürlərini çatdırıb.
Sonda professor Elçin İskəndərzadə kitabları oxuculara hədiyyə edilib, iştirakçılarla ilə xatirə şəkli çəkdirilib.