Qloballaşamanın milli dillərə təsirləri

20.02.2023
Qloballaşamanın milli dillərə təsirləri

Ticarət, kəşflər və elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış qloballaşma biznes, tədqiqat və tərəqqinin hərəkətverici qüvvəsi olaraq milyonlarla insanı aclıq və işsizlik məngənəsindən qurtarmış və bu proses bu gün də bütün vüsəti ilə davam etməkdədir. Məhz qloballaşma sayəsində dünyada “qlobal” etiketli iqtisadi, siyasi, mədəni, dil və ətraf mühit problemlərininin bir-birilərindən getdikcə daha çox asılı olması sayəsində, müxtəlif tarixi, mədəni, dini xüsusiyyətlərə malik ölkələr arasında əsrlər boyunca mövcud olmuş sərhədlər açılmış, insan fəaliyyətinin bütün sahələri inklusivlik vətəndaşlığı qazana bilmişdir. Qardaş Türkiyədə fevralın 6-da ard-ardınca baş vermiş çox güclü zəlzələlərdən sonra başda Azərbaycan olmaqla dünyanın əksər ölkələrinin xilasedicilərinin sayının minlərə çatması və fasiləsiz olaraq göndərilən humanitar yardımların həcmi bir daha qloballaşamanın dünyada nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərdi.

Artıq “qlobal kəndə” çevrilmiş dünyanın inkişafına möhtəşəm töhfələr vermiş qloballaşma dil problemlərini də əhatə edir. Bütün yeniliklər kimi, qloballaşma meylinin də həm müsbət, həm də mənfi cəhətləri vardır. Bu təsirlərin hər ikisini nəzərdən keçirməyə çalışaq.

Müxtəlif yollarla işçi qüvvəsini cəlb edən ABŞ, Böyük Britaniya, Kanada və s. kimi inkişaf etmiş ölkələrin danışdığı dil – ingilis dili sürətlə dominant dil olmaqdadır. Bu dil həm elm, beynəlxalq biznes, media, nəqliyyat dili olaraq “lingua franka” (müxtəlif dillərə mənsub insanların istifadə etdiyi müştərək dil) çevrilməklə demək olar ki, dünyanın hər yerində yayılmaqdadır. Ingilis dili bu gün beynəlxalq aləmdə ticarət, texnologiya, əyləncə və diplomatiya dili kimi də mühüm rol oynayır.

Əldə etdiyimiz faktlara müraciət etsək, bu mənzərə daha aydın görünər:

  • Dünya mediası, teleks və telefon, televiziya (cabels) 35%
  • Dünya radio proqramlarının 40%
  • İnternetin əsas işlək dili
  • Əsas elmi nəşrlər, beynəlxalq konfranslar, müştərək akademik tədqiqat proyektləri, tələbə mübadilə proqramları və s. əsasən ingilis dilindədir.

Göründüyü kimi, ingilis dili qlobal dil olmaqla müxtəlif mədəniyyətlərin yaxınlaşması, iqtisadi, elmi nailiyyətlərin ümumi, ortaq mülkiyyətə çevrilməsi, qapalılıqdan inklusivliyə keçidin inkişafına, kommunikasiya imkanlarının genişləndirilməsinə xidmət edir. İngilis dilini lazımı səviyyədə bilmək dünya elmi yeniliklərinə yiyələnmək, milli elmi nailiyyətləri qısa müddətdə paylaşmaq, istənilən xarici ölkədə təhsil almaq, iş tapmaq və yaşamaq imkanı deməkdir. Xarici dil öyrənmək hər zaman mararq dairəsində olmuşdur. Günümüzdə ən azından bir xarici dil bilmək həyati əhəmiyyət daşıyır. S. Ə. Şirvani xarici dil öyrənməyin əhəmiyyətini belə ifadə etmişdir:

Öyrən rusca, almanca,

Möhtac olma dilmanca.

Qloballaşma prosesinin sürəti və ingilis dilinin yayılmasının müsbət cəhətləri ilə yanaşı mənfi təsirləri də vardır. Qloballaşma mədəniyyətlərin müxtəlifliyi kimi gözəlliyə kölgə saldığı qədər global dil də digər milli dillərin əhəmiyyətini azaldır, hətta onların ölümünə səbəb olur. Yer kürəsində vahid beynəlxalq dil yaratmaq cəhdləri də olmuşdur, lakin bu, istək və nəzəriyyə olaraq qalmışdır. Vahid dil yaratmaq əslində Allahın ən möcüzəli lütflərindən biri olan dil müxtəlifliyinin əksinə getmək, digər dillərə məzar qazmaq deməkdir.

Alimlərin hesablamalarına görə dünyada mövcud 7000 dilin 50%-dən çoxu yox olmaq təhlükəsi ilə üz-üzədir. Milli dillərin ən çox sıxışdırıldığı yerlər Cənubi Amerika, Şimali Şərqi Asiya və Sibirdir. Avropanın özündə belə bəzi dillərin statusunun ikinci dərəcəli dillər kimi zəiflədiyi məlumdur. Dillərin yox olması müəyyən mədəniyyətlərin məhvi deməkdir, çünki milli dil qrupların mədəniyyət müxtəlifliyinin həlledici faktorudur.

Globallaşma nəticəsi olarq dillərin yox olmasının qarşısını almaq üçün 1992-ci ildə Avropa Şurasının himayədarlığı ilə “Regional və Milli dillərin Qorunması üçün Avropa Nizamnaməsi” yaradılsa da, onların yox olması öz sürəti ilə davam etməkdədir. Dünya dillərinin 25%-dən çoxunun yalnız 0.2% təmsilçisi vardır. Latın dili bu dildə danışan insanların olmaması ilə əlaqədar ölü dil sayıldığı halda, indi bəzi dillər sahibləri olsa da, o dildə danışmadıqalrı üçün “ölü” sayıılr. Bu və ya digər dildə danışanların sayı 1000 nəfərdən az olduqda həmin dil təhlükə altında hesab olunur.

Bu bir həqiqətdir ki, müəyyən mənfi təsirlərinə görə globallaşma prosesininin qarşısını almaq mümkün deyildir və bu, bəşəriyyətin bu vaxtacan qazandıqlarını yox etməyə bərabər olardı. Dünya elmi, mədəniyyəti və rəqəmsal inkişafına öz milli-mənəvi, mədəni xüsuiyyətlərini qorumaqla inteqrasiya etmək hər bir ölkənin özünəməxsusluğunun qayğısına qala bilmək bacarığından asılıdır. Bu məsuliyyətli işin önündə yenə ziyalılar, təhsil müəssisələri getməlidir.

Hər kəsə yaxşı məlumdur ki, dövlət dilimiz olan Azərbaycan dili də globallaşmanın təsirlərinə müəyyən qədər məruz qalmışdır. İnsanlar kimi dillər də təcrid olunmuş, yalnız öz lüğət fondundan istifadə etməklə yaşayıb inkişaf edə bilməz. Lakin, son zamanlar türk, ingilis, rus dillərindən yerli-yersiz müxtəlif söz və ifadələr daxil olaraq dilimizdə mövcud leksuk vahidləri sıxışdırmaqdadır. Bu, həm gündəlik danışığımızda, həm də kütləvi –informasiya vasitələrinin dilində, reklamların təqdimatlarında görünür. Məsələn: shop, market, randevu, fitness, imic, kriative, ”İzabel”, “Kontakt home”, super, premium, ok, bay-bay və s.

Dillərin şirinliyi o dildə danışmaq üçün var gücü ilə can atan körpələrin dilində daha aydın görünür. Ürəyindən keçəni ifadə edə bilməyəndə balaca əlləri ilə başını döyəcləyən, yaxud özündən “sözlər” uydurub məqsədinə nail olan bu balaca şəxsiyyətlərin canfəşanlığına kim heyran olmaz:

Qışı yola salıb, bahar gül açır,

Çəməndən bayrağı gəlir əlində.

Allahım, nə gözəl – nəvəm dil açır

Gah “nənə”, gah “baba” gülür dilində

 

Bu köhnə sözlərin dadına bir bax,

Bağrıma basıram tamarzı kimi.

Ətrinə arı da umsanar, vallah,

Çəkər kovasına şəkər, su kimi.

 

Bəzən söz yerinə dilini dişlər,

Başına döyməyi bir təsəllidir.

A ləçək dodaqlar, ay inci dişlər,

Əkrəmin çəkdiyi sizə bəllidir.

 

Gözümü dolduran sevinc yaşları,

Hər an bulaq kimi çağlaya bilər.

Dil açsa yurdumun qərib daşları,

Tarix öz səhvinə ağlaya bilər!

 

Ömrümün bəxtəvər qocalığıdı –

Tuturam əlindən, düşüb əzilər.

O, ana dilimin ucalığıdı –

Azdı hər sözünə qurban kəsilə!

 

Allahım, nə gözəl – nəvəm dil açır,

Gah “nənə”, gah “baba” gülür dilində.

Qışı yola salıb, bahar gül açır,

Çəməndən bayrağı gəlir əlində.

    Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. (əl-Maidə, 5/48)

Hər bir dil Allahın möcüzəsidir, onların hər birinə dərin hörmət və ehtiram göstərmək, Allahın bizlərə əmanəti olduqları üçün də hər bir dilin saflığını qoruyarq yaşatmaq hamımızın borcu və imtahanıdır. Ana dili elə ana qədər əziz, müqəddəs və sevimlidir.

Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi

 

 

 

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?