Quba filialının Elmi Şurasının növbəti iclası keçirilib

İyulun 7-də ADPU-nun Quba filialında Elmi Şuranın Yaz semestrinin imtahan sessiyasının nəticələri, tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı iclası keçirildi. Elmi Şuranın iclasında giriş sözü ilə çıxış edən Sədr, filialın direktoru, dos.Yusif Alıyev Elmi Şuranın 25 nəfərdən ibarət yeni tərkibi ilə iclas iştirakçılarını tanış etdi və qeyd etdi ki, bu iclas Elmi Şuranın yeni tərkibi ilə keçirilən ilk iclası, 2021/2022-ci tədris ilində isə keçirilən son iclasıdır. Sonra dos.Y.Aliyev gündəlikdə duran birinci məsələ ilə bağlı çıxış edərək əvvəlcə 1 illik dövr üçün ətraflı hesabat təqdim edərək bildirdi ki, 2021/2022 -ci tədris ilində önəmli hadisələrdən biri onlayn təhsildən oflayn təhsilə keçid olmuşdur. Pandemiya dövründə filialın professor-müəllim heyətinin əzmlə çalışdığını, həmçinin tələbələrin dərslərə davamiyyəti ilə bağlı ciddi çətinliklərin olmadığını qeyd etdi. Sonra filialın 30 illik yubileyi bağlı tədbirdən, keçirilən çox saylı elmi konfranslardan, filialın xarici universitetlərlə əlaqələrindən, beynəlxalq konfranslarda iştirakından bəhs edərək uğurlu bir tədris ilini arxada qoyduğumuzu vurğulayıb.
Dos.Y.Alıyev qeyd edib ki, 2021-2022-ci tədris ilində 4 yeni ixtisas üzrə tələbə qəbulu yerinə yetirilmişdir. Sevindirici haldır ki, yeni tədris ilindən Xarici dil müəllimliyi ixtisası fəaliyyət göstərəcək.
Cari tədris ilində filialda həm də yeni strukturlar açılmışdır, bunlardan biri İnsan resursları və kargüzarlıq şöbəsi,
Qeydiyyat və sənədlərlə iş bölməsi və Strateji işlər üzrə məsləhətçi ştatı olmuşdur.
Tədris ili müddətində Filialda çalışan operatorların fərdi bilik və bacarıqlarının təkmilləşdirilməsi,işin səmərəliyinin artırılması məqsədiilə İKT şöbəsinin müdiri Yusif Abayevin rəhbərliyi ilə şöbə tərəfindən imtahan keçirilmişdir və bu imtahan nəticələrinə uyğun olaraq operatorların əmək haqqında artım olmuşdur.Filialda 20 nəfərdən ibarət Gənc Alim və Tədqiqatçılar Şurası fəaliyyət göstərir ki,bu tədqiqatçıların bir çoxu yaxın vaxtlarda işlərini müdafiə edəcəklər.Filialda professor-müəllim heyətinin əmək haqlarının diferensiallaşması,ictimai fəallığın artırılması və kafedraların fəaliyyətinin stimullaşdırılması üçün KTŞ tərəfindən reytinq qiymətləndirilməsi həyata keçirilmişdir.
Elmi şuranın gündəliyində duran ikinci məsələ 2021-2022 yaz imtahan sessiyasının və buraxılış yekun dövlət attestasiyasının nəticələri haqqında Tədris şöbəsini müdürü b/m.M.Bağırova, həmin şöbənin Monitorinq və qiymətləndirmə üzrə baş mütəxəssisi E.Musayeva və Apellyasiya komissiyasının sədri filialın Sosial humanitar məsələlər üzrə direktor müavini A.Şeydayeva məlumat vermiş, qeyd etmişlər ki, imtahan sessiyası ARTN-in müvafiq əsasnamələrinə habelə ADPU-nun “İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları”na, ADPU-nun Quba filialının 31 may 2022-ci tarixli 02/80 nömrəli əmrinə və ARTN-in İmtahan sessiyasının təşkili və keçirilməsi barədə 19.05.2022-ci il tarixli F-282 nömrəli əmrinə müvafiq,qüvvədə olan tədris planlarına əsasən keçirilmişdir.İmtahanların mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün İmtahan qərargahı yaradılmış və bütün imtahan sessiyası ənənəvi qaydada aparılmışdır.
Sessiya 01.06.2022-ci il tarixdən 01.07.2022-ci il tarixədək keçirilmişdir.Filialda 10 ixtisas üzrə 178 imtahan keçirilmişdir.Sessiya müddətində “Açıq qapı” günləri keçirilmiş valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahanları seyr etmələri təmin edilmişdir.Yaz imtahan sessiyasında M%-75.32%, K%-37.07% olmuşdur.
2021-2022-ci tədris ilində tələbələrin buraxılış Yekun dövlət attestasiyasında 175 nəfər iştirak etmişdir,bunlardan 17 nəfəri əla,qarışıq qiymət alan 158,qeyri-kafi qiymət alan olmamışdır.M%-100% olmuşdur.Bu tədris ilində məzunlardan 3 nəfəri “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə Fərqlənmə diplomuna layiq görülüb.
İmtahan nəticələrindən narazı tələbələrin ərizələrinə operativ baxılması Apellyasiya komissiyası tərəfindən təmin edilmişdir.Apellyasiya komissiyasına 10 ixtisas üzrə 168 tələbə müraciət etmiş,168 tələbə iştirak etmiş,50 işdən bal artımı olmuş,118 işdə heç bir dəyişiklik edilməmişdir.
Sonra KTŞ-nın müdürü b/m. P.Rzayeva növbəti tədris ilindən yeni formalı sillabuslara keçid haqqında məlumat verdi və bildirdi ki,artıq sentyabr ayından yeni sillabuslar üzrə dərslər keçiriləcək.Daha sonra P.Rzayeva filialda tədris fəaliyyətinin gücləndirilməsi məqsədilə kafedralarla birlikdə yaxın günlərdə təlimlərin keçiriləcəyini, yeni sillabusların tərtibi ilə bağlı sualların da şöbə tərəfindən ətraflı cavablandırılacağını diqqətə çatdırıb.Sillabusların ilkin variantına dair nümunə slayd şəklində nümayiş etdirilib, əməyi keçən hər kəsə şöbə müdiri Pərvanə Rzayeva təşəkkür edib.Daha sonra filialın direktoru dosent Y.Alıyev də Keyfiyyətin Təminatı Şöbəsinin müdiri Pərvanə Rzayevaya il ərzində uğurlu fəaliyyətinə görə Elmi Şuranın qərarı ilə Təşəkkür və mükafat elan edib.
Sonda Elmi Şura 2021-2022-ci tədris ili üçün öz işini bitmiş hesab etdi.