Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələri zərərli vərdişlərdən qorunmaq və narkotik vasitələrin cəmiyyətdə törətdiyi fəsadlarla bağlı maarifləndiriliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda görə, Quba Rayon Polis Şöbəsi (RPŞ) ilə birlikdə “Narkomaniyasız sağlam həyat” mövzusunda keçirilən görüşdə polis əməkdaşları və veteranlar, tələbələr, eləcə də müəllimlər iştirak ediblər.
RPŞ-nin rəis müavini Vüsal Rüstəmov çıxışında ölkəmizdə sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən, narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söz açıb. Vurğulanıb ki, cəmiyyətin hər bir üzvü bu məsələdə öz məsuliyyətini dərk etməli və “ağ ölüm”ə qarşı fəal mövqe sərgiləməlidir.
Mövzu ətrafında çıxış edən digər natiqlər öldürücü bəlanın pəncəsindən yaxa qurtarmağın yolları barədə danışıblar. Diskussiya şəklində davam edən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sonda narkomaniyanın fəsadları ilə bağlı sosial videoçarx nümayiş etdirilib.