Prezident İlham Əliyev Beynəlxalq Forumda iştirak edib

02.10.2023
Prezident İlham Əliyev Beynəlxalq Forumda iştirak edib

Prezident İlham Əliyevin 29 sentyabr 2023-cü il tarixində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma   Forumunun açılış mərasimində çıxışı.

Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir. 2-ci Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etmişdir. Forum iştirakçı ölkələr arasında olan dostluğun təzahürüdür. Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb.

Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi. Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir.

Bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir.

Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir.

Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib.

 Bu gün 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Böyük Qayıdış Proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın və Füzuli şəhərlərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtsınlar. Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Azad olunmuş bütün ərazilərimiz yenidən bizim mərkəzi şəbəkəmizə qoşulur və tam inteqrasiya edilib. Azad olunmuş ərazilərdə hidroelektrik enerjinin həcmi bu ilin sonunadək 170 meqavat, 2024-cü ilin sonuna qədər 270 meqavat olacaq.

Ermənistan uzun illər ərzində kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunurdu. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna görə cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər, həmin taktikanı Ermənistanda da tətbiq etməyə başladılar. Qarabağın erməni əhalisinin hüquqları təmin ediləcək. Onların dini, təhsil, mədəni, bələdiyyə və digər hüquqları təmin ediləcək. Bütün işlər Azərbaycanın iştirakçısı olduğu konvensiyalara, bizim Konstitusiyamıza və beynəlxalq öhdəliklərimizə uyğun həyata keçiriləcək.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?