Filialın auditoriyalarına Şəhidlərimizin adları verilib

26.07.2022
Filialın auditoriyalarına Şəhidlərimizin adları verilib
“Biz bu Qələbəni onlara – şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyevin Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən dediyi bu fikirləri filialda da layiqincə diqqətdə saxlanılır. Belə ki, filialın direktoru dosent Yusif Alıyevin və filial kollektivinin nümayəndələri Şəhidlərimizin anım günlərində onların valideynlərinə baş çəkir, Şəhid ailələri dəfələlərlə filialda keçirilən dövlət əhəmiyyətli və əlamətdar tədbirlərə dəvət edilir. Qazilərimiz təltif edilir, müharibə iştirakçısı olan tələbələrimizə – Səfa Mərdanova, Vurğun Beydullayeva, Ayaz Tahirova, Elvin Seyfəddinova, İlkin Musayevə təhsil aldıqları müddətdə də xüsusi diqqət ayrılıb. Filialın “Təhsildə sosial psixoloji xidmət”- TSPX ixtisasının məzunu olmuş 44 günlük Vətən müharibəsi iştirakçısı İsmət Əhmədov Pedaqoji və ictimai fənlər kafedrasında işlə təmin olunub, müəllim kimi fəaliyyətə başlayıb.
Dosent Yusif Alıyevin təşəbbüsü ilə Filialın Vətən müharibəsi iştirakçıları olmuş 30-a yaxın məzun və tələbələrinin döyüş yollarını əks etdirən stendlər, guşələr hazırlanıb.
Filial rəhbərliyi və kollektivi mütəmadi olaraq həm də qazilərimizlə görüşür, onlara diqqət ayırır, məsələn, Quba rayonunun Alpan kəndində təşkil edilən görüşdən öncə ADPU Quba filialının kollektivi Şəhidlər Xiyabanını ziyarət edib, Qarabağ mühaibəsi şəhidlərinə rəhmət oxuyublar. Görüşdə Vətən müharibəsi qaziləri Ağadadaş Dadaşov, Murad Babayev, Ömər Laçınov iştirak ediblər. Qazilər döyüş yolları barədə danışarkən məlum olub ki, Ağadadaş Dadaşov “Xocavəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, Murad Babayev “Füzulinin azad edilməsinə görə”, Ömər Laçınov “Füzulinin azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif olunublar.
Filialın auditoriyalarına Şəhidlərin adları verilib, buna şahid olan Şəhidlərimizin əziz valideynləri və yaxınları gəlib auditoriyalarla tanış olub, onlarla həmsöhbət olan filialın direktoru dosent Y.Alıyev,həm də filial əməkdaşları Şəhid və qazilərimizin daim diqqət mərkəzində olduğunu, dövlətin bu istiqamətdə işlərinin daimi olacağını bildiriblər. Adları auditoriyalara verilən şəhidlərin valideynləri və yaxınları onlara ali təhsil ocağında göstərilən diqqətdən məmnunluqlarını ifadə ediblər.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?