İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır. İqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. Neft və qaz sektoru iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edir. Bu il neft hasilatının cüzi aşağı düşməsi səbəbindən bizim iqtisadi artımımız nisbətən zəifdir. Lakin son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb və bu, çox əhəmiyyətli nailiyyətdir.
Son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.
Əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır.
Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Enerji sahəsinin inkişafı neft hasilatından təbii qaz istehsalına keçid edib. Bununla yanaşı, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsidir. Üç il öncə 3500 kilometr uzunluğunda inteqrasiya edilmiş qaz boru kəmərlərindən ibarət olan Cənub Qaz Dəhlizinin başa çatdırılması Azərbaycana özünün qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu gün ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya qaz ixrac edir.
Azərbaycanın daxilində risklər yoxdur. Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra. Azərbaycan bir ay içində xarici borcunu ödəyə bilər. Dünyada bunu edə biləcək çox ölkə yoxdur. Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik – bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur.
Beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyik. Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin – 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı.
Azərbaycanın qonşularla münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Bizim Avropa təsisatları ilə münasibətlərimizin öz müsbət dinamikası var. Bizim müsəlman ölkələri ilə münasibətlərimiz həmrəylik və tərəfdaşlıq nümunəsidir. Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb.
Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bir çox etnik qruplar var. Bu etnik qrupların bəziləri, bir neçəsi, onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Qarabağ ermənilərinin hüquqları təmin olunacaqdır. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər.