Prezident İlham Əliyevin 2021-ci il 2 oktyabr tarixində İspaniyanın EFE informasiya agentliyinə müsahibə vermişdir

05.10.2021
Prezident İlham Əliyevin 2021-ci il 2 oktyabr tarixində İspaniyanın EFE informasiya agentliyinə müsahibə vermişdir

Müsahibənin əvvəlində  Dağlıq Qarabağda baş verən müharibəyə toxunan jurnalist sualında Azərbaycan Respublikası Prezidentinin Ermənistanın baş naziri ilə danışıqlara hazır olub-olmaması ilə bağlı sual yönəltmişdir. Cavabında isə cənab İlham Əliyev belə qeyd etmişdir:
Danışıqlar və təmaslar artıq başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlamağa hazırdır. Gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırıq. Bütün bu təşəbbüslər dövlətimiz tərəfimdən dəfələrlə vurğulanmışdır. Lakin Ermənistan hələ də müsbət cavab verməyib.
Bununla belə, İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla istənilən zaman danışıqlara hazır olduğunu bildirmişdir.
Müsahibənin bir sonrakı gedişində “Dağlıq Qarabağın statusu” məsələsi bir daha gündəmə gəldi və bununla bağlı Prezident İlham Əliyev qəti şəkildə qeyd etdi ki, münaqişə öz həllini tapdıqdan sonra, artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır.
“Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.
Əlavə olaraq qeyd etmişdir ki, bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq, ancaq status məsələsinə qayıtmaq mümkün deyil.
Vətən müharibəsi zamanı qonşu ölkələr olan Türkiyə və Rusiyanın rolu barədə danışdıqda isə İlham Əliyev məsələyə belə bir aydınlıq gətirmişdir:
Türkiyə müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayır. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar.Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir.
Bu barədə mövzuya toxunan zaman isə Prezident əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyənin təklifini dəstəkləyir. Cənubi Qafqazın üç dövləti arasında və onların qonşuları ilə Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq sülhü və dayanaqlı inkişafı təmin edə bilər. Ermənistan bu məsələdə yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Əgər regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatı yaransa, yeni təhdidlərin qarşısı alınacaqdır. Bu platforma regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək.
“Müharibə əsrləri” və ərazilərin minalardan təmizlənməsi məsələlərinin müzakirəsi zamanı cənab İ.Əliyev demişdir ki, müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi Azərbaycan tərəfindən dərhal Ermənistana qaytarılıb. Müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra Azərbaycana göndərilən adamlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Bunlar 62 nəfərdən ibarət olub və onların bəziləri cinayətlər törədiblər. Onlar hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir.
Növbəti məsələyə toxunan zaman isə ölkə başçısı mina xəritələrinin Azərbaycana təhvil verilməməsini Ermənistanın hərbi cinayətkar ölkə olmasının növbəti sübutu olduğunu vurğulamışdır. Azad olunmuş ərazilərdə yüz minlərlə mina basdırılıb. Mülki əhalinin də həmin ərazilərə geri qaytarmaq üçün isə ilk maneənin minalar olduğunu qeyd edərək, tək rəqibin zaman olduğunu bildirmişdir:
Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə Agentliyimizin heyətini artırmışıq. Bu prosesdə iştirak edən hərbçilərimizin də sayı artırılıb. Lakin bu, vaxt tələb edir. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik.
Sonda Ali Baş Komandan isə fikirlərini yekunlaşdıraraq:
Ölkələrimizin potensialı müqayisəolunmazdır. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi. Bunun nəticəsidir ki, Ermənistan məğlubiyyət kimi faciə ilə üzləşib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?