Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun göstərişinə əsasən 2020/2021-ci tədris ilinin II semesterində də təhsilin Onlayn formada təşkili həyata keçiriləcək. Bununla əlaqədar olaraq ADPU-nun Quba filialı da tədris fəaliyyətini Onlayn şəkildə təşkil etmişdir. Əvvəlki semestrlərdə tədrisin “Microsoft TEAMS” platforması üzərindən Onlayn formada təşkilində müəllim və tələbələr bir sıra problemlərlə qarşılaşmışdır.
15 fevral 2021-ci il tarixində, saat 11:00-da növbəti semestrdə həmin problemlərin aradan qaldırılması və Onlayn dərslərin daha keyfiyyətli keçirilməsi üçün ADPU-nun Quba filialında “Onlayn təhsildə nəzərə alınmalı vacib məqamlar və tövsiyələr” mövzusunda təlim keçiriləcək. Təlim filialın bütün əməkdaslarının iştirakı ilə “Microsoft TEAMS” platforması üzərindən onlayn şəkildə baş tutacaq.
Distant təhsilin zərurətləri nəzərə alınaraq təlimdə MS Teams platformasından istifadə qaydaları, onlayn tədris sferasında etik davranışlar, proqramın əsas funksionallıqları, elektron sənədləşmələrin aparılması, semestrin başlanması ilə əlaqədar bu istiqamətli təklif, tövsiyələr və s. bəhs ediləcək.
Filialın İKT şöbəsinin mütəxəssisləri tərəfindən keçiriləcək təlimin əsas məqsədi əməkdaşların MS Teams platformasından istifadə bacarıqlarının və yanaşmalarının təkmilləşdirilməsidir.
Xatırladaq ki, sözügedən təlimlər dərs ilinin başlanması ilə əlaqədar avqust ayında da təşkil olunub və MS Teams-ə dair bacarıqların tam mənada təkmilləşdirilməsi ilə nəticələnib.
Bir daha qeyd edək ki, görüşdə bütün əməkdaşların iştirakı vacibdir.