Dekabrın 2-də ADPU-nun Quba filialında “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə təşkilatçı qurumların nümayəndələri – Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Quba Regional ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Həmid Məmmədov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva, müəllim və tələbələr iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, bütün dünyada qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün müəyyən iş görülürsə də, problemlər qalmaqda davam edir. O da bildirilib ki, gender bərabərliyi özü-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtlərdəndir.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Tədbirdən sonra filialda təhsil alan gənclərin maariflənməsi üçün bir sıra qiymətli kitablar da universitet Kitabxana və elektron resurslar şöbəsinə hədiyyə edilib