Hərtərəfli şəxsiyyət kimi yetişmək üçün elmin coğrafiyasını ADPU-nun Quba filialı ilə öyrənin

05.08.2023
Hərtərəfli şəxsiyyət kimi yetişmək üçün elmin coğrafiyasını ADPU-nun Quba filialı ilə öyrənin

Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsilimizin uğurlu inkişaf etdirilməsi yönündə gördüyü işlərdə ADPU-nun Quba filialının da önəmli yeri vardır. Qeyd edək ki, ADPU-nun Quba filialı fəaliyyətə 1943-cü ildə Şimal bölgəsində pedaqoji kadr hazırlığı məqsədilə yaradılan Quba Dövlət Müəllimlər İnstitutunun yaradılması ilə başlamış, onun varisi kimi isə 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı, 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı, 2015-ci ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı kimi fəaliyyət göstərir.

Filial müəllim hazılığı həyata keçirir ki, bu da ilkin hədəf olaraq tədris prosesini təhsilalanlarda zəruri bilik və bacarıqları formalaşdırmağa imkan verəcək səviyyədə daim təkmilləşdirməyi, tələbələrin təqaüd imkanlarını davamlı olaraq artırmağı, onların asudə vaxtını səmərəli təşkil etməyi seçir ki, buna da filialın yüksək səviyyədə idarə edilməsi ilə nail olmaq olur. Filialın inkişafının 4 ili fizika elmləri doktoru Yusif Alıyevin rəhbərliyi dövrünə düşür və bu da direktorun baş verəcək problemləri zamanında qarşılayan və gələcəyə yönəlmiş proqnoz xarakterli fəaliyyətinin olmasını ildən-ilə yeni uğurlarla şərtləndirir. Filialda 89 nəfər professor-müəllim heyəti çalışır ki, onlardan da 6 nəfəri elmlər doktoru (o cümlədən 1 nəfəri professor), 22 nəfəri fəlsəfə doktoru, (o cümlədən 13 nəfəri dosent), 22 nəfər baş müəllim, 35 müəllim tədris və elmi işlərlə məşğul olurlar. Müəllimlərimiz arasında 4 nəfər magistr, 16 nəfəri doktorant və dissertantdır. Son 6 ildə filial əməkdaşlarından 2 nəfəri elmlər doktoru proqramı üzrə, 6 nəfəri fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə edərək alimlik dərəcələri almışlar. Onu da qeyd edək ki, yeni fəlsəfə doktoru  elmi dərəcəsi alan 4 alim məhz filialın yetirmələridir.

 Hazırda filialda 11 ixtisas üzrə tələbə təhsil alır ki, bu da fəaliyyətə 2 ixtisasla başlayan bölgə ali məktəbi üçün olduqca böyük nəticədir. Qəbul ballarındakı dinamikaya diqqət etsək görərik ki, 2016/2017-ci tədris ilində 213-514 bal, 2017/2018-ci tədris ilində 226-567 bal, 2018/2019-cu tədris ilində 244-670 bal, 2019/2020-ci tədris ilində  211-553 bal, 2020/2021-ci tədris ilində  205-573 bal, 2021/2022-ci tədris ilində  223-579 bal, 2022/2023-cü tədris ilində  201-544 bal arasında dəyişir. Qəbul prosesində tələbə sayı üçün dinamikaya diqqət etsək görərik ki, 2016/2017-ci tədris ilində 197 nəfər (ümumi tələbə sayı 779),  2017/2018-ci tədris ilində 148 nəfər (ümumi tələbə sayı 751),  2018/2019-cu tədris ilində 181 nəfər (ümumi tələbə sayı 818), 2019/2020-ci tədris ilində 202 nəfər (ümumi tələbə sayı 845), 2020/2021-ci tədris ilində 211 nəfər (ümumi tələbə sayı 953), 2021/2022-ci tədris ilində 271 nəfər (ümumi tələbə sayı 1064), 2022/2023-cü tədris ilində 294 nəfər qəbul olub.

 Qarşıya qoyulan əsas hədəf istiqamətlərdən biri də tələbələrin təşkilatlanma mexanizmini və sosial şəraitini, məzunlarla əlaqə mexanizmini daim təkmilləşdirməkdir. 2019-cu ilin oktyabr ayının 23-də Quba filialının Elmi Şurasının iclasının  qərarı ilə “Adlı təqaüdlər haqqında Əsasnamə“ təsdiq edildi. Adlı təqaüdlərin verilməsi 2019/2020-ci tədris ilinin payız semestrindən etibarən həyata keçirilir. Əsasnamənin tələblərinə uyğun olaraq III tədris ilindən etibarən ixtisaslar üzrə ən yüksək bal toplayan tələbələrə göstərilən və məbləği 50 AZN olan adlı təqaüdlər, filial üzrə III, VI və V tədris ili tələbələrindən ən yüksək bal toplayan tələbəyə isə məbləği 100 AZN olan Heydər Əliyev adına təqaüd təyin olunmuşdur.

Filialda keçirilən Fənn olimpiadaları da tələbələrin biliyinin stimullaşdırımasına yönəldilmişdir. 2016-cı ildən bu günə kimi Filial üzrə cəmi 17 nəfər “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüb. Bütün kollektiv olaraq Şimal bölgəsinin yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbələrinin rekord nəticələrlə magistratura pilləsinə qəbul olmaları ilə də qürur hissi keçiririk.  Qeyd edək ki, ADPU-nun Quba filialından son 3 ildə magistraturaya qəbul olan tələbə sayına nəzər salsaq bu il ən yüksək nəticə əldə etdildiyinin şahidi olarıq. Belə ki, magistraturaya 2020/2021-ci tədris ilində 15 nəfər, 2021/2022-ci tədris ilində 16 nəfər qəbul olsa da, 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturasına qəbul olmuş tələbələrimizin sayı 24 nəfərə yüksəldi. Demək olar ki, son 4 ildir filialı bitirən məzunların böyük əksəriyyəti magistratura pilləsində təhsil almaq üçün böyük nəticələr sərgiləyirlər. 2022/2023-cü tədris ilində də 194 nəfər məzun tələbədən 40 nəfəri magistratura imtahanlarında iştirak etmiş, onlardan 30 nəfəri keçid balını toplayaraq ixtisas seçimi mərhələsinə buraxılmış, seçim turunda isə 22 nəfər builki məzunumuz, 2 nəfər isə ötən ilki məzunlar olmaqla 24 nəfər məzun respublikanın müxtəlif ali təhsil müəssisələrinin magistratura pilləsinə daxil olmuşlar. Bir nəfər məzun, “Tarix və coğrafiya müəllimiyi” ixtisasının tələbəsi Hacıyev Həzrət Polşada WSB Universitetinin magistartura pilləsinə qəbul olmuşdur. Filialın Humanitar və sosial elmlər fakültəsinin “İbtidai sinif müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Ramazanova Asiman Rövşən qızı Erasmus KA1+ proqramı ilə Danimarkada  Kopenhagen Universitetində dövlət xətti ilə təhsil almaq hüququ qazanıb ki, bu da region ali məktəbinin dünaya açılan pəncərəsinin böyüklüyünü göstərir.

2018/2019-cu ildə 1 nəfər, 2021/2022-ci tədris ili üzrə 3 nəfər, 2022/2023-cü tədris ili üzrə 4 nəfər (“Riyaziyyat və informatika müəllimliyi” ixtisasından 1 nəfər, “Tarix və coğrafiya müəllimliyi” ixtisasından 1 nəfər, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasından 2 nəfər) Fərqlənmə diplomuna layiq görülüb.Məzunların işlə təmin olunması və məşğulluğu 2016/2017-ci tədris ilində 19/166, 2017/2018-ci tədris ilində 23/132,  2018/2019-cu tədris ilində 28/178,  2019/2020-ci tədris ilində  30/180, 2020/2021-ci tədris ilində  14/164,  2021/2022-ci tədris ilində  45/175  arasında dəyişir.

Tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədi ilə filialda TGT, TEC, THİK və bundan əlavə “İdrak” diskussiya, “Kitab klub”, “İntellektual Oyunlar Klubu”, “Psixologiya klubu”, “Dil öyrənmə klubu” və bu kimi 15 klub fəaliyyət göstərir, tələbələr müntəzəm olaraq il ərzində intellektual yarışlarda, turnirlərdə, oyunlarda iştirak edir, qalib olur, filialda müxtəlif layihələr icra olunur, təlimlər, seminarlar, debatlar, futbol və voleybol çempionatları keçirilir, respublikanın və Quba rayonunun müxtəlif idarə və strukturları ilə əməkdaşlıqlar qurulur, tələbələr könüllülük fəaliyyətlərinə cəlb edilir, tələbələrin məqalələri müxtəlif saytlarda, konfrans materaillarında yer alır.

Filialın inkişaf dinamikasını sürətləndirmək məqsədilə qarşıya qoyulan növbəti hədəf istiqamətlərindən biri də  idarəetmənin nəzarət mexanizminin, tədrisin keyfiyyətinə nəzarətin formalaşdırılması və tətbiq edilməsindən ibarətdir. Bu məqsədlə filialda yeni strukturlar yaradılmışdır ki, bu da son 4 ilə təsadüf edir. İnsan resursları və kargüzarlıq şöbəsi, Keyfiyyətin təminatı şöbəsi, Direktor köməkçisi ştatı, Monitorinq və qiymətləndirmə üzrə baş mütəxəssis, iki fakültə (Humanitar və sosial elmlər fakültəsi və Riyaziyyat və təbiət elmləri fakültəsi) və 4 kafedra (Ədəbiyyat və dillər, Tarix, pedaqogika və sosial elmlər, Təbiət elmləri, Riyaziyyat və informatika), Kitabxana və elektron resusrlar şöbəsi, İnformasiya texnologiyaları laboratoriyası. Starateji məsələlər üzrə məsləhətçi, Beynəlxalq əlaqələr üzrə məsləhətçi, Təcrübə və məzunlarla iş üzrə rəhbər, Qeydiyyat və sənədlərlə iş bölməsi onu deməyə əsas verir ki, filial həm də regionda özünü təsdiq etməyi bacaran mütəxəssislər üçün mükəmməl iş arenasıdır. Həmçinin Filialın məzunları Şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikovanın, 44 günlük müharibə iştirakçısı, İsmət Əhmədovun, Şəhid Nuran Mirzəyevin qohumu Fatimə Allahverdiyevanın işlə təmin edilməsi, əməkdaşların işə davamiyyətinin daha sistemli xarakter daşıması məqsədilə turniket aparatının quraşdırılması, Arxiv otağının yenidən qurulması və oradakı sənədlərin elektronlaşdırılmasına start verilməsi, strukturların iş prosesində əldə etdiyi uğurlar da son illərə daha çox təsadüf edir.

Ümumilikdə elm ocağını əsas bilik mənbəyi olan kitablarsız təsəvvür etmək qeyri-mümkündür. Filial kitabxana fondu da artan xətt üzrə yenilənir və böyüyür. 2019-cu ildə AMEA Mərkəzi Elmi Kitabxanası ilə ADPU-nun Quba filialı arasında qarşılıqlı əməkdaşlığa əsaslanan Memorandum imzalanması bu yenilənmənin ilk addımı idi. Təkcə son bir il ərzində AMEA-nın Dilçilik İnstitutu tərəfindən ADPU-nun Quba filialına hədiyyə olunan 230 adda kitab, AMEA-nın Prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinın adından Pedaqoji Universitetin Quba filialına 149 nüsxə kitab, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu  tərəfindən ADPU-nun Quba filialına 60 adda 67 kitab hədiyyə edilib ki, bu da istər yeni nəşrlərin tələbələrə çatdırılması, istəsə də filialda gənc alim və doktorantların tədqiqat aparmaları üçün əlverişli şərait deməkdir. Kitabxana və elektron resusrlar şöbəsində 2016-2019-cu ildə kitab fondu 19437, 2022-ci ilin dekabr ayının sonuna qədər olan kitab fondu  21793 olmuşdur ki, bu da tələbələrin tədris və elmi fəaliyyətini istiqamətləndirir.https://adpuquba.edu.az/category/e-kitabxana/ yaradılması və əlçatanlığının təmin edilməsi, bütün kitabxana fondunun elektronlaşdırılmasına başlanılması və son bir il ərzində 350-dən çox kitabın elektronlaşdırılması da buna nümunədir. Filialda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Ali və Orta İxtisas Təhsil Alt Sistemində https://atis.edu.az mütəmadi olaraq tələbələrin qəbul və məzun olma müddətinə kimi bütün akademik və şəxsi məlumatların yenilənməsi təmin olunur. Təhsildə operativliyin təşkili məqsədilə İnformasiya və Komunikasiya Texnologiyaları şöbəsi tərəfindən filialda çalışan bütün müəllim və təhsil alan bütün tələbələr üçün korporativ elektron poçt ünvanı yaradılmış, “MS Teams” proqramı üzərindən onlayn və hibrid qaydada təhsil, konfrans və vebnarların keçirilməsi üçün əlverişli mühit formalaşdırılmışdır. Həmçinin tələbələrin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elekron Təhsil Tələbə Krediti https://e-ttkf.edu.az fonduna olanan müraciətlərin operativliyin təmin olunmasında və yaranmış problemlərin həllinə yaxından köməkliklər göstərilir. Bundan əlavə müəllimlərin “Moodle” virtual öyrənmə sisteminə yiyələnmələri məqsədilə təlimlər təşkil edilmişdir. Keyfiyyətin təminatı şöbəsi tərəfindən filialda keyfiyyətin təmin olunması məqsədilə: Professor-müəllim heyəti və təhsilalanlar arasında qarşılıqlı sağlam münasibətin qurulmasına dəstək vermək üçün nümunə dərsləri təşkil olunmuş; Tədris prosesinin manitorinqi məqsədilə Tədrisin keyfiyyətinə nəzarət komissiyası yaradılmış; Milli kvalifikasiya çərçivəsinin tələblərinə uyğun sillabusların tərtibinə dair təlimlər keçirilmiş, həmçinin ADPU-nun Quba filialı ilə TKTA arasında müqavilə imzalanmışdır ki, bu da olduqca böyük nailiyyətdir. Filialda həmçinin Avropa İttifaqı, UNİCEF, Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun filiallarında 2018-2021-ci illəri əhatə edən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının təkmilləşdirilməsi” adlı layihəsi icra edilmişdir. Təkcə son bir il ərzində filialın ev sahibliyi etdiyi beynəlxalq konfrans və təlimlərin sayı 10-dan çoxdur. Həmin təlimlərdə respublikanın tanınmış ziyalıları ilə yanaşı, xarici ölkələrin ali məktəb müəllimləri, ziyalıları və alimləri də iştirak etmişdir.

Filialın əsas hədəf istiqamətlərindən başlıcası da professor-müəllim heyətinin  Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə beynəlxalq və respublika səviyyəli konfrans materiallarında çap edilən məqalələrin sayını hər il artırmaq, filial olaraq konfranslara ev sahibliyi etməkdir. Filialda f.e.d. Yusif Alıyevin təşəbbüsü ilə yaradılan Gənc Alimlər və Tədqiqatçılar Şurası konfranslar keçirərək doktorantların еlmi pоtеnsiаlının аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı məqsədi daşıyır. Tələbələrin elmi tədqiqat işlərinin stimullaşdırılması məqsədilə filialda Tələbə Elmi Cəmiyyətinin ənənəvi konfransları təşkil edilir, qəbul edilən tezis və məqalələr proqramda yer alır. Təsadüfi deyildir ki, filialın 4 kafedra məlumatlarında aparılan təhlilə əsasən qeyd etmək olar ki, elmi nəticələr 2016-2022-ci illər arasında yüksələn xətt üzrə dəyişir. Belə ki, 2016-cı ildə filial əməkdaşlarının 2 monoqrafiyası çap edilmişdirsə də, 2022-ci ildə bu say 14 monoqrafiya, 7 metodik vəsait, 4 dərslik, 4 kitab, 21 beynəlxalq konfrans məqaləsi, 27 respublika səviyyəli konfrans məqaləsi, 12 publisistik məqaləsi işıq üzü görmüşdür.

Hazırda ADPU Quba filialı f.e.d. Y.Alıyevin təşəbbüsü ilə bir sıra beynəlxalq universitetlərlə əməkdaşlığa  qoşulub, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir və bu əməkdaşlığı artırmaq niyyətindədir: Polşanın Poznan Universitetini, Almaniyanın Rostok Universitetini, Özbəkistanın Termiz Dövlət Universitetini, Türkiyənin Ankara Universiteti və Qazi Universitetini, Amerikanın San Diego Dövlət Universitetinin Gürcüstan bölümünü, Qırğızıstanın Qırğızıstan Təhsil Akademiyasını, Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Üniversitetini, Ukrayna, Gürcüstan, Avstraliya, Ukrayna, Özbəkistan, Qazaxıstan, universitetlərini, Qars Kafkas Universitetini, Türkiyə Qafqaz Universitetini, Kayseri Universitetini, Qırğızıstan Təhsil Akademiyasını, Türkiyə Cumhuriyyəti Çankırı Gazi Mesleki ve Teknik Anadolu Lisesini və digər universitetləri nümunə göstərmək olar. Filiala dəfələrlə Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov,  filologiya elmlər doktoru, professor, Əməkdar müəllim, şair, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə xanım Nağıqızı, Azərbaycan Respublikası Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkilləri, Özbəkistanın Termis Universitetinin nümayəndə heyəti, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanalvavan, görkəmli yazıçı və şairlər, elm xadimləri, ziyalılar, KİV əməkdaşları gəlir ki, bu da filialın inkişafı və tanıtımı üçün əhəmiyyətlidir. 2023-cü ildə Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbovun Filialda tələbə-gənclərlə görüşməsi, onların təklif və arzularını dinləməsi, suallarını cavablandırması bir daha gənclər üçün yeni stimul və motivasiyanın yaranması demək idi. Bundan əlavə rektor professor Cəfər Cəfərovun etimadının nəticəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə və pedaqoji kadrların hazırlığı sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə 3 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 2 nəfər əməkdaş isə  “Fəxri fərman”la  təltif ediliblər. Filialın əməkdaşları nəinki respublikada, həm də respublikadan kənarda beynəlxalq konfranslarda iştirak edir, xarici ölkə təcrübəsini öyrənərək tələbələr üçün tətbiq etməklə dərsin keyfiyyətini artırmağa çalışır. Böyük elmi uğurlardan nümunə çəkməli olsaq, qeyd edə bilərik ki, ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi  Dr.  Sərxan Cəfərovun coğrafiyaçı alim Zaur İmrani ilə birlikdə WoS və SCOPUS elmmetrik bazasında indekslənən, 0.4 impakt faktor göstəricili və Q4 kateqoriya göstəricili “International Journal of Professional Business Review” jurnalında  məqalələri çap olunub. Filial əməkdaşlarının xaricdə və respublikada çap edilən məqalələrinin sayındakı dinamika “Google Scholar”da istinad sayı 520, H indeksi 15 olan fizika elmləri doktoru Yusif Alıyevin alim kimi gənc tədqiqatçılara doğru yol göstərməsindən qaynaqlanır.

Filialın inkişafını şərtləndirən əsas amillərdən biri də maliyyə resusrlarının  düzgün idarə edilməsi, maliyyənin idarəedilməsində səmərəliliyi davamlı yüksəltmək məsələsidir. Filialda çalışan əməkdaşların sosial rifah halının yaxşılaşdırılması ildən-ilə yüksəlir. Belə ki, 2016-cı ildən indiyə kimi filialda illər üzrə dəfələrlə əmək haqqı artımı olmuşdur. 2016-cı ildə 20%, 2018-ci ildə 10%,2019-cu ildə 10% , 2019-cu ildə 17,5%, 2021-ci ildə 5,9%, 2022-ci ildə 16%, 2023-cü ildə isə 15%, ümumillikdə illər üzrə orta hesabla 13,5% artım olmuşdur. Filialda tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə müəllimlər arasında 01.01.2020-ci il tarixdən indiyə kimi Reytinq qiymətləndirilməsi  tətbiq olunur. Filialda son 4 ildə yeni iş otaqları istifadəyə verilmiş, Maliyyə şöbəsinə iki otaq, Direktor köməkçisinin otağı, KTŞ-nin otağı, Heydər Əliyev lektoriyası, 200 yerlik böyük AKT zalı, 75 nəfərlik auditoriya, İRKŞ-nin otağı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı Şəhid olmuş qəhrəman oğulların şərəfinə auditoriyaların açılması, inzibati binanın girişi (foye), Bayraq dirəkləri, yağışlıq, həyətin asfaltlanması, yeməkxananın təmiri (Pedaqoji Kafe), yeni giriş-çıxış məntəqəsinin tikilməsi, çöl divarlarının boyanması, meyvə bağının salınması və sair görülən işlərin bir qismidir. Bundan əlavə filialda 2016-cı ildə 36 kompüter istifadəyə verilmişdisə, hazırda bu rəqəm komputer 89, noutbuk 10, ağıllı lövhə 9, printer 39, proyektor və motorlu lövhə 22 ədəd olmaqla dəyişib.

Görülən işlərin nəticəsi olaraq əminliklə deyə bilərik ki, f.e.d.,dos. Yusif Alıyevin rəhbərliyi və kollektivin komanda ruhu ilə dünən də, bu gün də dövlətçiliyə sadiq, vətənə layiq, təhsilli, bilikli, düşüncəli vətəndaş hazırlayan Filial sabah da bu yolda böyük fədakarlıq və əzmkarlıqla davam edərək vətənimiz Azərbaycan üçün çalışacaq. Böyük Nizami oğluna nə deyir? «Ucalmaq istəsən bir kamala çat, Kamala ehtiram göstərər həyat… Məndən söyləməkdir, səndən eşitmək, Bir insan əliboş gəzməsin gərək» Bu böyük kəlamları layiqincə doğrultmağı bacararaq sıramıza qoşulmaq istəyən abituriyentləri, elm, irfan, mərifət aşiqlərini, müasir dünyanın yeniliklərinə bizimlə birlikdə addımlayacaq gəncləri tələbəmiz olmağa  səsləyirik. Sizləri gözləyirik əziz tələbələrimiz!

ADPU-nun Quba filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini

Pedaqogika üzrə fəlsəfə doktoru,Qabaqcıl təhsil işçisi, Aysel Balasultan qızı Şeydayeva

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?