“Advanced Physical Research” jurnalı SCOPUS indekslənmə sisteminə daxil edilib

26.10.2022
“Advanced Physical Research” jurnalı SCOPUS indekslənmə sisteminə daxil edilib
ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyevin də təsisçilərindən olduğu “Advanced Physical Research” jurnalı SCOPUS beynəlxalq indekslənmə sistemində təsdiq edilib
“Elmin mənəvi siması onun kimin əlində olmasından asılıdır” (Əbu Turxan). Bizlər də sevinirik ki, elmimizin gələcəyi dosent Yusif Alıyev kimi elmə bağlı, tədqiqat və təhlillər aparan, dünya ölkələri ilə elm müstəvisində əlaqələr qurmağa çalışan, bildiyi elm yolunda uğurla irəliləməyi öz tələbələrinə də böyük məhəbbətlə tövsiyə edən, elmdə öz yeri və çəkisi olan ziyalılarımızdan asılıdır.
Azərbaycan elm ictimaiyyəti tərəfindən olduqca böyük bir uğur kimi qarşılanan bu möhtəşəm xəbər filial kollektivinin də sevincinə səbəb olub. Bizlər də, filialın professor-müəllim və tələbə kollektivi olaraq hörmətli direktorumuzu səmimi-qəlbdən təbrik edir, bir ziyalı kimi elmin xəritəsinə bələd olduğu üçün onunla qürur duyuruq. Həmçinin bu işdə böyük əmək sərf edərək hər zaman dəstəyini və qayğısını əsirgəməyən bütün ziyalılara, alimlərə dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Qeyd edək ki, baş redaktoru fizika elmləri doktoru Sakin Cabarov, redaksiya heyəti Azərbaycan, Almaniya, Rusiya, Türkiyə, ABŞ, Belarusiya, Vyetnam, Portuqalya, İspanya, Qırğızıstan alimlərindən ibarət olan “Advanced Physical Research” (ISSN 2663-8436) jurnalının ilk sayı 2019-cu ildə çap olundu. Jurnal nəzəri və tətbiqi fizikanın bütün istiqamətlərində rəyləşdirilmiş orijinal və icmal məqalələri, eləcə də qısa məlumatları çap edən açıq girişli jurnal oldu. Jurnal tədqiqat sahəsində aldığı nəticələri mümkün qədər geniş oxucu auditoriyasına çatdırmaq istəyən tədqiqatçılar üçün platforma təqdim edir. Çap olunan məqalələr konkret mövzu üzrə son dövrlərdə alınmış nəticələrə diqqət etməklə əsas uğurların icmalını verir və baxılan mövzunun gələcək inkişaf tendensiyalarını əks etdirir.
“Advanced Physical Research” jurnalı dərc edilən məqalələrin mötəbərliyi baxımından qısa müddət sonra Amerika Kimya Cəmiyyətinin “Chemical Abstracts Service (CAS)” beynəlxalq indekslənmə bazasına daxil edildi. Azərbaycanın ilk fizika jurnalı olaraq Web of Science və SCOPUS kimi geniş beynəlxalq indeksləşmə platformasına daxil oldu.
“Elm hər dildə birdir.” Hüseyn Cavidin bu qiymətli fikri bu gün dünyada öz təsdiqini elm sahəsində tapan “Advanced Physical Research” jurnalı ilə bir daha xatırlandı.
Bu uğur elm ictimaiyyətinin uğuru kimi dəyərləndirilir və inanırıq ki, davamlı olacaqdır.
Təbrik edirik, hörmətli Yusif müəllim!
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?