Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünə həsr olunmuş elmi seminar keçirilib

25.05.2021
Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünə həsr olunmuş elmi seminar keçirilib

Bu gün, saat 14:00-da “ZOOM” platforması üzərindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümünə həsr olunmuş elmi seminar keçirilib.

Konfrans açıq elan olunduqdan sonra  çıxış üçün söz ADPU-nun rektoru prof.Cəfər Cəfərova verilib. Rektor AXC-nin 103-cü ildönümünü müqəddəs gün adlandırıb və bu münasibətlə konfrans iştirakçılarını təbrik edib. C. Cəfərov filiallarda tədris işinin təşkilinin yüksək səviyyədə, müasir dövrün tələblərinə uyğun şəkildə qurulmasının zəruriliyini qeyd edib.  Daha sonra Rusiya imperiyasının çökməsi, Azərbaycanın mədəni müstəqillik dövrünə qədəm qoymasının tarixindən bəhs edib. Bildirib ki, tarixdən mütləq şəkildə bir ibrət dərsi götürmək lazımdır.  Çıxışda həmçinin ADPU-nun bütün filiallarının şəxsiyyət yetişdirilməsi istiqamətində gördüyü işlər, bunun zəruriliyi sadalanıb. Qeyd edilib ki, yüzillik bu ali təhsil müəssisəsinin bugünə qədər gördüyü işlərin yekununu vurmaq və bundan sonra görəcəyi işləri proqnozlaşdırmaq mahiyyəti daşıyır. Rektor çıxışında həmçinin Vətən müharibəsindəki qələbə, burada ADPU tələbə və məzunlarının rolundan bəhs edib. Tarixçi alimlərə informasiya savaşında fəal iştirakı tövsiyə edib. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlər, burada tarixçi alimlərin rolunu vurğulayıb. Rektor bu istiqamətdə tələbələrlə iş aparılmasını Vətənə keyfiyyətli şəkildə xidmət adandırıb. Tarixçiləri ideoloji cəbhənin döyüşçüləri hesab edib. Bu mövzuda ölkənin ziyalı təbəqəsinin üzərinə düşən öhdəliklərinin sadə dildə şərhini verib. Cəfər Cəfərov seminar  iştirakçılarıni 103 illik münasibətilə təbrik edib.

Daha sonra çıxış üçün söz prorektor Fikrət Rzayevə verilib. O, seminarın tarixin xatırlanması, gələcəyin proqnozlaşdırılmasi baxımından önəmini vurğulayıb. Müstəqilliyin dəyərini bilmək, onu qorumağın vacibliyini qeyd edib. Müstəqil ölkənin təhsil sistemin inkişaf etdirilməsi istiqamətində fikirlər irəli sürüb. Yüz ilini yaşayan üniversitet kimi ADPU-nun ölkəyə verə biləcəyi töhvələri sadalayıb.

ADPU Quba filialının direktoru dos. Yusif Alıyev bildirib ki, yaşı Cümhuriyyətin yaşına bərabər olan ADPU ilə bu konfransın keçirilməsi çox önəmli, gərəkli məsələdir. Direktor qeyd edib ki, ADPU Quba filialı Azərbaycan təhsil siyasətinin həyata keçirilməsində vəzifəsini layiqincə yerinə yetirmək üçün qarşısına önəmli məsuliyyətlər qoyub. Daha sonra Y. Alıyev Azərbaycan ali təhsil müəssisələrini dünyanın reytinqli universitetləri arasında görmək üçün aparılacaq işləri sadalayıb. Qeyd edib ki, bütün filiallar əməyini mütəşəkkil şəkildə cəmləşdirərək dövlətə töhfə verməlidir. Direktor həmçinin ADPU Quba filialının Türkiyə universitetlərinin bir neçəsi ilə beynəlxalq əlaqələr üçün imkanlar əldə etdiyini söyləyib. Bildirib ki, bunun qayəsində müstəqil ölkənin azad insanlarının fəaliyyəti durur. Filial tələbələrinin tədqiqat yönümlü layihələrə yönəldilməsi, nitq bacarıqlarının inkişafı istiqamətində görülən işləri əsas gətirib. Gələcək konfrans və simpoziumlarda bu tələbələrin gücündən istifadənin zəruriliyini vurğulayıb. ADPU-nun rektoru Cəfər Cəfərova filiallarla birgə iş şəraitində uğurlar arzulayıb.

Daha sonra ADPU-nun “Azərbaycan tarixi” kafedrasının müdiri, dosent Naibə Əhmədova Cəfər Cəfərova tövsiyə xarakterli çıxışına görə təşəkkürünü bildirib. O, çıxışında dövlətçilik tarixindən bəhs edib. Azərbaycanda ziyalı təbəqənin formalaşmasının tarixinə nəzər salıb. Azərbaycanın müstəqillik tarixində ziyalıların rolundan bəhs edib.

Növbəti məruzə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlətdir” mövzusunda professor Xəqani Məmmədova aid olub.  Məruzədə Azərbaycan xalqna qarşı törədilən qətliamlardan, müstəqillik tariximizin keçdiyi əziyyətlərdən bəhs olunub. Professor tarixçi ziyalıların informasiya savaşındakı rolunu, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbəni xatırladıb, çıxışını müsbət notlarla bitirib.

AMEA Bakıxanov adına Tarix İnstitutunun dosenti Kamran İsmayılov “Zəngəzur dəhlizi tarixi aspektlər” məruzəsində illər əvvəl Xalq Cümhuriyyətinun 80 illiyi münasibətilə sənədlər toplusunun dərc edildiyini xatırladıb. Qeyd edib ki, müasir Azərbaycan Respublikası AXC-nin siyasi varisidir. Onun sözlərinə görə, AXC-nin həllinə çalışdığı məsələləri müasir dövrdə də diqqətdən qaçırmamalıyıq. K. İsmayılov məruzəsində Azərbaycan əsas ərazisindən Naxçıvana dəhlizin açılması məsələsini diqqətdə saxlayıb. Zəngəzur dəhlizinin tarixi, siyasi aspektlərini açıqlayıb. Bildirib ki, Zəngəzur dəhlizinin açılması türk dünyasının birləşməsi deməkdir.

ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə məruzəsində AXC-nin yaranmasını türk dünyası üçün əlamətdar hadisə hesab edib. Cümhuriyyət dövründə aparılan xarici siyasətin aspektlərini sadalayıb.

Elmi seminarın davamı olaraq “AXC hökuməti tərəfindən ermənilərin ərazi iddialarına qarşı aparılan mübarizə” mövzusunda ADPU Quba filialının əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru Təhminə Əliyeva çıxış edib. Qeyd edib ki, ermənilər daim şəraitdən sui istifadə edərək böyük Ermənistan xəyallarını reallaşdırmağa çalışıblar. Bu məqsədlə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları şərh edib.

ADPU Quba filialının direktor köməkçisi Mürvət Əliyev “AXC-nin xarici siyasəti və qonşu dövlətlərlə münasibətləri” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, qədim imperatorluqlar daim qədim torpaqlarımızı öz hakimiyyətləri altına almaq üçün can atıblar. Məruzədə Azərbaycanın AXC ilə öz müstəqilliyini elan etməsi, xarici siyasətini iki istiqamətin təşkil etməsi vurğulanıb. Bunlara misal olaraq xaricilər dövlətlər tərəfindən tanınma və qonşu dövlətlərlə xoş münasibətlərin yaranması göstərilib. AXC-nin xarici siyasətində Əlimərdan bəy Topçubaşovun atdığı uğurlu addımlardan izahlar olunub.

Elmi seminar rektor Cəfər Cəfərovun yekun sözləri ilə bağlı elan edilib. Rektor bildirib ki, bu elmi seminarın ADPU-da keçirilməsi xüsusi əhəmiyyətlidir. Konfransın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?