ADPU-nun Quba Filialında “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda tədbir keçirilib
Aprelin 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 100 illik yubileyi münasibətilə “ Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” ” mövzusunda tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti, DTX-nın əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, professor Əli Allahverdiyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq bildirib ki, müasir dövrdə ölkədə təhlükəsizliyin və sabitliyin təmin olunmasında, milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində uğurlu fəaliyyətin həyata keçirilməsində xüsusi xidmət orqanlarının rolu böyükdür. Daha sonra professor Əli Allahverdiyev ümummilli lider Heydər Əliyevin vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərdiyini, hazırda Ulu öndərin əsasını qoyduğu milliləşmə siyasətinin bu gün də xüsusi xidmət orqanlarında tətbiq edildiyini xüsusi diqqətə çatdırıb.
Daha sonra tədbirdə DTX-nın əməkdaşı Fəxrəddin Quliyev “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” adlı təqdimatla ilə çıxış edib. Tələbə-gənclərə xüsusi xidmət orqanları anlayışı,dövlətin onurğa sütununu təşkil edən gizli təhlükəsizlik və kəşfiyyat orqanları,kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti, terrorçu təşkilatlar, müasir dövrdə təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətlərinin həyata keçirilməsində gənclərdən daha çox istifadə hallarından, ulu öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarında milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətindən ətraflı söz açıb. Azərbaycanda ilk xüsusi xidmət orqanlarının yaranması tarixindən, Dövlət Təhlükəsizliyi Xidmətinin Vətənə, xalqa və dövlətə sədaqətindən, eyni zamanda peşə, fiziki və döyüş hazırlığından danışıb.Qeyd edib ki, DTX-nın fəaliyyəti insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması, humanizm, dövlət və cəmiyyət qarşısında cavabdehlik prinsiplərinə əməl olunması ilə həyata keçirilir. Fəxrəddin Quliyev təqdimatla çıxışı zamanı həm də tələbə-gənclərə bəzi qüvvələrin apardığı yanlış təbliğatlar, narkomaniya, insan azadlığı, internetin müasir dövrdə zərərli təsirləri barədə maarfləndirici məlumat da verib.
Ümumilikdə çıxış tədbir iştirakçılarının marağına səbəb olub.
Tədbirdə tələbələri maraqlandıran suallar DTX-nın əməkdaşları tərəfindən cavablandırılıb.
- Mənbə: ADPU Quba filialı
- Müəllif: Yusif Abayev