Xarici universitet diplomlarının ölkəmizdə tanınması qaydaları

Xarici universitet diplomlarının ölkəmizdə tanınması qaydaları

Xarici ali təhsil müəssisələrindən məzun olmuş şəxslər diplomlarının tanınması, ekvivalentliyinin müəyyənləşdirilməsi üçün onlayn prosedurlardan keçməlidirlər. Bunun üçün öncə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmək lazımdır. Ərizələrin qəbulu yalnız elektron qaydada www.tkta.edu.az internet səhifəsi vasitəsilə aparılır.

Sənədləri etibarnamə əsasında məzunu təmsil edən səlahiyyətli nümayəndə də təqdim edə bilər. Lakin müsahibədə müraciətçinin özünün iştirakı zəruridir.

1991-1992-ci tədris ili və ondan əvvəlki illərdə keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin ali təhsil müəssisələri tərəfindən verilmiş təhsil sənədləri üçün nostrifikasiyaya ehtiyac yoxdur. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanlar da tanınma prosedurundan keçməlidirlər. Sadəcə sözügedən məzunların müvafiq təhsil sənədlərinin leqallaşdırılması tələb olunmur, eləcə də onların sənədlərinə sadələşdirilmiş qaydada baxılır. Distant və ya eksternat təhsilalma forması üzrə xaricdə ali təhsil alanların ixtisaslarının ölkəmizdə tanınması mümkün deyil. Yalnız pandemiya zamanı distant tədrisin təşkili halları nəzərə alınır.

Hansı sənədlər tələb olunur?

Bakalavriat və magistratura təhsil sənədlərinin tanınması üçün tələb olunan sənədlərlə uyğun olaraq, linklər vasitəsilə tanış olmaq mümkündür:

https://tkta.edu.az/az/19_83/content/43

https://tkta.edu.az/az/19_84/content/44

Sənədlərin icrasının hansı mərhələdə olması barədə şəxsi kabinetdə yerləşdirilən elektron məlumat və elektron ərizədə qeyd edilən əlaqə nömrəsinə göndərilən SMS vasitəsi ilə məlumat almaq mümkündür.

Sənədlərin araşdırılması nə qədər vaxt tələb edir?

Tanınma üçün edilmiş müraciətlərin sayının çoxluğundan, sənədlərin araşdırılması ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara və təhsil müəssisələrinə sorğuların göndərilməsindən, eləcə də ali təhsil müəssisəsi və ixtisasdan asılı olaraq, sənədlərinizin icra müddəti dəyişir. Qeyd olunanlar nəzərə alınmaqla, sənədlərə, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 4 ay müddətində baxılır. Bütün proses ərzində ərizə ilə bağlı ən tutarlı məlumatı şəxsi kabinetdə yerləşdirilən elektron məlumat vasitəsilə əldə etmək mümkündür.

Verilən şəhadətnamə neçə il qüvvədə qalır?

Verilən şəhadətnamələr üçün hər hansı etibarlılıq müddəti nəzərdə tutulmayıb. Qəhvəyi rəngli şəhadətnamə tanınan xarici ali təhsil ixtisasının Azərbaycan Respublikasındakı müvafiq ekvivalentini göstərmək üçün, yaşıl rəngli şəhadətnamə isə ölkə ərazisində təhsilin növbəti pilləsinə qəbul olunmaq üçün nəzərdə tutulub.

Hansı hallarda tanınma üçün mənfi rəy verilə bilər?

Yekun olaraq mənfi rəy aşağıdakı hallarda verilə bilər:

-Xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün ümumi normativ müddət Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda;

-Təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa);

-Xarici ölkələrdə verilən təhsil, istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə;

-Sənədi verən ölkədə və Azərbaycanda təhsilin müvafiq strukturlarına qoyulan digər tələblərin uyğunsuzluğu (təhsil müddətində ciddi fərqlər, təhsil formasının distant olması, ali təhsil müəssisəsinin akkreditasiyasının olmaması və s.) aşkarlandıqda.

Tanınmadan və ekvivalentlik haqqında Şəhadətnamə verilməsindən imtina səbəbləri müraciət edəni qane etməzsə, müvafiq qaydada şikayət edə bilər. 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə (Bakı İnzibati Məhkəməsinə) müraciət etmək hüququ var.

Sənədlərin ekspertizası zamanı nələr nəzərə alınır?

Ekspertiza zamanı aşağıdakılar nəzərə alınır:

-Sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu;

-Tədris planının və proqramlarının məzmunu;

-Attestasiya sistemləri;

-Öyrənilmiş fənlərin həcmi;

-Fənlər üzrə attestasiyanın nəticələri;

-İstehsalat təcrübəsi və onun müddəti;

-Yekun attestasiyanın nəticəsi.

Diplomun tanınması üçün nə qədər ödəniş tələb olunur?

Xidmət üçün ödənişin həyata keçirilməsi elektron ərizə sistemindən birbaşa bank kartı vasitəsilə mümkündür. Əlavə olaraq, ödənişin hökumət ödəniş portalı (www.gpp.az), poçt və ya bank vasitəsilə reallaşdırılması da mümkündür. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilib.

Müsahibə necə təşkil olunur?

Müsahibə Təhsildə Keyfiyyət Təminatı Agentliyində keçirilir. Müsahibənin keçiriləcəyi vaxt barədə məlumat namizədə elektron ərizə vasitəsi ilə bildirilir. Tanınma proseduruna uyğun olaraq, xarici ali təhsil müəssisələrinin verdiyi sənədlərin sahibləri ilə tədris dilində söhbətin aparılması üçün təşkil olunan və 15 dəqiqəyə qədər davam edən müsahibə zamanı audio-video çəkiliş aparılır.

Qeyd edək ki, qeydiyyat zamanı təqdim edilən elektron poçt və mobil nömrə aktiv istifadə olunan olmalıdır. Çünki ərizə ilə bağlı yeniliklər bu vasitələrlə bildirilir.

Elektron ərizə doldurulan zaman yaranmış texniki nasazlıqla bağlı, şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd etməklə,  info@tkta.edu.az ünvanına müraciət etmək xahiş olunur.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?