Bu gün ADPU Quba filialında “Vətənpərvərlik” klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu il dönümünə həsr olunan tədbir keçirilib.
Saat 19:00-da Zoom platforması üzərindən onlayn baş tutan “Can Xocalım” adlı tədbirdə filialın direktoru dosent Yusif Alıyev, tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Ədəbiyyat və dillər kafedrasının müdiri Gülşən Ağabəy, kafedranın baş müəllimi Rahib Sədullayev, müəllim Eyvaz Şeydayev, Vətən müharibəsinin döyüşçülərindən olan Elgün Cabbarov və digərləri iştirak ediblər.
Tədbir Elgün Cabbarovun döyüş xatirələri ilə başlayıb. Bildirilib ki, o, 2020-ci ilin sentyabrında müharibə zamanı könüllü olaraq ordu sıralarına daxil olub. Öncə Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib, sonra isə Fizuli döyüşlərinə qatılıb. Fizuli döyüşləri zamanı yaralanıb və xəstəxanaya yerləşdirilib. 44 gün xəstəxanada qaldıqdan sonra noyabr ayının 13-ü yenidən öz evinə qayıdıb. Onun atası Cabbarov Alim Tapdıq oğlu da 1992-ci il döyüşlərində vuruşub.
Daha sonra filialın tələbəsi Lalə Cabbarova Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırıb. Tədbirin davamı olaraq Ləman Cavadovanın vətənpərvərlik mövzusunda rəsmlərindən ibarət video təqdim olunub. Ardınca isə Vətən müharibəsi şəhidi Xudayar Yusifzadəyə həsr olunmuş musiqili kompozisiya nümayiş etdirilib və şeirlər səslənib.
Filialın direktoru, dos. Yusif Alıyev xatırladıb ki, Xocalı bizim qan yaddaşımızdır. Xocalının harayı heç vaxt yaddaşlardan silinməyəcək. Direktor qəhrəman Elgün Cabbarova, həmçinin onun yetişməsində rolu olan valideyn və müəllimlərinə təşəkkürünü bildirib. Xocalının qisasının onlar sayəsində alındığını vurğulayıb. Y. Alıyev Xocalıda törədilən vəhşilikdən söz açıb: “Bunları danışdıqca insanın ruhu, vücudu, mənəviyyatı titrəyir. Amma bunları genetik kod olaraq gələcək nəslə çatdırmalı, unudulmasına imkan verməməliyik”. Direktor vurğulayıb ki, tələbə onun həyatının mənası, elə özü deməkdir və onlar üçün bütün dəstək tədbirlərinə hazırdır: “Qalib, zəfər çalmış, qəhrəman bir xalqın gəncisiniz. Əvvəlki nəsildən fərqiniz budur. Daim alnıaçıq, qalib xalqın nümayəndəsi kimi bu istiqamətli tədbirlərdə aktiv iştirak etməlisiniz”.
Ədəbiyyat və dillər kafedrasının müəllimi Eyvaz Şeydayev çıxışına Məmməd Arazın şeirilə başlayıb və əsgərlərə can sağlığı, qazilərə şəfa arzulayıb. İrəvanda qulluq etdiyi üçün hərbi xidmət xatirələrini bölüşüb. Xatirələrdə bir daha erməni saxtakarlığı ifşa olunub.
Ədəbiyyat və dillər kafedrasının Gülşən Ağabəy bundan sonra Azərbaycana xoş günlər arzulayıb. Bildirib ki, öz adımızı bizə düşmənimiz deyib. Hər kəsi Türk soylu olduğumuzu unutmamağa səsləyib.
Tədbir vətənpərvərlik mövzusunda videoroliklərin nümayişi ilə başa çatıb.