RƏHBƏR NÜMUNƏSİ!

22.04.2024
RƏHBƏR NÜMUNƏSİ!

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun anadan olmasının 64 ili tamam olur.

Cəfər müəllim haqqında hər kəsin deyə biləcəyi və deməli olduğu çoxlu sayda xoş sözlər, maraqlı yanaşmalar, pozitiv fikirlər vardır. Çünki şüurlu həyatının bütün hissəsini təhsilin inkişafına, sağlam kadrların yetişdirilməsinə, pedaqoji mühitin saflaşdırılmasına həsr etmiş bir insan haqqında ancaq xoş fikirlər danışmaq olar. Məhz buna görə də hər kəs Cəfər Cəfərovu novator, ziyalı, əsl rəhbər qayğısı və diqqətinə sahib şəxs kimi tanıyır.

Cəfər müəllimin dəmir iradəsi, qətiyyətli mövqeyi sayəsində Azərbaycanın qocaman ali təhsil müəssisəsi olan Pedaqoji Universitet ən qısa müddət içərisində həm məzmun, həm də forma etibarilə yeniləşdi, dəyişdi.

Professor Cəfər Cəfərov rəhbər kimi idarəetmənin bütün incəliklərinə bələd olan, əməli fəaliyyəti ilə işçi və tələbə kollektivinin dərin hörmət və məhəbbətini qazanan, müasir dövrün tələblərinə uyğun olaraq universitetdə və filiallarda səmimi, şəffaf, çevik təhsil mühiti yaratmağı bacaran müdrik şəxsdir. Türk-islam fəlsəfi fikrinin böyük nümayəndəsi Əbu Turxan deyirdi ki, dahilərin şəxsi həyatını onların ucaltdığı böyük abidələrin arakəsmələrində axtarmaq lazımdır. Biz deyərdik ki, Cəfər müəllimin də yaratdığı abidələr təhsilli, ixtisaslı kadrlar, ölkənin dörd bir yanına yayılmış savadlı gənc müəllimlərdir.

Doğum günü münasibətilə çoxminli ADPU ailəsinin böyüyü, hörmətli rektorumuz, professor Cəfər Cəfərovu ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev və filialın kollektivi adından səmimi qəlbdən təbrik edir, iş və elmi fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

Cəfər müəllim, biz Sizinlə fəxr edirik!

P.S. Cəfər Cəfərov 1960-cı il aprel ayının 21-də Naxçıvan şəhərində mühəndis ailəsində anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 158 №-li orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1980-1983-cü illərdə universitetin göndərişi əsasında təhsilini Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsində davam etdirmişdir. 1983-cü ildə MDU-nun Tarix fakültəsinin aspiranturasına daxil olmuş, 1987-ci ildə dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Moskvada təhsil alan Azərbaycan Tələbə və Aspirantları Şurasının sədr müavini olmuşdur.

1987-1994-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, “Azərbaycan tarixi” kafedrasının müəllimi, baş müəllimi, dosenti, 1990-1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.

1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökümətinin “Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru olmuşdur.

2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru vəzifəsində işləmişdir.

2004-2006-cı illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökümətinin “ Azərbaycan Respublikasında yoxsulluğun azadılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm nazirliyinə institusional yardım” birgə layihəsinin milli koordinatoru olmuşdur.

2006-2014-cü illərdə Azərbaycan Turizm İnstitutunun rektoru, 2014-2016-cı illərdə isə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifələrində çalışmışdır. Tarix elmləri doktorudur.

Azərbaycanda keçirilmiş bir sıra, o cümlədən də xaricdə keçirilmiş 50-dən çox beynəlxalq seminar, konfrans və simpoziumların iştirakçısı olmuşdur. Müasir Azərbaycan tarixi, demokratikləşmə, mülki cəmiyyətin inkişafı, dövlət idarəçiliyi, turizmin inkişafı ilə bağlı Azərbaycanda və xaricdə nəşr olunmuş 50-yə yaxın elmi əsərin müəllifidir. Rus, ingilis, türk dillərində sərbəst danışır.

QEYD EDƏK Kİ, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?