Bu gün ADPU Quba filialının akt zalında Səməd Vurğunun anadan olmasının 115 illiyi münasibətilə “El bilir ki, sən mənimsən” adlı elmi praktik konfrans keçirilib. Tədbir karantin qaydalarına uyğun olaraq hibrit formada təşkil edildiyi üçün Zoom platforması üzərindən də yayımlanıb.
Filialın direktoru Yusif Alıyev konfransı açıq elan edib. Yusif Alıyev Səməd Vurğunun həyatı və yaradıcılığı barədə məlumat verib. Bildirib ki, S. Vurğun deyərkən öncə göz önündə vətən canlanır: “Şairin yaradıcılığı tədqiqatçılar tərəfindən müxtəlif aspektlərdən araşdırılıb. Amma bu yaradıcılıq Azərbaycan dilinin saflaşmasi baxımından mühüm rol oynayır. Tədqiqatçılar S. Vurğunun dilimizə gətirdiyi yenilikləri müqayisə edərək bildirirlər ki, Corc Bayron ingilis ədəbiyyatı, Puşkin rus ədəbiyyatı üçün kimdirsə, S. Vurğun da Azərbaycan ədəbiyyatı üçün odur”. Direktor həm də şairin İctimai siyasi xadim kimi fəaliyyətini xarakterizə edib. Vurğulayıb ki, S. Vurğun Azərbaycan fəlsəfi fikir tarixinin yaradıcılarından biri olub. Direktor sənətkarı məhəbbət şairi, vətən şairi, fəlsəfi ideoloji baxımdan böyük sənət nümunələri yaratmış şəxs kimi xarakterizə edib. S. Vurğunun 90 illi yubileyinin keçirilməsini Heydər Əliyevin onun sənətinə verdiyi dəyər kimi xarakterizə edib.
Daha sonra filialın tələbəsi İsrafil Qayıbovun ifasında tar musiqisi səsləndirilib.
Çıxış üçün söz ADPU Quba Filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Xudyar Daşdəmirova verilib. X. Daşdəmirov şairin həyat və yaradıcılığına həsr olunan məruzə ilə çıxış edib. Qeyd edib ki, o, poeziyada azərbaycançılıq ideologiyasının formalaşmasında əsas rolu olan şəxslərdən biridir. S. Vurğunun əsərlərində göstərdiyi prototiplər sadalanıb. Qubada müəllimlik fəaliyyəti vurğulanıb. “Rəhbərə salam”, “Azərbaycan” şeirlərinin tarixi köklərinə toxunulub. Daha sonra X. Daşdəmirov şairin “Azərbaycan”, “Mən tələsmirəm” şeirlərini səsləndirib.
Tədbir filialın tələbəsi Şəbnəm Abdullayevanın səsləndirdiyi şeirlə davam edib.
ADPU Quba Filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev isə çıxışında şairin yaradıcılığı barədə tezislər şəklində. Özünə məxsus tərzdə məlumat verib. O, öncə S. Vurğunu vətəndaş kimi təhlil edib. “Vaqif” pyesində xalq və şəxsiyyət istiqamətindən bəhs etdiyini vurğulayıb. Digər tezisdə onu vətən təbiətinin vurğunu adlandırıb və “Dağlar” şeirini səsləndirib. Daha sonra şairin “Vaqif” pyesində aforizmlərlə dolu deyişmələrdən söz açıb. Həmçinin bildirilib ki, şairin “İnsan” pyesindəki fəlsəfə xüsusilə vurğulanmalıdır. Məhz buna görə də S. Vurğunu insan psixikası və düşüncələrini oxumağı bacaran şair adlandırmaq olar. Sənətkarın uzaqgörənliyi məsələsinə də toxunulub. Bildirilib ki, S. Vurğunun 1945-ci ildə qələmə aldığı “İnsan” pyesindəki hadisələr 30 il sonra, 1975-ci ildə baş verib. E. Şeydayev nitqini Məmməd Arifin Səməd Vurğun barədə dediyi sözlərlə bitirib.
Tədbirin davamı olaraq filialın I kurs tələbəsi Səma Asəfovanın təqdimatında “Ala gözlər” şeiri səsləndirilib.
Çıxış üçün söz filialın keçmiş əməkdaşı, S. Vurğuna aid kitabın müəllifi Şükür Baxışova verilib. Ş Baxışov Vurğunu XX əsrin ən görkəmli nümayəndəsi adlandırıb. Tədbir iştirakçı və təşkilatlarına təşəkkürünü bildirib və S. Vurğunla tanışlığından bəhs edib: “S. Vurğun Qubaya gəldiyi üçün böyük bir tədbir təşkil olunmuşdu. Tədbirdə şeir söyləməli idim. Şairin şeirlərindən birini dedim və zaldakı izdihamı görüncə özümü itirərək şeirin davamını unutdum. Ağlamağa başladım. Bu zaman Səməd Vurğun səhnəyə gələrək əlimdən tutdu və şeirin davamını mənimlə birgə deməyə başladı”.
Ş. Baxışov həm də şairin müəllimlik, direktorluq fəaliyyəti, qızı Aybəniz Vəkilova ilə görüşündən söz açıb. Onun dilindən eşitdiyi xatirələri danışıb. S.Vurğunun əməli saleh insan olması, gördüyü xeyirxah işlərdən söz açıb.
Konfrans şairin həyat və yaradıcılığına həsr olunan videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.