Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən ölkənin ən böyük gənclər festivalı “Yay Fest” 2 illik fasilədən sonra yenidən gəncləri sevindirir.
Bir ay ərzində keçiriləcək festival “Tələbələr”, “İnnovasiya və Sahibkarlıq”, “Vətənpərvərlik”, “Könüllülər” və “Karyera və İnkişaf” olmaqla silsilə 5 düşərgə şəklində təşkil olunacaq.
Düşərgələrin hər birində vətənpərvərlik, tarix, incəsənət, sosial media, innovasiya və digər mövzularda gənclərlə müxtəlif təlim, seminar, mühazirələr keçiriləcək, dövlət və özəl qurumların nümayəndələri və eləcə də millət vəkilləri, təlimçi, ulduz və bloqerlərlə görüşlər təşkil olunacaqdır.
Həmçinin, iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgə keçirildiyi regionda yerləşən tarixi-mədəni və təbiət ərazilərinə səfərlər kimi maraqlı fəaliyyətlərə cəlb olunacaqlar. Hər günün sonunda gənclər üçün konsert proqramı və kino nümayişi planlaşdırılır.
Düşərgənin təşkili və keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar tövsiyələri nəzərə alınmaqla, yalnız COVİD-19 pasportu olan şəxslərin iştirakı təmin edilib.
Azərbaycan Respublikasının Gənclər Fondu və “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə keçirilən #YayFest2021 festivalının “Tələbəlik” düşərgəsinin ikinci günü uğurla başa çatmışdır.
Gün ərzində “Tələbəlik” düşərgəsinin iştirakçılarının Millət vəkili Şahin Seyidzadə ilə səmimi görüşü baş tutmuşdur. Daha sonra gənclər ulduz qonaqlarla panel görüşündə iştirak edərək onlarla tələbəlik mövzusunda müzakirələr aparmışdılar.
Həmçinin, YayFestçilər düşərgənin təklif etdiyi müxtəlif əyləncələrlə asudə vaxtlarını səmərəli istifadə etmək imkanından yararlanmışdılar.