ADPU-nun Quba filialı daha bir Beynəlxalq Simpoziuma ev sahibliyi etdi

24.04.2021
ADPU-nun Quba filialı daha bir Beynəlxalq Simpoziuma ev sahibliyi etdi

“Elm və təhsil: keçmişimizi qoruyaraq, gələcəyimizi yaradaq” adlı XIII Beynəlxalq elmi Simpozium keçirilib

24 aprel 2021-ci il tarixində türk dünyasının ustad ozan-aşığı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş “Elm və təhsil: keçmişimizi qoruyaraq, gələcəyimizi yaradaq” adlı XIII Beynəlxalq elmi Simpozium keçirilib.
Konfrans, Türkiyənin Qars Qafqaz Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının, AMEA-nın Coğrafiya İnstitutunun, “ELGER” Beynəlxalq Elm-tədris Mərkəzinin və Qırğızıstan Təhsil Akademiyasının birgə təşkilatçılğı ilə onlayn şəkildə, Zoom platforması üzərindən baş tutub. ADPU Quba filialının təşkilatçılığı ilə keçirilən, Aşıq Ələsgərə aid sayca ikinci olan  konfransda bir sıra ölkələrin ali təhsil müəssisələrinin tədqiqatçıları və rəhbər heyəti iştirak ediblər.
Simpoziuma moderatorluğu Qars Qafqaz Universitetinin dosenti İlkin Qulusoy, sədrliyi isə ADPU Quba filialının direktoru dosent Yusif Alıyev edib.
Qars Qafqaz Universitetinin dosenti İlkin Qulusoy konfransı açıq elan edib və simpoziuma ev sahibliyi edənlərə, həmçinin bütün iştirakçılara təşəkkürünü bildirib. Daha sonra konfransın proqramı açıqlanıb. Tədbirin davamı olaraq Aşıq Ələsgərin həyat və yaradıcılığının qısa təfsilatını verən videoçarx nümayiş olunub. Çarxda Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi məqsədilə imzalanan Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı da vurğulanıb.
Daha sonra Qars Qafqaz Universitetinin rektor köməkçisi prof. dr. Engin Kılıç konfrans iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıb. Gələcək fəaliyyətdə keçmiş sənətkarlara dəyər verməyin önəmindən bəhs edib. Daha sonra Aşıq Ələsgərin “Ad olmaz” şeirini səsləndirib.
“Bu dünyаnı mən təcrübə еylədim,
Nаmərd körpü sаlsа, ondа аd olmаz.
Bir mərd ilə аğı yеsən – şirindi,
Yüz nаmərdlə şəkər yеsən – dаd olmаz”.
Çıxış üçün söz Qars baş konsulu Nuri Quliyevə verilib. N. Quliyev bildirib ki, A Ələsgər irsində həm də Azərbaycanın tarixi, mill dəyərləri təsnif edilir. Sənətkarın məzarüstü abidəsinin erməni vandalları tərəfindən dağıdılması vurğulanıb.
Quba filialının direktoru dosent Yusif Alıyev çıxışında deyib ki, türk xalqları öz folklorlarını aşıq sənətində yaşadaraq dastanlar yaradıblar. Aşıq yaradıcılığında elmi irfanın nəticələri aydın müşahidə edilir. Qeyd edib ki, Aşıq Ələsgərin bütün yaradıcılığı böyük elmi tədqiqatlar tələb edən dəryadır. Daha sonra dosent Yusif Alıyev sənətkarın “Ay nədən oldu?” şeirini səsləndirib. Aşıq Ələsgərin 200 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi şairə ümumxalq sevgisinin göstəricisi kimi izah olunub.
Simpozium Qırğızıstan Elmlər Akademiyasının əməkdaşı Damia Əlibəyova və vitse-prezidenti Ulanbek Mambetakunovun çıxışı ilə davam edib. Simpoziumun türk xalqlarını ortaq mədəniyyət üzərində birləşdirməsində rolu vurğulanıb.
Daha sonra Qalibə Hacıyeva “Aşıq Ələsgər yaradıcılığının poetik-üslubi imkanları” mövzusunda məruzə edib. Bildirib ki, belə ədəbi əsərlərin dilinə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Onun yaradıcılığında ədəbi və dialekt leksikası arasındakı güclü bağ barədə danışılıb. Aşığın leksikasında işlənən frazeoloji vahidlər nümunələr əsasında sadalanıb:
“Yanağı qırmızı, irəngi ağdı,
Çırağban еyləyib ağı qırmızı.
Ala gözlərinə gözüm sataşdı,
Əridi ürəyimin yağı qırmızı”.
Elxan Nuriyev, Rəna Umudova, Nərgiz Çəndirlinin “Aşıq Ələsgərin şerlərində türk toponimləri” mövzusunda birgə məruzəsi dinlənilib. Məruzədə A. Ələsgərin həyatı barədə məlumat verilib. Qeyd edilib ki, məktəb üzü görməyən, adını belə yazmağı bilməyən sənətkarın belə dəyərli folklor nümunələri yaratması təqdirəlayiqdir. Daha sonra Aşıq Ələsgərin yaşadığı ərazilər, oranın mədəniyyətinin sənətkarın folkloruna təsiri barədə məlumat verilib. Topoqrafik  terminlər sadalanıb.
Növbəti məruzə Şəhla Əhmədovanın  müəllifliyi ilə “Aşıq Ələsgər yaradıcılığında bəzi sözlərin leksikoqrafik həllinə dair” mövzusuna həsr edilib. Məruzədə sənətkarın yaradıcılığına leksikoqrafik istiqamətdən yanaşılıb. A. Ələsgərin “Dağlar” qoşmasında “axtarma” sözünün leksikoqrafik təhlili göstərilib. Sənətkarın poetikasındakı müxtəlif sözlərin fərqli mənaları sadalanıb və bununla da aşığın necə zəngin dil bacarıqlarına malik olduğu sübuta yetirilib.
İlkin Qulusoyun müəllifliyi ilə “Aşıq Ələsgərin qoşmalariında gözəlin təsviri” məruzəsində sənətkarın müraciət etdiyi şeir janrları sadalanıb. Onun Aşıq Əlinin yanında şəyirdlik etməsi, bu zaman dediyi bir təcnislə xüsusilə şöhrət qazanması vurğulanıb. Qeyd edilib ki, bəzi qoşmalarında Azərbaycan gözəllərinin portreti çəkilir:
“Hər yеtən gözələ “gözəl” dеmərəm,
Gözəldə gərəkdi işvə-naz ola.
Buxağından ətri-bənövşə gələ,
Qoynu gülşən ola, bahar, yaz ola”.
Daha sonra Elburus Vəliyevin “Adım Ələsgərdi, Göyçə mahalım” məruzəsi dinənilib.  Qeyd edilib ki, Azərbaycan tarixində cəmi 3 şəxsə “Dədə” ləqəbi layiq görülüb ki, onlardan biri də Aşıq Ələsgərdir. Məruzədə həmçinin Abdal-Gülablı kəndinin etimologiyasından bəhs edilib. Qeyd edilib ki, aşıq sənətinin əhatəsi nə qədər geniş olsa da, dədə Ələsgərin öz zivəsi, ucalığı var.
Bununla da plenar iclas başa çatıb. Simpoziumun gedişatı barədə elan səsləndirilib. Bildirilib ki, simpozium plenar iclasdan sonra işini 5 bölmə – Ədəbiyyatşünaslıq; dilçilik; pedaqoji elmlər; tarixi və siyasi elmlər, kulturologiya, sosiologiya, fəlsəfə; iqtisadiyyat, torpaqşünaslıq və coğrafiya, kimya və bioloji elmlər üzrə davam etdirəcək. Bölmələr üzrə məruzələri YouTube üzərindən dinləmək mümkündür.

Mətni hazırladı: Lamiyə Süleymanlı

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?