ADPU-nun Quba filialının müəllim və tələbə kollektivi Şəhid Rəvan Yusif oglu Əliyevin ailəsini ziyarət edi

Ziyarət zamanı filialın direktoru dosent Yusif Alıyevin və filial kollektivinin adından Şəhidin anası Mehriban Əliyevaya qəhrəman anası kimi təşəkkür və minnətdarlıq məktubu təqdim edilib.
Görüş zamanı THİK sədri, Tarix, pedaqogika və sosial elmlər kafedrasının baş müəllimi Aygün Şıxbabayeva, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, TGT sədri Nicat Piriyev, filialın Riyaziyyat müəllimliyi ixtisasının II tədris ili tələbələri Şəhidin ev muzeyi ilə yaxından tanış olub, Şəhidin adına ucaldılan Bulaq kompleksini ziyarət ediblər.
Qeyd: Rəvan Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Quba şəhərində yaşayıb. 2007-ci ildə Quba şəhər 3 saylı orta məktəbində təhsil almağa başlayıb. İkinci sinifdə oxuyanda Quba musiqi məktəbinə qəbul olub və orada tar sinfini bitirib. Musiqi ilə bərabər futbolla da məşğul olub. Oradakı fəallığına görə Fəxri fərmana layiq görülüb. 2016-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olub.
5 iyul 2019-cu ildə hərbi xidmətə başlayıb. Yevlax şəhərində yerləşən Dövlət Sərhəd Qoşunlarında xidmət edib. Vətən müharibəsi başlayanda Sərhəd Qoşunlarının əsgərləri əvvəlcə döyüşlərdə iştirak etmirdi. Lakin könüllü olaraq əsgərlər döyüşlərə gedə bilərdi. Rəvan qulluq etdiyi hərbi hissədən bir zabit və altı əsgər ilə birlikdə müharibəyə könüllü olaraq qoşulub.
Zəngilan uğrunda gedən döyüşlərdə yeddi könüllü əsgərin hamısı Şəhid olub. Sərhəd Qoşunlarının ilk şəhidləri onlar olublar. Oktyabrın 23-də şəhid olub və 29 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə, “İgidliyə görə” medalı ilə təltif edildi, “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah Şəhidlərimizə rəhmət etsin.