ADPU-nun Quba filialının kollektivi Şəhid Tamerlan Əliyevin ailəsini ziyarət edib

Ziyarət zamanı filialın KTŞ müdiri Pərvanə Rzayeva, THİK sədri Aygün Şıxbabayeva, Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Vüsalə Kərimova, TGT sədri Nicat Piriyev və filialın Məktəbəqədər təlim tərbiyə ixtisasının III tədris ili tələbələri iştirak edib
Tələbələr Şəhidin Ev muzeyi ilə, şəxsi əşyaları ilə tanış olub, Şəhidin anası Zümrüd xanım üçün alınan simvolik hədiyyəni təqdim edib, Şəhidin döyüş yolu ilə maraqlanıblar. Sonda vurğulanıb ki, bu gün Şəhid Tamerlan Əliyevin həyat yolu gənclər üçün nümunədir, vətənpərvərlik nişanəsidir.
Şəhid Tamerlan Əliyevin anası Zümrüd Əliyeva qeyd edib ki, Azərbaycan Ordusunun əsgəri olan Tamerlan Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan ordusunun işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı qanlı döyüşlərdə düşmənlə savaşıb. Tamerlan Əliyev oktyabrın 1-də Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıqla Şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tamerlan Əliyev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Tamerlan Əliyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildi.
Allah Şəhidlərimizə rəhmət etsin!