REPETİTORLUQ – GÜNÜMÜZÜN MODASI, YOXSA…

25.04.2023
<strong>REPETİTORLUQ – GÜNÜMÜZÜN MODASI, YOXSA…</strong><strong></strong>

Ön söz əvəzi

Bu yazı on il bundan əvvəl yazılıb və “Yeni avaz” qəzetində (07 dekabr 2013) çap olunub. Bir balaca redakte ilə onu bu gün təqdim etməkdə məqsədim son vaxtlar repetitorluq və orta məktəbdə təhsilin vəziyyətilə mediada tez-tez səslənən, çox ciddi problem olmasına baxmayaraq, üzərindən yaz mehi kimi əsib keçən münasibətlərlə əlaqədar olaraq öz möbqeyimi bildirməkdir.

I yazı    

Təhsil aldıqları məktəbdə yiyələndikləri biliklə kifayətlənməyib repetitordan dərs almaqla ali məktəblərə qəbul imtahanlarına hazırlaşanların sayı təkcə bizim ölkəmizdə deyil, dünyanın əksər ölkələrində artmaqdadır.

Ailə büdcəsinə hiss olunacaq dərəcədə təsir göstərsə də, valideyn və şagirdlərdə repetitordan dərs almadan təhsilini davam etdirməyin mümkün olmaması haqqında fikir artıq formalaşmışdır. Sözümüzə qüvvət, ötən əsrin 70-ci illərində universitetə hazırlaşarkən kəndimizdən ali təhsil almaqda olan bəzi gənclərlə görüşüb, qəbul  imtahanları haqqında suallar verirdim. Onların arasında mənə ürək-dirək verib qəbul olunacağıma inandıranlarla yanaşı, pul vermədən tələbə ola bilməyəcəyimi sübut etməyə çalışanlar da olurdu. Mən birincilərin məsləhətlərini əsas tutaraq mövcud proqramla hazırlaşdım və Allahın köməyi ilə ali məktəbə qəbul olundum. 

Repetitorlar kimdir və onlar necə fəaliyyət göstərirlər?

    Repetitor – mürəbbi, haqqı valideynin hesabına ödənmək şərti ilə şagirdə təkbətək və ya qrup halında dərs deyən müəllimdir. O, adətən, dərslərində daha yaxşı nəticə əldə etmək, müxtəlif özəl təhsil müəssisələrinə, universitetlərə qəbul imtahanlarında uğur qazanmaq istəyən şagirdlərə müəyyən fənn və ya fənlərdən dərs verir. Repetitorlar, adətən, mövcud əmək haqqının tələbatını ödəməyə kifayət etməyən, əlavə pul qazanmaq istəyən, təqaüdə  çıxmış müəllimlər və ya ali təhsilini bitirib iş tapa bilməyən gənc müəllimlərdən ibarətdir. Bu gün onların sırasına kurs bitirən, və ya kurs “mütəxəssisləri” tərəfindən imtahan olunan qeyri-ixtisas sahibləri – xarici dil “müəllimləri” də daxildirlər.

     Repetitorlar dərs dedikləri məktəbdə, öz evlərində, şagirdin evində və ya müəyyən adlar altında fəaliyyət göstərən kurslarda çalışırlar.

     Repetitorların reklamı da müxtəlif yollarla reallaşır. Buraya müvəffəqiyyət qazanan şagirdləri və onların valideynləri, çalışdıqları kursları, özlərinin fərdi fəaliyyətlərini daxil etmək olar.

    Repetitorluğun səbəbləri də müxtəlifdir. Repetitora müraciət edənlərin əsas hissəsi bir zamanlar obyektiv və ya subyektiv səbəblərə görə məktəbdəki tədrislə uğur qazana bilməyənlər olsalar da, bu gün bütün ali təhsil müəssisələrinin tələbələri “repetitor məngənəsindən” keçənlərdir. İş o yerə çatıb ki, müəllimlər belə işə qəbul imtahanı vermək üçün repetitor yanına gedirlər. 

    Digər bir səbəb repetitor yanına getməyin günümüzün dəbinə çevrilməsidir. Repetitorun sinfindən fərqli olaraq, pərvanə kimi başına fırlandığını görən şagird, imkanları oldu-olmadı, neçə-neçə sinif yoldaşını da bu işə cəlb edir. Yuxarıdaki səbəb eyni zamanda ictimai məktəbə və müəllimə olan etibarın kəskin şəkildə aşağı düşməsinə səbəb olur. Repetitorun şagirdlə işləmək üçün daha çox vaxtı olduğundan, orta səviyyəli şagirdlə belə qısa müddətdə yaxşı nəticə əldə etmək olur.

     Tədris proqramlarının həcminin artıq materiallarla həddindən artıq yüklənməsi, çətinliyi, onların hər kəs üçün əlçatan olmaması, valideynlərin ya vaxt, ya da bilik səviyyəsinin öz uşaqlarına kömək etməyə uyğun gəlməməsi repetitora mürəciət etmək tələbatı yaradır. Dərs zamanı nöqtə boyda anlaşılmayan material şagird beynində qara bulud boyda olur. Əlavə internet resurslarından istifadə etmək imkanın olmaması, yaxud bu işə səy göstərməmək də digər bir amil heasab oluna bilər.

     Dərsdə diqqətin yayınması imkanları və halları olsa da, repetitor yanında şagirdin diqqəti tamamilə öyrəndiyi materila səfərbər olunur.

     Repetitorluq, digər tərəfdən də məktəbin məsuliyyətini azaldır, müəllimlərdə arxayınçıllıq yaradır. Harada və kimin yanında hazırlaşmasından asılı olmayaraq, ali məktəbə qəbul olunan şagirdin uğuru təhsil aldığı məktəbin göstəricisi, nailiyyəti hesab olunur. Ona görə də, repetitor yanına gedən şagirdlərin yaş səviyyəsi də getdikcə aşağı düşür. Özlərində hiss olunan zəifliyi aradan qaldırmaq üçün şagirdlər aşağı siniflərdən başlayaraq repetitor yanına gedirlər. Hələ bu harasıdır, məktəbə hazırlıq və ibtidai sinif şagirdləri də bu təcrübədən istifadə edirlər.

    Qeyd etmək lazımdır ki, bəzi ölkələrdə repetitor yanına getmək o qədər də yayğın deyil. Məsələn, Danimarka və Finlandiyada şagirdlər repetitor yanına getmədən yüksək nəticələr göstərirlər. Bu, o deməkdir ki, həmin ölkələrdə ictimai məktəblərə və müəllimə inam hələ də yaşamaqda, məktəblər və müəllimlər də ictimai etimadı layiqincə doğrultmaqdadır.

    Sual yarana bilər ki, repetitor yanına getmək vacibdirmi? Bu suala cavab verməzdən əvvəl şagird olduğum zaman yaşadığım bir təcrübəni bölüşmək istərdim. Səkkizinci sinifdə oxuyurdum. Riyaziyyatdan müəyyən qədər köməyə ehtiyac duydum. Bir axşam çətinlik çəkdiyim misalları götürüb yaxınlıqdakı müəllimin yanına getdim. Müəllim məni, haqsız olaraq, həmkarının dərsində diqqətsiz olduğuma görə bir qədər danladıqdan sonra, heç bir izahat filan vermədən misalları götürüb səssiz-səmirsiz həll edib verdi. Bu münasibətdən o qədər sarsıldım ki, zəncirin qırılmış həlqəsini bərpa etməyə ümidim qalmadığı üçün həmin gündən riyaziyyata əlvida dedim.

     Sualın cavabına qayıdaq. Bəzən repetitor yanına getmək vacib ola bilər. Bəlkə də, gələcəkdə məktəblərin özündə ayrı-ayrı fənlərdən köməyə ehtiyacı olan şagirdlər üçün dərsdən sonra, müəyyən cədvəllə idarə olunan ödənişli dərslər təşkil olunacaq. Şagirdin öz məktəbində yetişdirilməsi həm maddi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. İşin bu cür təşkili müəllim və məktəbin nüfuzunu bərpa etmək və qorumağa da müsbət təsir göstərər. İşlər qaydasına düşəndən, şagirdin özünə inamı yarandıqdan sonra onun müstəqil çalışması daha da səmərəli və zövqlü olur…

      Sözümüzə bir haşiyə ilə davam edək. Kamil müəllim işlədiyi illər ərzində gənc nəslin təlim-tərbiyəsi işinə can qoyduğunu vurğulayıb sözünü belə bir fikirlə tamamladı ki, oxumaq istəyən hər bir şagirdə dərsi dərsdə öyrətməyə çalışıb və buna qismən də olsa, nail ola bilib. Dərs dediyi şagirdlər repetitor yanına getmədən, dərsdə qazandıqları biliklə qəbul imtahanlarında ana dili və ədəbiyyatdan sualların çoxuna düzgün cavab yaza biliblər. Rüşeyimsiz buğdaya nə qədər qulluq etsən də, cücərməz. Rüşeyimi olan buğda isə daşın altından da boy atıb çıxır. İlk növəbədə müəllim kamil olmalıdır, sonra da qarşısında oxumaq, öyrənmək eşqi ilə coşub-daşan şagird oturtmalıdır. Belə şagirdin qulaqlarını tıxasan da, gözlərini qapasan da, eşidəcək və görəcək.

     Allah günümüzün çox ciddi problemlərinin təsirinə məruz qalmış məktəbdə çalışan hər bir fədakar müəllimin səbrini dərin, canını sağ eləsin!      Biz də “Amin!” – deyirik. Lakin bir həqiqəti də gizlətmək insafdan deyil: Bu gün, digər əksər ölkələrdə olduğu kimi, təhsilimizin uğurlarında repetitorların zəhməti çoxdur. Öz dərin biliyi, tənqidi təfəkkürü, kriativliyinin səviyyəsi ilə nəinki günümüzün, gələcəyimizin tələbatına cavab verə biləcək nəsillərin yetişdirilməsində  onların potensialından səmərəli istifadə etməyə çalışmaq faydalı olar.

Rahib Alpanlı (Sədullayev), ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?