3 may 2024-cü il tarixində ADPU-nun Quba filialında “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılışına həsr edilmiş elmi-praktik konfrans keçirilib
Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində olduqca maraqlıdır. Son illər Özbəkistan universitetləri ilə Azərbaycan elminin və təhsilinin inkişafında inteqrativ dünya təcrübəsinin öyrənilməsinə xüsusi əhəmiyyət sərgiləyən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı arasında əməkdaşlığa da önəm verilir. Bu istiqamətdə tədbirlər planına uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 3 may 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılışına həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransdan əvvəl Filialın direktoru dosent Yusif Alıyev və qonaqlar Ulu Öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsini ziyarət ediblər. Daha sonra Filiala gələn qonaqları əllərində güllər və türk dövlətlərinin bayarqları olan tələbələr salamlayıb. Filialın giriş hissəsində yaradılmış “Azərbaycan mütəfəkkirləri” barelyefinin açılışı da Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, millət vəkili akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupunun üzvü Ceyhun Məmmədov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın iştirakı ilə həyata keçirilib. Barelyefin açılışndan ardınca Filialda dosent Yusif Alıyevin təşəbbüsü ərsəyə gələn “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılışı üçün Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, millət vəkili akademik İsa Həbibbəyli və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abdulqappor Qırğızbayev tərəfindən qırmızı lent kəsilib, qonaqlara özəl olaraq hazırlanmış yaxalıqlar, Filialın tanıtım bukletləri və konfransın proqramı təqdim edilib. Ardınca mərkəzlə tanışlıq başlanılıb. Əvvəlcə qonaqlar “Azərbaycan – Özbəkistan dünən və bu gün” stendi ilə tanış olub, stenddə ulu öndər Heydər Əliyevin tarixi fotoları ilə, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan və Özbəkistan Respublikası arasında qurulan diplomatik və qardaşlıq əlaqələrini əks etdirən fotolar haqqında məlumat aldılar. Həmçinin Mərkəzin giriş hissəsində Azərbaycan və Özbəkistanın tarixi şəxsiyyətlərinin, alim və ziyalılarının xatirə stendləri, qiymətli kitablardan ibarət sərgi, divarda çəkilmiş rəsmlərlə tanış oldular. Mərkəzdə qonaqlar 8 türk dövlətinin dilində Filialın tələbələri (Y.Quliyeva, Ə.Ömərzadə, X.Orucova, N.Abdullayeva, N.Abdullayeva, M.Adıgözəlova, S.Abusəddarova, N.Sadatova) tərəfindən salamlandı, piano, tar və solo üçlüyü (Filialın tələbələri Əminə Vəliyeva, Tofiq Dadaşov, Gülyanaq Əhmədova ) “Qaragöz boy, boy” özbək xalq mahnısını ifa etdi.
Qonaqlar həmçinin filialda Kitabxana və elekteon resurslar şöbəsinin təşkilatçılığı ilə hazırlanan kitab sərgisi, auditoriyalarda yaradılmış şəraitlə tanış olub, maddi-texniki baza ilə maraqlanıb, Filialın təkcə Şimal bölgəsi üçün deyil, həm də respublika əhəmiyyətli işlərə imza atdığını diqqətə çatdırdılar, Azərbaycan gəncliyi üçün belə ali təhsil məkanının əhəmiyyətini vurğuladılar.
Daha sonra rəsmi və bədii hissələrdən ibarət olan elmi-praktik konfrans Özbəkistan və Azərbaycan Respublikalarının dövlət himnlərinin səsləndirilməsi, həmçinin ulu öndər Heydər Əliyevin, Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Elmi-praktik konfransı Filialın direktoru dos. Yusif Alıyev açıq elan edib, qonaqları filialda görməkdən olduqca məmnun olduğunu dilə gətirib, qeyd edib ki, böyük zəhmət və güclü əməkdaşlıqla yaradılan Mərkəzin açılış mərasiminin belə möhtəşəm tarixə imza atması təkcə elmin deyil, həm də dövlətin siyasətini əməli fəaliyyətimizlə dəstəklədiymizin əyani nümunəsidir. “Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər” deyə direktor öz çıxışında 44 günlük tarixi qələbədən sonra Azərbaycanın daha da güclənən xarici siyasətinə də diqqət çəkib. Direktor həm də Özbəkistan Azərbaycan arasındakı tarixi yaxınlığa qısa ekskurs edib, açılış mərasimində iştirak edən qonaqların Filialda görülən işlər və Mərkəzin açılmasında çəkilən zəhmətin elm və dövlət adamları tərəfindən dəyərləndirilməsi kimi qəbul edib: “bu gün Quba filialında yeni yaradılan Mərkəz Azərbaycanın Özbəkistan, ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığına həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcəyinə böyük ümidlər bəslədiyimizdən bu gün yanımızda olan bütün ziyalı şəxsiyyətlərə təşəkkür edirik.”deyə çıxışını yekunlaşdırıb.
Geniş məruzə nitqi ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, millət vəkili akademik İsa Həbibbəyli ”Hesab edirəm ki, bu Mərkəz Azərbaycan-Özbəkistan dostluğunun, həmrəyliyinin və birliyinin inkişafına xidmət edəcək yeni nəsillərin yetişdirilməsinə əhəmiyyətli töhvələr verəcəkdir. Bu gün Quba Filialında “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılış mərasimində Özbəkistan Respublikasının universitet nümayəndələrinin, xüssusən universitet rektorunun və əməkdaşlarının iştirakı bu Mərkəzin ilk açılış günündən dostluğun və qardaşlığın simvolu kimi fəaliyyətə başlamasını əməli şəkildə sübut edir. Quba filialının direktoru dos. Yusif Alıyevin bu sahədə əməyi ən yüksək qiymətə layiqdir.” deyə vurğulayıb. Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Abdulqappor Qırğızbayev “Bu gün bu iki qardaş xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını, özündə birləşdirən bu Mərkəzin açılışı həm də Azərbaycan və Özbəkistan xalqları arasındakı, dövlətləri arasındakı əlaqələri daha da rövnəqləndirəcəkdir. Hər iki xalqın tarixi və gələcəyinə xidmət edəcək bu böyük Mərkəzin açılışına imza atan universitet rəhbərliyini də öz adımızdan təbrik edirəm.” Milli Məclisin deputatı Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupunun üzvü Ceyhun Məmmədov da çıxışında qeyd etdi ki, bu günki tədbirdə Quba filialı ilə tanışlıq zamanı regionda yerləşən ali məktəbin gördüyü işlərdən daha çox ölkə miqyaslı işlərə şahid oldum, istər Mərkəzin bu gün üçün əhəmiyyəti, istər iki ölkə arasındakı qardaşlığıa verəcəyi töhvə, istərsə də möhtəşəm açılış tədbirinin hazırlanması bizləri də çox sevindirdi. “Mənim düşündüyümdən daha yüksək səviyyədə tədbir oldu və Mərkəzlə əlaqədar görülən işlərin əhəmiyyəti də göz önündədir” deyə Millət vəkili çıxışının sonunda vurğulayıb. ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova çıxışında olduqca zəngin və möhtəşəm bir Mərkəzin fəaliyyətə başlamasının həm universitet, həm də dövlətimiz üçün əhəmiyyətli hadisə olduğunu qeyd etmiş, Türk dünyası, həmçinin Özbəkistan Respublikası ilə qarşılıqlı əlaqələrimizin Ulu Öndər Heydər Əliyev tərəfindən bərpa edildiyini, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq bu münasibətlərin gündən-günə daha da genişləndiyini diqqətə çatdırmışdır. Hər iki dövlətin gələcək nəsilləri üçün qardaşlıq simvolu sayılacaq bu möhtəşəm Mərkəzin ərsəyə gəlməsində xüsusi əməyi olan Quba filialının direktoru dosent Yusif Alıyevi hər zaman dəstəklədiyini vurğulamış, ona və kollektivə yeni ideyalar təqdim edərək yaxın günlərdə Turan-türk dövlətləri adlı yeni bir Mərkəzin yaradılmasına başlamaq üçün bütün yüksək keyfiyyətlərə sahib oldularını bildirmişdir. Quba RİH Başçısının müavini Səidə Abasova da tədbir iştirakçılarını Quba RİH Başçısı cənab İlqar Mahmudov adından salamlamış, Mərkəzin fəaliyyətinə uğurlar arzu etmişdir. Tədbirdə çıxış edən Azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Bakı Slavyan Universitetinin rektoru professor Anar Nağıyev, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov da bu gün şahid olduqları tarixi hadisənin Quba filialı üçün əhəmiyyət daşıması ilə bərabər, qeyd ediblər ki, Azərbaycanın xarici siyasətində Türk dövlətləri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Bu mənada yeni yaradılan Mərkəz də öz əhəmiyyətini təsdiq edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Xalq artisti Gülyanaq Məmmədovanın da iştirakı ilə xüsusi möhtəşəmlik qazanan tədbirin bədii hissəsi ADPU-nun Quba filialının və Quba Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Quba Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı hazırlanmışdır. Filialın tələbələri Rəşad Abdullayev və Səma Asəfovanın moderatorluğu ilə keçirilən tədbirdə f.f.d. Aytən Qurbanova Özbək və Azərbaycan dilində şeir kompozisiyası, Respublika Uşaq xor kollektivləri müsabiqəsi laureatı “Şahdağ” xor kollektivi, xormeystr İradə Aslanova, müşayiət edirlər fortepianoda Günay İsmayılova, tarda İmran Şəfiyev, kamançada İlqar Məmmədov “İki könül bir olsa” musiqisi, “Çırpınırdı Qara dəniz” musiqisini, filialın tələbəsi Nurlan Hüseynov sevilən şairə Mahirə Hüseynovanın “Oxuyun” adlı şeirini, Quba Uşaq Musiqi məktəbinin şagirdi Hürrəm Məlikova “Gözəl Quba” musiqisini ifa edib, Filialın tələbəsi Tuğyə Məmmədova “Qaragöz, boy-boy” özbək xalq musiqinin sədaları altında rəqs edib, Nazənin Məmmədova “Azərbaycan-Özbəkistan qardaşlığı” rəsmini yağlı boya ilə kətan üzərində çəkib.
Tədbirdə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti tərəfindən Filiala və qonaqlara qiymətli kitablar hədiyyə edilib.
Tədbir daha bir möhtəşəm tarixi hadisə ilə də yadda qalıb. Belə ki, Filialın elm, təhsil və pedaqoji kadr hazırlığı sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş bir qrup əməkdaşı- direktor dos. Yusif Alıyev, əməkdaşlar, Mələk Bağırova, Səmimə Müzəffərova, Mahirə Malıyeva, Eyvaz Şeydayev, Güləddin Həmzəyev, Filialın TSP ixtisasının məzunu və hazırda Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər. Həmin yubiley medalları əməkdaşlara akademik İsa Həbibbəyli və professor Mahirə xanım Nağıqızı tərəfindən təqdim edilib.
Filial direktoru dosent Yusif Alıyevin təşəbbüsü və Filial Elmi Şurasının qərarı ilə “Azərbaycan – Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi”nin açılışında göstərdiyi dəstəyə görə akademik İsa Həbibbəyli, professor Abduqappor Qırğızboyev, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov, AMEA Mərkəzi Elmi Ktabxanasının direktoru Hüseyn Hüseynov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Vüqar Mirzəyev, da Fəxri fərmanla təltif edilib.
Qeyd edək ki, tədbirdə həmçinin YAP Quba rayon təşkilatının sədri, Quba rayonunun hüquq mühafizə orqanlarının rəhbərləri, ADPU-nun prorektorları və dekanları, Azərbaycanlı şair Ramiz Qusarçaylı, ADPU-dan və Türkiyə universitetlərindən gəlmiş ziyalılar, Quba rayon ictimaiyyəti, idarə və müəssisə rəhbərləri, məktəb direktorları, Şəhid ailələri, qazilər, media nümayəndələri, Filialın professor-müəllim və tələbə heyəti iştirak edirdi.
Bütünlükdə 4 hissədən ibarət olan möhtəşəm elmi-praktik konfrans Azərbaycanın tanınmış televiziyaları AZTV, ATV, ARB, İTV, REAL TV tərəfindən bütün ölkəyə yayımlandı.