Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 8 Noyabr Zəfər Gününə həsr edilən “Milli dövlətçilik tariximizə əbədi həkk olmuş Zəfər Günü – 8 Noyabr” adlı tədbir keçirilib
Tədbirdə filialın direktoru dosent Yusif Alıyev, YAP Quba rayon təşkilatının sədri Fidan xanım Hüseynova, Quba RİH Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə xanım Abasova, Qusar N saylı hərbi hissənin zabit və əsgərləri, Azərbaycan Qarabağ əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Qusar rayon filialının sədri Canəli Hörmətov, Azərbaycanın lider mobil operatoru Azercell Telekomun Quba bölməsinin rəhbəri Tehran Əmiraslanov, Qubadan, Qusardan, Xaçmazdan və Şabrandan olan Şəhidlərimizin valideynləri, ailə üzvləri, bacı və qardaşları, qazilər, müharibə iştirakçıları, filialın kollektivi iştirak edib.
Tədbirin rəsmi hissəsində çıxış edən filialın direktoru dosent Y.Alıyev qeyd edib ki, bu gün tarixi bir gündür. Amma təqvimdə qırmızı rəngdə olan tarixi gün deyil bu, ürəyimizə, xalqımızın, məmləkətimizin həyatına qırmızı qanla yazılan gündür. Azərbaycan vətəndaşları dünyanın ən xoşbəxt insanlarıdır ki, bu tarixi günü – Zəfər Gününü yaşayırlar. Onsuz da haqq-ədalət bir gün yerini tutacaqdı. Amma sadəcə Tanrı bizi xoşbəxt insanlar olaraq yaratdı ki, biz bu tarixi günün şahidi olduq. Nəinki şahidi, iştirakçısı olduq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbəyə imza atdıq, dünya Azərbaycan xalqının və dövlətinin gücünə bələd oldu.Bu qələbə xalqımızın qəhrəman oğullarının sayəsində əldə edildi.Allahdan Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı, şəfalar arzu edirik.8 Noyabr Zəfər Günümüz mübarək!
Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba RİH Başçısının müavini, İctimai-siyasi Səidə Abasova, Qusar N saylı hərbi hissənin zabiti mayor Rüfət Quliyev, Azərbaycan Qarabağ əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Qusar rayon filialının sədri Canəli Hörmətov çıxış edərək xalqımızı, tədbir iştirakçılarını 8 Noyabr- Zəfər Günü münasibətilə təbrik etmiş, qeyd etmişlər ki, Azərbaycan torpaqları şanlı Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Bayram bayrama qovuşdu. 8 noyabr Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-birilə bölüşdü.
Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə nöqtə qoyuldu.
Daha sonra Azərbaycanın ərazi büyövlüyünün bərpa edilməsində və 44 günlük müharibədə göstərdikləri qəhrəmanlığa görə bir qrup II Qarabağ müharibəsi iştirakçısı və qazilər filialın direktoru tərəfindən təltif edildi.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissədə filialın Tələbə Gənclər Təşkilatının fəallarının hazırladığı təbrik nömrələri ilə yadda qaldı. Səma Asəfovanın, Rəşad Abdullayevin moderatorluğu ilə davsm edən tədbirdə “Şuşanın dağları” rəqsini filialın Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbəsi Leyla Məmmədzadə, “Əsgər marşı” filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I tədris ili tələbələri və Təhsildə sosial psixoloji xidmət ixtisasının III və I tədris ili tələbələri, “ZƏFƏR” kompozisiyasını Cəvahir Qocayeva, Zümrüd Məmmədova, Kamilla Rzayeva, filialın Tarix, pedaqogika və sosial fənlər kafedrasının müəllimi Zəminə Qayıbxanovanın rəhbərliyi ilə Tarix coğrafiya müəllimliyi ixtisasının V tədris ili tələbələri “Qələbə” flaşmobunu ifa etdilər.
Tədbirdə həmçinin Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə “Zəfər günü” kitab sərgisi və ART Klubun hazırladığı tələbələrin Rəsm əsərlərindən ibarət sərgi nümayiş olundu, filial kollektivinin Zəfər gününə həsr etdiyi və Ədəbiyyat dillər kafedrasının müəllimi Nuranə Allahverdiyevanın rəhbərliyi ilə Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının IV tədris ili tələbələrinin hazırladıqları Şəhid Azərbaycan müəllimlərinə həsr edilən videoçarxlar nümayiş etdirildi.
Sonda Şəhid ailələrinə simvolik Zəfər günü açıqçaları və Zəfər günü çələngləri təqdim edildi, xatirə şəkli çəkdirildi.
Bəli, biz qalib xalqıq. BAYRAMIMIZ MÜBARƏK ƏZİZ XALQIMIZ. HAQQINIZI HALAL EDİN ƏZİZ ŞƏHİD VALİDEYNLƏRİ HAQQINIZI HALAL EDİN QAZİ QARDAŞLARIMIZ!
ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK!