13 Yanvar 2022-ci il tarixdə Quba rayon Gənclər və İdman idarəsi yanında Şurada qəbul olunmuş qərara əsasən yaradılmış “İşçi qrupu” ADPU-nun Quba filialında (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı) rəhbər heyətlə görüş keçirilmişdir. “İşçi qrup”un rəhbəri Quba rayon Gənclər və İdman idarəsinin rəis müavini Mənsur Ağayev görüşün məqsədi haqqında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor köməkçisi Mürvət Əliyevə məlumat vermişdir. M.Ağayev bildirmişdir ki, gələcək fəaliyyətdə qarşılıqlı əlaqələrin daha sıx təşkili, birgə lahiyələrin keçirilməsi, tələbə gənclərin dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə olunması əsas prioritet məsələlərdəndir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor köməkçisi Mürvət Əliyev belə görüşlərin keçirilməsinin uğurlu nəticə əldə etmək istiqamətində vacib olduğunu, növbəti lahiyələrin birgə keçirilməsinin mümkünlüyünü və qarşılıqlı əlaqələrin daha da sıx yaradılacağını vurğulamışdır. Görüşdə “Yurd” Gənclərin İntellektual Inkişafına Dəstək ictimai birliyinin (“YURD” Gənclərin İntellektual İnkişafına Dəstək İB) sədri Ramin Mahmudov və Gənclərin Inkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin (Quba Gəncləri) direktoru Aytac Əhmədova da iştirak etmiş, tələbələrin ictimai fəllığının artırılması istiqamətində təkliflərlə çıxış etmişdirlər.