ADPU-nun Quba filialı – “Onlayn Qələbə Marafonu”

Həftənin əvvəlində aldığımız tarixi qələbə sevinci hər bir azərbaycanlı kimi bizləri də hədsiz sevindirmişdir. Hamı qələbə sevincini paylaşırdı.Filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə müxtəlif onlayn tədbirlərə start verildi. İllərlə öz şagird və tələbələrinə Qarabağ və digər işğal olunmuş rayonların işğal tarixini öyrədən tarix müəllimləri isə şübhəsiz ki, hamıdan daha çox sevinirdi. Onlar artıq, 44 günlük zəfər tarixindən danışacaqdılar…

Filialımızın Pedaqoji və ictimai fənlər kafedrasının qabaqcıl tarix müəllimi Mürvət Əliyev də bu sevincini elə gələcəyin tarix müəllimlərinin yetişdiyi TCM ixtisasının 417-ci qrupu ilə bölüşdü. Filialın Tələbə Elmi Cəmiyyətinin sədr müavini Azər Zahirovun da iştirak etdiyi, cədvəl üzrə Microsoft TEAMS platforması üzərindən bir saat keçirilməli dərsə “30 illik həsrətə son” başlığı ilə daha iki saat əlavə olundu və bu müddət ərzində müəllim qələbəyə dair, haqlı mübarizəyə, Ali Baş Komandan İlham Əliyevin yorulmaz və uğurlu əməli- siyasi fəaliyyətinə dair öz fikirlərini tələbələr ilə bölüşdü, ardınca isə hər bir tələbəyə öz fikirlərini, qələbə sevincini paylaşmağa şərait yaradıldı. Hər kəs öz müstəvisindən qələbəni şərh edir, hamı xalqımızın bu zəfərini bayram edirdi.

Beləcə, həftə ərzində başladılmış bu marafon, filialımızın digər qruplarında da müəllim kollektivi tərəfindən davam etdirilmişdir:

Bu fəaliyyətdə daha çox fərqlənmiş qrupları təqdim edirik.

Filialın “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasında, “Tarix coğrafiya müəllimliyi” ixtisasında, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında və Təhsildə sosial psixoloji xidmət” ixtisaslarında professor Ramazan Qafarlı, baş müəllim Vüqar Teymurxanlı, Məlahət Babayeva, Zəminə Qayıbxanova, Günay Qəribova, Kamil Adıgözəlov da bu marafona qoşuldu, tarixi qələbəni, tarixi anı birgə böyük qürur hissi ilə bölüşdülər.

Müstəqil və bütöv Azərbaycan, qələbən mübarək

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir