A. Şaiqin 140 illik yubileyi münasibətlə “ARAZDAN TURANA” mövzusunda onlayn konfrans keçirildi

Bu gün ADPU Quba filialının texniki dəstəyi ilə görkəmli ədib, maarifpərvər, şair Abdulla Şaiqin anadan olmasının 140 illik yubileyi münasibətlə “Arazdan Turana” mövzusunda onlayn konfrans keçirilib. Zoom platforması üzərindən təşkil olunan konfransda filialın direktoru Yusif Alıyev, Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayeva, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyin sədri, Xalq yazıçısı Anar Rzayev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katib köməkçisi Bilal Çakıcı, Azərbaycanın əməkdar artisti Azad Şükürov, professor Fərrux Rüstəmov, tənqidçi, ədəbiyyatşünas Cavanşir Yusifli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, nasir, publisist, şair Əkbər Qoşalı, Türk Ocaqlarının İstanbul mərkəzinin başqanı Cezmi Bayram, Azərbaycan Türk ocaqlarının rəhbəri Akif Aşırlı, doktor Təranə Rəhimli, Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, Abdulla Şaiq mənzil muzeyinin direktoru Ülkər Talıbzadə, Əhməd Cavadın, Əli bəy Hüseynzadənin ailə üzvləri və digərləri iştirak ediblər.

Millət vəkili Qənirə Paşayeva tədbiri açıq elan edib və konfransın bu cür adlanmasının təsadüfi olmadığını bildirib. Qeyd edib ki, bu, həm Çanaqqala şəhidlərinin əziz xatirəsinə ithaf olunub, həm də Abdulla Şaiq yaradıcılığındakı milli türklük ideyalarını təbliğ edir. Deputat çıxışında Abdulla Şaiqin Əhməd Cavadla birgə Türk Ocaqlarının Azərbaycan bölməsini yaratması, maarifçiliyin, milli mənlik şüurunun təbliğçisi, Türk birliyi ideyasına bağlı şəxs olduğunu qeyd edib. Həmçinin Abdulla Şaiqin ev muzeyinin ciddi təmirə ehtiyacı olduğu, bu məsələnin yaxın gələcəkdə həllini tapacağına inam ifadə olunub. Q. Paşayeva konfransın təşkilində zəhməti keçən bütün qurumlara təşəkkür edib və məruzəçilərə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov konfransa dəstək verən bütün qurumlara təşəkkürünü bildirib. Qeyd edib ki, A. Şaiq XX əsr Azərbaycan romantizminin ünlü nümayəndələri arasında özünəməxssus yerə malikdir. Onun yaradıcılığı janrca zəngin, məzmunca dolğunluğu ilə seçilir. Şairin yaradıcılığa “Layla” uşaq şeiri ilə başlaması və uşaq ədəbiyyatına daim sadiq qalması vurğulanıb. Pedaqoji fəaliyyyəti, pedaqoq kimi ölkə ictimaiyyəti arasında nüfuz qazanması, milli uşaq ədəbiyyatı əlifbasının hazırlanması, milli uşaq dramaturgiyasının əsasını qoyulması məsələlərinə toxunulub.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-Prezidenti, millət vəkili İsa Həbibbəyli konrans iştirakçılarını təbrik edib və məruzəsinə “Abdulla Şaiq kimdir?” ədəbi sualı ilə başlayıb. Qeyd edib ki, şairin ilk tərcümələrini çıxsaq, başlanğıc təcrübələri klassik poeziya üçün yazılmış qəzəllərdən ibarədir. O, Abdulla Şaiqlə Hüseyn Cavid, Əli bəy Hüseynzadənin romantizmini müqayisə edib. Bildirib ki, A Şaiq nəsr əsərlərində realist, şeirlərində isə romantik olub. A.aŞaiqi romantizm ağırlıqlı realist yazıçı adlandırıb. Sonradan həm Ədəbiyyat, həm də həyatda maarifçi realizm yolunu tutması vurğulanıb. Onun tərəfindən ilk ədəbiyyat nəzəriyyəsi dərsliyinin hazırlanması qeyd edilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev A.Şaiqi xoşbəxt sənətkar adlandırıb. Onun şeirlərindən misralar səsləndirib və yaddaqalan obrazlarını xatırladıb. Müstəqillik dövründə hər kəsin Abdulla Şaiqi yenidən tanıması, Sovet hökümətinin Azərbaycan ədəbiyatına qarşı haqsızlıqları məsələsinə toxunub. Bildirib ki, H. Cavidin sürgündən qayıtması barədə şayiə yayıldıqda A.Şaiqin onu qarşılamaq üçün vağzala getməsi faktı şairin dostluğa sədaqəti və saflığının göstəricisidir. Şaiq muzeyinin bütün ehtiyaclarının təmin olunmasının zəruriliyi vurğulanıb.

Tədbirin davamı olaraq Beynəlxalq Türk Akademiyasının Prezidenti akademik Darhan Kaydralı Qazaxıstanın paytaxtından salamlarını çatdırıb. Azərbaycan ədəbiyyatının zənginliyini, bu barədə danışmağın böyük məsuliyyət tələb etməsini dilə gətirib. Bildirib ki, A.Şaiq Azərbaycan ədiblərinin türklçülük ideologiyasının formalaşamasında zəruri rol oynayıb. Şairin milli ideologiyanın uşaq ədəbiyyatı ilə başladığını anlaması, uşaqların doğma türkcədə təhsil alması üçün ömrünü fəda etməsi məsələlərinə toxunulub.

Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Abdulla Şaiqi Krılovla müqayisə edib. Onun uşaq ədəbiyyatının banilərindən olmaqla yanaşı, ciddi maaridçi hesab edildiyini vurğulayıb. Şairin tərcüməçi fəaliyyəti, xalq ədəbiyyatının, milli folklorun toplanmasında rolu,  Türk Ocaqlarının yaradılması vurğulanıb. Həmçinin qeyd edilib ki, Abdula Şaiqin qardaşı Yusif Ziya Talıbzadə Osmanlı ordusunun generalı olub və Qızıl Orduya qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı bildirib ki, qurum bu günə qədər bir sıra dahilərin xatirəsinə tədbirlər həsr edib. Nizami Gəncəvinin, Mikayıl Abdullayevin ruhuna ithafən tədbirlərə imza atılıb. Növbəti belə tədbirərin A. Şaiqə həsr eidləcəyi, onun Türk kültürünə xidmətinin əsas götürüləcəyi vurğulanıb.

Abdulla Şaiqin mənzil muzeyinin direktoru Ülkər Talıbzadə konfrans iştirakçılarına təşəkkürünü bildirib. Tədbiri məhz Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Türk dünyasında tanıdılmasına həsr olunmuş konfrans adlandırıb. Daha sonra mənzil muzeyi barədə qısa informasiya verib. Onun əməyi nəticəsində fəaliyyətə başlayan təhsil ocaqlarından söz açıb. Bildirib ki, Muzeyi A. Şaiq irsinin təbliğatçısı akademik Kamal Təlıbzadə yaradıb. Şair bu evdə 40 ildən artıq yaşayıb. Muzeyin yaradılması, eksponatların toplanması, tarixi, hazırkı fəaliyyətinə toxunub. Bildirib ki, muzeydə 9 mindən artıq dəyərli eksponatları olan fond mövcuddur.

Regional Hüquqi və İctimai Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova ədibin seçilmiş əsərlərinin çapına qərar verildiyini bildirib və bütün əlaqədar qurumları layihəyə mənəvi dəstək olmağa çağırıb.

Türk Ocaqları İstanbul Şöbəsinin rəhbəri Cezmi Bayram çıxışına Vətən Müharibəsi şəhidlərinə rəhmət diləməklə başlayıb və Xəlil Fikrətin fikirləri ilə davam edib. Gələcəkdə bütün Türk dünyasında Abdulla Şaiq yaradıcılığına marağın daha da artacağına inam ifadə edilib. Şairin seçilmiş əsərlərinin çapından sonra onun Türkiyə türkcəsinə tərcümə olunacağını bildirib.

Azərbaycan Türk Ocaqlarının rəhbəri Aif Aşırlı arxiv araşdırmalarından bəhs edib. Qeyd edib ki, 1918-ci il sentyabrın 24-də Bakıda açılan ilk qeyri-hökumət təşkilatı Azərbayycan Türk Ocağı olub. Həmçinin İstanbul Türk Ocaqları və Azərbaycan Türk Ocaqlarının da birgə belə bir konfrans keçirəcəyini deyib. A. Aşırlı təklif edib ki, A. Şaiqin qardaşı Axund Yusif Ziya Talıbzadə barədə də davamlı məlumat verilsin. Çünki milliyətçi, türkçü düşüncəsi ilə Ənvər Paşanın yanında ömürünün sonuna qədər xidmət göstərən Axund Yusif Ziya Talıbzadənin həyatının sənədləşdirilməsinə ciddi ehtiyac var.

ADPU Quba filialının direktoru Yusif Alıyev konfransın böyük şairin irsinin öyrənilməsi baxımından vacibliyini vurulayıb. Direktor bildirib ki, onun şeirlərində insana, vətənə sevgi əsas xəttdir. Y. Alıyev sonda konfrans iştirakçılarına təşəkkür edib və uğurlar arzulayıb.

Daha sonra doktor Cavanşir Yusiflinin məruzəsi dinlənilib. Tədqiqatçı məruzəyə Firudin bəy Köçərlinin sözləri ilə başlayıb. Bildirib ki, onun hər əsəri ayrıca araşdırılmağa layiqdir və heç biri folklordan ayrı deyil.

Tədbir “Abdulla Şaiq və türkçülük” mövzusuzda dos. Doktor Təranə Rəhimlinin məruzəsi ilə davam edib. Məruzədə şairin Türk birliyi ideoloji məfkurəsinə sonsuz sədaqəti ifadə edilib, milli türklük məfkurəsi ilə yazılan şeirlərini səsləndirib. A. Şaiqin türkçülüyü ifadə edən şeirləri Mehmet Akifin “İstiqlal marşı” ilə müqayisə olunub. “Neyçin belə gecikdin?” şeiri xüsusilə vurğulanıb. Bildirilib ki, şeir çətin gündə qardaşın qardaşa ərki mövzusunda yazılıb.

Konfransın davamı olaraq Azərbaycanın əməkdar artisti Azad Şükürovun təqdimatında “Arazdan Turana” şeirini səsləndirib.

Növbəti məruzə doktor Arzu Hacıyevanın “Abdulla Şaiqin ədəbiyyatşünas kimliyi” barədə məruzəsinə həsr olunub. Məruzədə şairin nəzəriyyə istiqamətində çap etdirdiyi əsərləri barədə məlumat verilib.

Ardıcıl olaraq  “Abdulla Şaiq və teatr” mövzusunda  Minaxanım Əsədli, “Abdulla Şaiqin uşaq yaradıcılığı” mövzusunda Aygün Bağırlı, “Abdulla Şaiqin pedaqoji fəaliyyəti” haqqında isə professor Fərrux Rüstəmov məruzələrini səsləndiriblər.

Sonda millət vəkili Qənirə Paşayeva və Abdulla Şaiq mənzil muzeyinin direktoru Ülkər Talıbzadə konfrans iştirakçı və təşkilatçılarına təşəkkür ediblər. Gənclərin A. Şaiq irsini daha yaxşı bilməsi üçün onların mənzil muzyinə daha çox gəlmələrinin zəruriliyi vurğulanıb. A. Şaiq irsinin, pedaqoji fəaliyyətinin dərindən öyrənilməsi sitiqamtində görüləcək işlə sadalanıb və konfrans bağlı elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir