28 May – Respublika Günü ilə əlaqədar dosent Yusif Alıyevin təbriki

Əziz həmvətənlər, hörmətli kollektiv üzvləri, dəyərli tələbələr.
Bu gün möhtəşəm gündür, müstəqil Azərbaycanın tarixi zəmini olan Şərqdə ilk Respublikanın – Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 103-cü ildönümüdür.

Azərbaycan Cumhuriyyəti İslam aləmində, Şərqdə yaranan ilk Respublikadır.  Respublikanın yaranması səbəblərindən biri də başqa yönətimdən sıxılmış Azərbaycan türkünün mənəviyyatca azadlığa daha yaxın, daha seçkin olması  idi. Ədəbiyyatımıza  Nizamilər, Xaqanilər, Məhsətilər və bu kimi töhfələr bəxş edən , müxtəlif tarixi abidələrin, qəhrəmanlıqların beşiyi olan Azərbaycan diyarı  öz qoynunda müstəqillik eşqi ilə kükrəyib-coşan oğul və qızlar yetişdirirdi. Bu insanların əsas arzusu Azərbaycanın oyanışı və bu oyanışın ekonomik və ümumi inkişafı ilə əlaqədar idi. Bütün xalq, xüsusilə də ziyalı təbəqə artıq çox gözəl anlayırdı ki, yeganə qurtuluş ancaq Azərbaycanın müstəqilliyində, onun dirçəlişindədir. Artıq ziyalı təbəqə dünyanın gözü önündə hüququnu, insanlığını, xalq olaraq kimliyini itirməmək üçün müstəqilliyin, inkişafın labüdlüyünü dərk edirdi.
Və bu arzunu gerçəkləşdirdilər. 28 may 1918-ci il tarixində AXC elan edildi.

Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Bu gün bu nümunə, bu güc müstəqil Azərbaycan üçün zəmin yaratdı.
Şərqdə ilkə imza ataraq respublika yaradan şəxsiyyətlərin davamçıları olan igidlər 44 günlük mübarizənin nəticəsi olan tarixi qələbəyə imza atdılar.

Qürur duyulası dövlətimiz var, tariximizə hörmət və etimad bəsləyən, gələcəyimizi düşünərək adımızı dünyaya tanıtdıran layiqli, Ali Baş Komandanımız – cənab Prezidentimiz İlham Əliyev kimi liderimiz var, cəsur və milli kimliyini, bayrağını, torpağını qoruyan qəhrəmanlarımız var.

Bu səbəbdən də biz də filial kollektivi olaraq bu ənənənəyə, bu müasirliyə layiq olmağa çalışırıq. “Şuşa, biz qayıtdıq” adlı konfransın ənənəyə çevrilməsi, filialın innovativ ideyaların əhatəsindən gündən günə inkişaf etməsi də buna əyani sübutdur.
Biz tariximizə layiq olmalı, bu günümüzə töhfə verməli, gələcəyimizi qorumalıyıq.
Bayramımız mübarək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir